Putin “prinsipcə” razıdır
Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada səfərdə olan BMT baş katibi Antonio Quterreşə deyib ki, o, Ukraynadakı münaqişəyə danışıqlarla son qoymağın mümkünlüyünə hələ də ümid edir: “Hərbi əməliyyatın davam etməsinə baxmayaraq, biz hələ də ümid edirik ki, diplomatik cığırda razılaşmalara nail ola biləcəyik”. Putin habelə Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan dinc sakinlərin evakuasiyasında BMT və Qırmızı Xaçın iştirakına “prinsipcə” razılıq verib.
BMT-dən çağırış
BMT-nin Baş katibi Antonio Quterreş bir daha Ukraynada atəşkəsə çağırıb, Rusiyanın qonşusuna qarşı müharibəsinin dünyada ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı xəbərdarlıq edib. “Effektiv dialoq, atəşkəs, dinc həll üçün mümkün qədər tez şərait yaratmağın yollarının tapılmasında həddən artıq maraqlıyıq”, – Quterres aprelin 26-da Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşün əvvəlində deyib.
Lavrov nüvə silahından və Üçüncü Dünya müharibəsindən danışır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət telekanalına müsahibəsində deyib ki, hazırda nüvə müharibəsi təhlükəsi xeyli çoxdur və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz. Rusiya XİN-in başçısı bildirib ki, Qərb ölkələri Ukraynanı silahla təchiz etməklə əslində Rusiyaya qarşı proksi-müharibə aparırlar.
Blinken: “Rusiya Ukraynada iflasa uğrayır, Ukrayna isə uğur qazanır”
ABŞ rəsmisi deyib ki, Birləşmiş Ştatlar son uğuru görənədək Ukraynaya dəstəyi davam etdirəcək.
Azadlıq radiosu