Parlamentdə yaradıcı təşkilatlar topa tutuldu

«Mədəniyyət haqqında» qanun Gövhər Baxşəliyeva ilə Siyavuş Novruzov arasında mübahisəyə səbəb oldu  

Parlamentin dünənki iclasında YAP-çı deputat Siyavuş Novruzovla həmkarı Gövhər Baxşəliyeva arasında söz atışması olub. “Mədəniyyət haqqında” qanunun müzakirəsi zamanı Siyavuş Novruzov Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatları sərt tənqid edib. Ölkədəki yaradıcı təşkilatların 1960-cı ildəki mühiti xatırlatdığını deyən YAP-çı deputat əlavə edib ki, bu qurumlarda ciddi islahatlara ehtiyac var:
“Milli Elmlər Akademiyası da daxil olmaqla bütün təşkilatları nəzərdə tutaraq deyə bilərəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, bu cür dövlət qurumları olsun. Məgər Cek London yaradıcılıq ittifaqının üzvü olub”.
O, yaradıcı təşkilatların hər hansı nailiyyətlərinin olmadığını deyib: “Onlar hansı nailiyyətlər əldə ediblər? Son dövrdə dünyaya çıxacaq hansı nailiyyətləri var?  Hesabat olmalıdır, biz bilməliyik ki, bu pullar hara xərclənir. Ortada nə var? Bununla bağlı dövlət pul ayırır. Elmin bu səviyyədə olması ciddi problemlər yaradır. Bu adamlar millətin kökünü belə, tapa bilmirlər. Biri deyir türkdü, biri deyir farsdır. Bunu ortaya çıxartmaq lazımdır”.
Gövhər Baxşəliyeva isə həmkarının bu fikirlərinə irad tutaraq onu diletant və naşı adlandırıb: “Milli Elmlər Akademiyasında verilən cüzi maaş müqabilində yaradıcı adamlar son dərəcə əhəmiyyətli işlər görürlər. Məhz akademiyanın institutlarının gördüyü işlər nəticəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında ciddi və sanballı hesabatlar ortadadır. Onların yazdığı yazılar nəticəsində Azərbaycan tarixi barədə müəyyən təsəvvürlər yaranıbdır.
Tarix barəsində diletant fikirlərin səsləndirilməsi çox yersizdir. Xəbərləri olmamaq o demək deyil ki, vəziyyət pisdir. Apardığımız elmi araşdırmalar bəzi partiya funksionerlərindən daha çox fayda verir”.
Gövhər Baxşəliyevanın bu iradı Siyavuş Novruzovu lap hövsələdən o çıxarıb və o, xanım deputata sərt cavab verib:
“Heydər Əliyevin çörəyini yeyənlər atalı, balalı, analı qaçıb gizlənəndə YAP-ı yaradanlar əziyyət çəkiblər. O vaxt Gövhər Baxşəliyeva yəqin ki, Ziya Bünyadovun yanında kiçik elmi işçi olub. Bu gün YAP-ın yaradılmasına əziyyət çəkən Abel Məhərrəmovun əsərləri Nobel mükafatına təqdim olunub. Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq Institutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq. Biz soruşuruq ki, Ziya Bünyadovdan sonra Şərqşünaslıq Institutu kimi yetişdirib.
Deyirlər ki, bizim hesabatlarımızı oxumurlar. Atropatena, Albaniya ilə bağlı internetdə yazılar var, sizin hansı əsərlər yazılaraq Azərbaycan cəmiyyətinə təqdim olunub? Kimsə Firdovsi barədə yazır, bunu təqdim edir. Mən istənilən adamı dəvət edirəm, öz sahəsində nə yazıb, ortaya qoysun. Heç kim fikirləşməməlidir ki, bu institut ona tapşırılıb. Sabah başqası ola bilər.
Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir. Elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən üç ali təhsil almışam, kim deyir ki, savadsızam. Naşılıq deyirlər. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyub? Bu məsələləri müzakirə etmək lazımdır”.