“Cəbhəçisən?” – işdən çıxmalısan!

«Azərsu» siyasi quruma çevrilməkdədir…

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Hacıqabul şöbəsinin fəalı Əlifağa Ağayev siyasi mənsubiyyətinə görə işdən uzaqlaşdırıldığını bildirir.
Cəbhəçinin “Azadlıq”a verdiyi məlumata görə, o, uzun illərdir ki, “Azərsu” ASC-nin Muğan qəsəbəsi üzrə nəzarətçisi işləyib. Çalışdığı qurumda may ayında rəhbərlik dəyişib. Idarədə əvvəlki rəhbərliyin dövründən qalan müdir müavini Mikayıl Mikayılov yeni rəhbərin gəlişindən istifadə edərək, onunla “haqq-hesab” kəsmək üçün siyasi qərəzçilik edib. Mikayılov yeni rəhbərliyi inandıra bilib ki, Əlifağa Ağayev cəbhəçi ola-ola bu idarədə işləməsi rəhbərliyin özü üçün də mənfi haldır.
Beləliklə, heç bir ciddi əsas gətirilmədən Əlifağa Ağayev işindən kənarlaşdırılıb. Maraqlı burasındadır ki, onun işdən çıxarıldığı barədə qərar olsa da, rəhbərlik bunu gizlədərək, cəbhəçini 40 günə qədər işlədib.
Əlifağa Ağayev bildirir ki, işlədiyi müddətdə heç vaxt ona  vəzifəsinin öhdəsindən gəlmədiyinə görə irad bildirilməyib, tənqid olunmayıb. Bütün bunları nəzərə alaraq, işdən çıxarılmasını siyasi qərəzin nəticəsi sayır.
Əlifağa Ağayev onu da əlavə edib ki, əmək hüququnun bərpası üçün yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.