Azərbaycan neftindən oğurluq hesabına ABŞ-da cənnət quranlar

Yeni fəaliyyətə başlayan jurnalistsən və maraqlı araşdırmalar etmək istəyirsən?

ABŞ-ın müxtəlif ştat hökumətləri öz ərazisində olan bütün əmlakların (ev, mənzil, obyekt) reyestr məlumatlarını ictimaiyət üçün açıq saxlayır. Burada siz əmlakla bağlı bütün detalları, o cümlədən nə vaxt, kim tərəfindən, neçəyə alındığından tutmuş, bağlanmış alqı-satqı müqaviləsinin orijinalına kimi hər şeyi görə bilirsiz.

Yadınızdadırsa, təxminən 2 ay əvvəl, mütəşəkkil cinayətkarlıq və korrupsiya mövzularını araşdıran beynəlxalq təşkilat ölkəmizlə bağlı daha bir korrupsiya qalmaqalı haqqında araşdırma təqdim etmişdi. Araşdırmaya əsasən, təqribən 28 milyard dollar investisiya hesabına başa gəlmiş “Şahdəniz – 2” layihəsinin işlənməsi prosesində, həmin investisiya layihəsindən təkcə SOCAR-ın rəhbərliyinə yaxın olan iki podratçı şirkət vasitəsilə təqribən 1,7 milyard dollara yaxın vəsait mənimsənildiyi göstərilirdi və təşkilat sənədlərlə əsaslandırırdı ki, hətta BP şirkətinin də bu prosesdən xəbəri olub, amma buna göz yumub.

Məqalədə sənədlərə əsasən o da göstərilirdi ki, müxtəlif maxinasiyalar vasitəsilə mənimsənilən həmin pullar hesabına, məsələn, həmin şirkətlərdən birinin (Bos Shelf) rəhbəri olan İxtiyar Axundov öz həyat yoldaşı ilə birlikdə təkcə Mayamidə dəyəri 10 milyon dollardan artıq olan bir neçə lüks əmlaklar alıb (bunlardan ikisi Mayaminin ən bahalı əmlaklarından sayılan Setai Miami Beach Resort & Residences kompleksindəki iki fərqli mənzillərdir). Həm də ipotekasız filansız, yəni nəğd pulla alıb. Maraqlıdır ki, dövlət qurumu olan Socar’ın da əsas pay sahibi olduğu bu şirkətin direktoru özünə Mayamidə 10 milyonluq lüks mənzillər alması ilə eyni vaxtda, həmin şirkətin yüzlərlə işçisi tətillər elan edib, aylarla etirazlar edirmiş, ən sonda şirkətin həmin bu rəhbəri ilə bağlı hətta prezidentə müraciət də etmişdilər ki, yüzlərlə işçinin maaşları əsassız olaraq ödənilmir və ya kəsilir, İxtiyar Axundov bütün əsas vəzifələrə öz qohum və tanışlarını təyin edib və bu şirkəti öz şəxsi əmlakı kimi idarə edir, şirkətdə böyük maxinasiyalar və mənimsəmələrlə məşğuldur və sair. Amma haqqı tapdalanan işçilərin xəbəri yoxmuş ki, elə həmin vaxt direktor özünə ABŞ-da milyonluq ev və mənzillər alırmış. Təbii ki, o etiraz və şikayətlərin heç bir nəticəsi olmamışdı.

Jurnalistlərin həmin məqalədə qeyd etdiyi əmlaklar barədə bütün məlumatları, o cümlədən İxtiyar Axundovun imzaladığı alqı-satqı sənədlərini istənilən adam 10 dəqiqə ərzində çox rahatlıqla əldə edə bilər. Məsələn, ən son əlavə olunmuş sənədlərdən görünür ki, təkcə bu üç əmlakın 2021-ci il əmlak vergisi üçün İxtiyar Axundov və ailəsi təxminən 145.000 dollar ödəyib. Təkcə bir illik əmlak vergisi olan 145.000 dolların Bos Şelfdə işləyən neçə fəhlənin ailəsinin bir illik dolanışıq xərci olduğunu hesablaya bilərsiz. Bir də bu əmlakların artıq yeddinci ildir bu adama məxsus olduğunu da nəzərə alsaq, təkcə əmlak vergisinə 1,5 milyon manatdan çox pul ödənilib. Necə deyərlər, lüks həyat lüks xərclər tələb edir.

Bundan əlavə onların San Fransiskoda da əmlaklarının olduğu görünür və bunlar hələ bu adamın sadəcə ABŞ-da və sadəcə bilinən əmlaklardır. Gerisini siz düşünün.

Bütün bu sərvətlərin qanuni yollarla əldə edildiyini fərz etsək belə, maraqlıdır ki, bu sərvətləri Azərbaycanda qazandıqdan sonra bu şəxs həmin qazancın bütün vergilərini büdcəyə ödəyib və həmin pulları vergiləri ödədikdən sonra ölkədən çıxarıb?

Bundan əlavə, məsələn, 10 dəqiqəlik bir axtarışla, keçmiş XİN Elmar Məmmədyarovun oğlununun vaxtilə 4,2 milyon dollara mənzil aldığı Nyu Yorkun elit Riversayd bulvarındakı yaşayış komleksində ən az daha iki azərbaycanlının multimilyonluq mənzillərə sahib olduğu görünür. Bunlardan biri dəqiq məmurdur, digəri də ola bilsin ki, hansısa məmurun ailə üzvüdür (hazırda evini satışa çıxarıb). Bu kompleks vaxtilə Trump tərəfindən əsası qoyulmuş və Manhattan adasının ən prestijli zonalarından biridir.

Bunlar 10 dəqiqə ərzində təkcə iki binada tapdıqlarımın bir hissəsidir. Mayami, Nyu York, Virciniya kimi yerlərdə elit yaşayış komplekslərini bina-bina nəzərdən keçirib nələr üzə çıxara bilərsiz nələr.

Bir sözlə əgər hər hansı məmurun ABŞ-da öz adına və ya ailə üzvünün adına hər hansı əmlakı varsa, mümkün deyil ki, həmin əmlak barədə məlumatlar, onun sahibinin kimliyi, alqı-satqı müqaviləsi və sair haqda bütün məlumatlar həmin məlumat bazalarında olmasın. Təqribən 50 dollar ödəməklə isə siz bu cür məlumat bazalarına premium giriş haqqı əldə edib, əmlaklar və sahibləri barədə daha detallı məlumatlar əldə edə bilərsiz.

Rəşad Əliyev