Saakaşvilini daşlayan 6 «Gürcü arzusu» fəalı saxlanılıb

Gürcüstan prezidenti Mixail Saakaşvilinin korteji Kutaisidə daşa basılandan sonra polis «Gürcü arzusu» koalisiyasının altı fəalını saxlayıb.
İnsident «Vahid Milli Hərəkat» partiyasının ofisi qarşısında baş verib. «Qruziya online» portalının məlumatına görə, saxlanılanlar xuliqanlıqda ittiham edilir. 

Oktyabrın 19-da bir qrup fəal prezidentə daş atmaqla yanaşı onun tərəfdaşları olan deputatların ünvanına təhqirlər də səsləndirib.
Parlamentdəki azlığın prezidentlə görüşündən sonra aksiya iştirakçıları Saakaşvilinin istefasını tələb edib. Daha sonra kiçik qarışıqlıq yaranıb və «Vahid Milli Hərəkat» partiyasının deputatı Akaki Minaşviliyə xəsarət yetirilib. Hazırda saxlanılan şəxsləri məhkəmə araşdırması gözləyir. Bu arada parlament çoxluğunun lideri David Saqanelidze deputat Akaki Minaşvilinin məsuliyyətə cəlb edilməsini tələb edib. Buna səbəb deputatın aksiya iştirakçılarını söyməsidir.

“Azadlıq.info”