Milli Şuranın sədri , professor Cəmil Həsənli
Korrupsiya bizim ölkənin, İlham Əliyev idarəçiliyinin ayrılmaz atributudur. Bu ölkənin üzü də, astarı da korrupsiyaya bürünüb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun Milli Məclisə hesabatında dedi ki, ötən ilin büdcəsindən 869 milyon manat vəsait silinib, yəni silib dövlətə qaytarmayıblar, sadəcə oğurlayıblar. İlham Əliyev 3-4 ay əvvəl “ürək yanğısı” ilə dümişdi ki, məmurların büdcə oğurluğu, korrupsiyası olmasaydı biz indi daha yaxşı vəziyyətdə olardıq. İndi isə onun rəhbərlik etdiyi hokumətin yekə-yekə məmurları bu boyda vəsaiti büdcədən yerli-dibli süpürüb-siliblər. Arxayınlıqla, heç bir tərəddüd göstərmədən. Çünki bu ölkənin başında duran özü korrupsionerdir, hökumət üzvlərinin korrupsiya ortağıdır. Bu ölkəni əl-ələ verib mütəşəkkil qaydada sökürlər, oğurlayırlar, talan edirlər. Bu ölkədə bütün böyük korrupsiya, büdcə talançılığı, ofşor əməliyyatlarının ləpirləri gedib hakim ailəyə çıxır.
Cəbhəçiləri saxta qəbzlər düzəldib qəpik-quruşa görə 4-5 il həbs edirlər, dünyanın ən təmiz adamlarını çirkli pulların yuyulmasında ittiham edirlər, Milli Şuranın rəhbərliyində təmsil olunan ziyalıların üzərinə keçmiş tarixə cərimlər qoyurlar, biət etməyən blogerləri, tənqidçiləri saxta rüşvət ittihamı ilə şərləyib 6-7 il azadlıqdan məhrum edirlər, siyasi məhbus ailələrinə çüzi yardım göstərənləri “dövlət çevrilişində” suçlayırlar. Amma bir il ərzində büdcədən 869 milyon manat yoxa çıxıb, nə yeri məlumdur, nə yurdu, nə ünvanı bəllidir, nə də ünvan sahibi.
Bir anlığa təsəvvür edin həmin 869 milyon manatın oğurlandığı hesabat ilində ehtiyac ucbatından neçə qazi özünə od vurub yandırıb, neçə şəhid ailəsi ehtic məngənəsində boğulub, müalicə ala bilməyən neçə Qarabağ yaralısının naləsi, sızıltısı ərşü-əlaya dirənib, pensiya dərəcəsini qəsdən aşağı salmaq üçün neçə döyüşçünün kəsilmiş ayağını, qolunu xətkeşlə ölçüb dərəcəsini aşağı salıblar, nə qədər ehtiyac içində boğulan vətəndaşın süni əngəllərlə pensiyasını kəsiblər. Pul yoxdur deyib Azərbaycan körpələrini uşaq pulundan məhrum ediblər. Amma bircə qələm çalmaqla 869 milyon manatı büdcədən çalıblar. Nə izi bilinir, nə sorağı!