Deputat Elşad Abdullayevin ittihamlarına cavab verdi

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin mətbuata ünvanladığı növbəti müraciətdə onunla bağlı məqama münasibət bildirib.

Xatırladaq ki, keçmiş rektor “Azadlıq” qəzetinə göndərdiyi müraciətdə bildirib ki, qardaşı, MTN-in zabiti Mahir Abdullayevin oğurlanmasını YAP-ın vasitəsi ilə də həll etmək istəyib və bu məqsədlə Siyavuş Novruzovla görüşüb. Novruzov ona milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olduğunu, Mahirin məsələsini onunla həll edəcəyini deyib.

S.Novruzov isə bu gün bəzi saytlara verdiyi açıqlamada bunun yalan olduğunu bildirib. Onun sözlərinə görə, E.Abdullayevlə aralarında belə bir söhbət olmayıb. Deputat keçmiş rektorun müraciətində yazılanları “növbəti yalan”, “şər-böhtan” adlandırıb.

Ümumiyyətlə E.Abdullayevlə görüşüb-görüşmədiyi haqda suala isə S.Novruzov belə cavab verib: “Mənə hər gün seçildiyim dairədən və digər müxtəlif yerlərdən yüzlərlə müraciətlər olunur. Bu müraciətlər ayrı-ayrı nazirliklər, komitələr, icra nümayəndəlikləri, hüquq-mühafizə orqanları və sairə məsələlərlə bağlı olur. Çalışıram ki, maksimum dərəcədə onların problemləri həll olunsun. Lakin Elşad Abdullayevin qardaşının axtarıb-tapılması və sairə bu kimi məsələ mənimlə heç zaman müzakirə edilməyib. Ola bilər ki, Elşad Abdullayevlə YAP-nin Binəqədi və digər rayon təşkilatlarında keçirilən görüşlərdə görüşümüz olsun. Yaxud da mən Abdullayevlə Bakı Dövlət Unversitetində rastlaşa bilərdim. Amma digər hallarda mənim Elşad Abdullayevlə hər hansı münasibətim və ya əlaqəm olmayıb”.