Ermənistanda müxalifət vətəndaş itaətsizliyinə başlayıb -saxlananlar var

Artıq Yerevanda müxalifət səhər 8:30-dan itaətsizlik aksiyasına başlayıb. Şəhərin mərkəzində onlarla küçənin bağlandığı xəbər verilir.

Polis Xorenatsi küçəsini bağlamağa çalışan vətəndaşları saxlayır, küçəni açmağa çalışır.

Bəzi küçələrə girişi qapadan nümayişçilər bunun üçün zibil qablarından, oturacaqlardan istifadə edirlər. Fransa meydanının dörd tərəfdən bağlandığı xəbər verilir.

“Ayastan” blokunun üzvü, parlamentin vitse-spikeri İşxan Saqateylan Azatutyun radiosuna deyib ki, gecə toqquşmalar olmayıb. Yağış yağmasına baxmayaraq, vətəndaşlar Fransa meydanında gecələyiblər.

***

Mayın 2-dən Ermənistanda müxalifət vətəndaş itaətsizliyi aksiyasına başlayır.

AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir ki, paytaxt Yerevanda səhərdən bir çox küçələr və avtomagistrallar bağlanmalıdır. Bunu dünən Yerevandan Fransa meydanında mitinqdə parlamentin müxalifətdən olan vitse-spikeri, “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqateylan bildirib.

Saqatelyan qeyd edib ki, özəlliklə Yerevanın mərkəzindəki Kentron ərazisində avtomobillər hərəkət etməməlidir.

Meydanda gecələyiblər

Hakimiyyətin istefasını tələb edən müxalifət bir həftəydi əhalini məlumatlandırma aksiyası keçirirdi. Fransa meydanında mitinqdən sonra isə müxalifəti bəzi tərəfdarları çadır quraraq orada gecələyib.

“Bu bir neçə günü biz əziyyət çəkəcək, məhrumiyyətlərə qatılacaq, düşüb qalxacaq, polis bölmələrinə aparılacağıq. Ancaq bu çox çəkməyəcək. Bundan sonra Ermənistanda həmrəylik, ədalət, azadlıq və birlik olacaq”, – Saqatelyan vurğulayıb.

Minlərlə müxalifət tərəfdarının qatıldığı aksiyada “Qarabağ” plakatları qaldırılıb.

Saqatelyan deyib ki, Qarabağın Azərbaycan daxilində hər hansı siyasi statusu onlar üçün qəbuledilməzdir.

Qarabağ bəyanatından sonra…

Müxalifətin küçə etirazları iki həftə öncə Baş nazir Nikol Paşinyanın Qarabağ bəyanatından sonra başlanıb. Paşinyan deyib ki, beynəlxalq ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağın statusu məsələsində gözləntilərini aşağı salmağını istəyir.

Ermənistan müxalifəti indiki hakimiyyətin Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək istədiyini bildirir. Ona görə də onlar Paşinyanın ictimai təzyiq yoluyla hakimiyyətdən devrilməsinin tələb edirlər.

“Ayastan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Koçaryan da dünənki mitinqə qoşulsa da tribunada çıxış etməyib.

Aprelin 30-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti “ölkədə real kütləvi iğtişaş təhdidi” ilə bağlı xəbərdarlıq səsləndirib.

Beş prinsip

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ikitərəfli sülh sazişinin hazırlanmasına başlamağa və sərhədlərin delimitasiyasə üzrə birgə komissiya yaratmağa razılaşıb.

Bakı sülh sazişi üçün beş prinsip, o cümlədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını irəli sürüb. Paşinyanın bu elementlərin Yerevan üçün əsasən qəbuledilən olduğunu deməsi müxalifəti qızışdırıb. Onlar baş naziri Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olmaqda suçlayırlar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Atəşkəsin monitorinqi üçün regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

Azadlıq radiosu