İctimai fəal Bəxtiyar Hacıyev
21 aprel saat 23 radələrində evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstümə hücum çəkdi. Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar.
Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar.
Bir müddət getdikdən sonra məni düşürüb başqa maşına keçirdilər. Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, V.Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və fuad muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər. (Sonuncu postlarım şəhid yoldaşlarını aldadaraq onlardan pul tələb edən, özünü DİN-ə yaxın sayan, həbs edilməmiş dələduzlarla bağlı idi. )
Mən “Allahınız olsun” deyəndə müqəddəs Ramazan ayında Allaha qarşı çox təhqiramiz söyüşlər söydülər. “Allahı saymırsınızsa, İlham Əliyevin xətrinə” deyəndə isə təhqiramiz hərəkətlərini davam etdirdilər.
Bütün prosesin Go-Pro vasitəsilə çəkilişini edirdilər. Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər.
Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir Kamazın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi.
Bu baş verən dövlət səviyyəsində cinayətkarlıq, mafiya davranışıdır, bütün mənəvi, insani dəyərlərin aşılmasıdır. Bununla bağlı mən dünən bir neçə rəsmi şəxsə və qurumlara müraciət etdim. Mənə ölkə rəhbərinin məsələdən məlumatlı olduğu bildirildi. Dünən deyildi ki, V.Eyvazov sizinlə görüşəcək, bu hadisənin DİN tərəfindən həyata keçirilmədiyi barədə məlumat veriləcək. Xahiş edildi ki, səbrli olum və nazirin mövqeyini gözləyim. Mən də gözlədim.
Sonra deyildi ki, bu gün səhər nazir görüşəcək. Məni DİN-ə apardılar, orada isə nazirin müavini İsmət Əliyev görüşdü. İlk 10-15 dəqiqədən artıq məlum oldu ki, görüşü davam etməyin mənası yoxdur, çünki, indiyə qədər rəsmi açıqlamalarında verdikləri açıqlamalardan fərqli heç nə demədilər. “Tofiq Yaqublu özü-özünü döyüb”, “Sizi döyməmişik, fiziki güc tətbiq etmişik”, “Amerika polisinə baxanda biz polis deyilik, vətəndaş kimi sizinlə humanist davranırıq”, “dünyanın hər yerində özünə xəsarət yetirmək istəyənləri polis döyür” və s. və ilaxır.
Bütün bunlar və son 1 ildə baş verənlər (kibercinayətkarların tapıldıqdan sonra sərbəst buraxılması, fuadmuradovla bağlı hadisələr, DİN-in rəsmi səviyyədə mənə böhtanlar atması, BŞBPİ-də döyülməyim və s.) məndə qəti bir fikir formalaşdırır ki, sonuncu qaramaskalı şəxslər əməliyyatının da arxasında məhz DİN dayanır. Əksini sübut edənə qədər, həmin şəxsləri tapıb cəzalandırana qədər bu ləyaqətsiz, cinayətkar davranışların məsuliyyəti şəxsən nazir V.Eyvazovun üzərində qalacaq.
Bundan sonra mənim həyatıma, sağlamlığıma xəsarət verəcək hər bir addımın məsuliyyəti də həm onun, həm də onu o posta təyin edən şəxsin üzərində qalacaq.