Mafiyanın idarə etdiyi sistem

İctimai fəal Bəxtiyar Hacıyev

❗️ Mənə qarşı törədilmiş cinayətə minlərlə sadə vətəndaşın, ziyalıların, fəalların, jurnalistlərin, partiya və hərəkatların ciddi mənəvi dəstəyi oldu.

Amma elə insanlar da oldu ki, şəxsən tanıdığım halda, ilin 365 günü, günün 24 saatı onlara ən kiçik haqsızlıq olanda yanlarında durduğum və durmağa hazır olduğum halda, cinayətdən 6 gün keçməsinə baxmayaraq səssizliyi seçdilər.

Səbəbi, bəhanəsi nə olmasından asılı olmayaraq bu hal məni məyus etdi. Kimsə işdə müdirindən “niyə yazmısan?” eşitməmək üçün, kimsə hansısa bələdiyyədə işləyən uzaq qohumuna söz gəlməməsi üçün, kimsə başqa şəxsi səbəblərdən, kimsə polisin zəng edərək “niyə yazmısan?” soruşmasından ehtiyatlanaraq, kimsə hakimiyyətin paketini riskə atmamaq üçün, kimsə “övladının gələcəyini düşündüyü” üçün, kimsə başqa bəhanələrlə susdu.

Ancaq bu şəxslər düşündülərmi ki, bir zamanlar polis bir vətəndaşa qapaz vuranda insanlar şoka düşürdü, sonra adiləşdi. Sonra dəyənəklə vurmaq adiləşdi, sonra inzibati qaydada həbslər adiləşdi, sonra şərlənərək cinayət işi açılması, polis bölməsində ölümlər adiləşdi, sonra adam oğurlayaraq ölümlə təhdid etmək, təhqir etmək adiləşəcək. O zaman sizin övladınıza qarşı belə cinayətlərin törədiləcəyindən heç narahat deyilsinizmi? Necə olur ki, “moped sürücüsünə şapalaq vuran məmurun olduğu ölkədə övladımı böyütmək istəmirəm” deyib, övladınızın gələcəkdə təhsilli, azad, fəal biri olacağı təqdirdə başına torba keçirilib oğurlanmasından, təhdid və təhqir edilməsindən narahat deyilsiniz? Yoxsa, övladınızı gələcəkdə hər şeydən qorxaraq “başını aşağı salıb işləyən” biri kimi böyüdəcəyinizdən əminsiniz?

Yoxsa, düşünürsünüz ki, bu hallar sizə qarşı deyil deyə susmaq lazımdır? Axı, işdə müdirin nə isə deyəcəyi, qohumun işdən çıxarılacağı, polisin izahata dəvət edəcəyi qorxusu ilə öz ölkəndə rahat yaşaya bilməmək, qorxaraq, əzilərək yaşamaq mənə qarşı edilmiş təhqiramiz hərəkətlərdən daha yaxşıdır? Düşünmürsünüzmü ki, əslində mənə qarşı törədilən cinayət və sizin qorxu altında, çəkinərək, ehtiyatlanaraq, “yaşayıram” deyib, əslində mövcud olmaq özü bir təhqir deyil? Böyük miqyaslı bir cinayətə reaksiya verə bilməyəcək qədər azad olmamaq sizi heçmi narahat etmir? Nəinki Azərbaycanda, illərlə ABŞ, Kanada, Avropa ölkələrində yaşamağınıza baxmayaraq, bir cinayətə açıq reaksiya verə bilməyəcək qədər nələrdənsə asılı olmağınız sizi narahat etmirmi?

Açıq deyim, dəfələrlə təzyiqlərdən, təhdidlərdən boğaza yığılıb ölkədən getmək, başqa ölkələrdə rahat həyat yaşamaq barədə fikirləşəndə ağlıma ilk gələn maneə “bunu etsəm, cəmiyyətdə, insanlarda ümidsizliyin yaranmasına, dərinləşməsinə təkan verə bilər, buna mənəvi haqqım yoxdur” düşünmüşəm. Ancaq indi şəxsən tanıdığım, hər zaman yanında olduğum bir çox insanın səssizliyi məndə o ümidsizliyə təkan verir.

Heç vaxt indi içində olduğumuz duruma görə cəmiyyəti qınamağın tərəfdarı olmamışam. Hər zaman düşünmüşəm ki, indiki vəziyyət hakimiyyətin repressiyalarının, cinayətlərinin və qanunsuz davranışının nəticəsidir, insanları qınamaq olmaz. Amma indi düşünməyə başlamışam ki, elə hakimiyyətin də belə qəddar olmasına qapıları taybatay açan cəmiyyətin, insanların, xüsusilə təhsilli, dünyanı görmüş, kitab oxumuş insanların səssizliyi, qorxusudur.

Məhz sizlərin belə böyük hadisələrə kiçik reaksiya verməyəcək qədər hakimiyyətin yaratdığı, özünüzün böyütdüyünüz qorxularınız bir dəstə məmurun on milyon insanın 30 ildir haqqını yeməsinə, onları əzməsinə ruhlandırır. Ya qorxuları kənara ataraq birləşib bu qorxuları rədd edəcəyik, #hamıüçünədalət tələb edəcəyik və hüquqi, ədalətli dövlətin qurulduğu bir ölkədə adam kimi yaşayacağıq, ya da qorxa-qorxa mövcudiyyətimizi davam etdirib, özümüz kimi qorxaq övladlar yetişdirərək mafiyanın idarə etdiyi bir sistemdə qullara çevirəcəyik.

Əmin olun ki, bu gün mənə qarşı törədilmiş cinayətin açılması, ədalətin yerini tapmasını tələb etməsəniz, bu hallar adiləşəcək və bir gün sizin özünüzün, yaxınlarınızın, övladlarınızın qarşısına başqa-başqa formalarda çıxacaq.

Vaxtınız olanda eyvana çıxın, hər şeyi söndürün, tək qalın, bir düşünün.