İşğalın 58-ci günü. Rusiya Ukraynadakı məqsədlərini açıqladı

Rusiya ‘əməliyyat’ın ikinci fazasının hədəflərini açıqlayır

“Xüsusi əməliyyatın iki gün öncə başlanmış ikinci fazasında Rusiya ordusunun tapşırıqlarından biri Donbasa və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. Bu isə Krıma quru dəhlizinin təmin olunması deməkdir”. Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev aprelin 22-də bu haqda danışıb.

Putin ‘Azovstal’a hücumu ləğv edir

Rusiya Prezidenti Vladimir Putin Mariupol şəhərindəki “Azovstal” kombinatına hücumun məqsədəuyğun olmadığını deyərək onu ləğv edib. Bundan öncə isə Müdafiə naziri Sergey Şoyqu Putinə Mariupolun “azad olunması” haqda hesabat verib, Ukrayna hərbçilərinin “Azovstal” sənaye zonasında gizləndiyini, zavodun tam tutulmasının üç-dörd gün çəkəcəyini deyib. 

Gmail Dumanın poçtunu bloklayıb

Gmail Rusiya Dövlət Dumasının poçtunu bloklayıb. Xəbər verilir ki, duma.gov domeni gmail-də yerləşdirilmişdi.

Dumanın xidməti elektron poçtunun bloklanması və məlumatların itməsi təhlükəsi ilə bağlı deputat Sergey Markov özünün Facebook səhifəsindən xəbərdarlıq edib:

“Ehtiyatlı olun və şəxsi məlumatlarınızı başqa resurslarda saxlayın”.

Buna müxalifətçi Lyubov Sobol belə reaksiya verib:

“Dövlət Dumasının iş poçtu gmail.com-da idi. Televizordan Qərbi söyürlər, Komo gölündə villalar alırlar, əyinlərində Loro Piana firmasının gödəkcəsi ola-ola idxalın əvəzlənməsindən dəm vururlar. Bunların hər işi belədir”.

Azadlıq radiosu