Rusiyaya qarşı beynəlxalq sanksiyalar son günlər daha çox müzakirə edilən məsələlərdəndir. Ekspertlər hesab edir ki, iqtisadi sanksiyalar digər dövlətlərə də təsirsiz ötüşməyəcək. Rusiyaya qarşı Qərbin sanksiyaları Azərbaycan üçün hansı problemlər yarada bilər?
Hazırda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin elmi işçisi, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, ARDNF-nin Rusiyada sərmayələri 903 milyon ABŞ dollarını ötüb.
“Bu sərmayələr hazırda risk altındadır, son nəticədə ADRNF-də məzənnə itkilərini, bir sözlə büdcədənkənar xərclərin artımına gətirib çıxaracaq ki, bu da onun valyuta vəsaitlərinin idarəedilməsindən gəlirlərini artıracaq. Odur ki, ARDNF və digər dövlət qurumları Rusiyada iqtisadi fəlakət başlamamış Azərbaycana məxsus aktivləri satışa çıxarmalı və sərmayələrini geri çəkməlidir. Məlumat üçün qeyd edim ki, son günlər 1 dolların rəsmi kursunu 110 rubl müəyyənləşdirilsə də bu son hədd deyil, rublun ucuzlaşması davam edəcək. Dövlət Neft Fondundan sonra nəzərə alsaq ki, Azərbaycanın idxalda əsas tərəfdaşı Rusiyadır, onda ən çox təsirlər bu ölkə ilə ticarət əlaqələrinə olacaq. Bu təsir ikitərəfli olacaq. Belə ki, idxal edilən bir sıra məhsulların digər ölkələrdən gətirilən anoloji mallarla müqayisədə Rusiya bazarında rublun dəyərsizləşməsinə görə daha da ucuzlaşacağı gözlənilir. Bu isə daxili bazarda rus mallarının daha ucuz şəkildə təklif olunması ehtimalını artırır və Rusiyadan Azərbayacan idxalı stimullaşdırır. Azərbaycandan Rusiyaya mal ixrac edənlər isə rublun manata nisbətdə kəskin ucuzlaşmasına görə məzənnə fərqindən itkilərlə üzləşəcəklər ki, bu da xüsusilə də qeyri-neft sektorunda, əsasən kənd təsərrüfatında istehsalçıların və ixracatçıların gəlirlərinin azalmasını şərtləndirəcək.”

Qubad İbadoğlu deyir ki, Azərbaycan 2021-ci ildə Rusiyadan 2,1 milyard dollarlıq mal alıb, Rusiya bazarında isə 920,8 milyon dollarlıq mal satıb.
“Lakin, nəzərə alaq ki, Rusiya bazarında satılan malın 95 faizindən çoxu qeyri-neft məhsulları olub. Bu isə o deməkdir ki, bu il ərzində qeyri-neft sektorunun ənənəvi bazarı olan Rusiya ilə bank hesablaşmalarında problemlər, rublun dəyərdən düşməsi ixracatçılar üçün ciddi çətinliklər yarada bilər. Rusiyadakı mövcud və perspektiv vəziyyətin təsirləndirdiyi sahələrdən biri də orda yaşayan Azərbaycanlıların ölkəyə göndərdikləri pul baratları və köçürmələri olacaq. Veilən məlumatlara görə, Rusiyada 2,5 milyona qədər soydaşımız yaşayır. Azərbaycanlı əmək miqrantları ölkənin əksər rayonlarında ev təsərrüfatlarının gəlirlərinin formalaşdırılmasının əsas iştirakçılardır. Rusiyanın əmək bazarında gərginliyin yaranması, bu və rublun ucuzlaşması səbəbindən gəlirlərin azalması və dəyərsizləşməsi Azərbaycana köçürmələrin də azalmasına gətirib çıxaracaq. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2021-ci ildə xarici ölkələrdən fiziki şəxslərin göndərdiyi pul baratlarının həcmi 1 milyard 133 milyon dollara çatıb. Məlumata görə, bu, 2020-ci ilə nisbətən 3,6 faiz çoxdur. 2021-ci ilin 9 ayının nəticələrinə görə, köçürmələrin 60 faizə yaxını Rusiyada yaşayan miqrantların payına düşüb. Bu isə o deməkdir ki, ötən il Rusiyadan miqrantların bank vasitəsilə köçürmələri 680 milyon dollara qədər olub. Bu il ərzində bu köçürmədə kəskin azalma gözlənilir. Bundan başqa Rusiyadakı vəziyyət bütövlükdə bölgə ölkələri ilə ticarət əlaqələrinə, investisiya əməkdaşlığına və daşımalara da təsir göstərəcək ki, bu da dolayı yolla Azərbaycan iqtisadiyyatını da təsirləndirəcək,” ekspert bildirib.
Amerikanın səsi