AXCP sədri Əli Kərimli
Rusiya rəhbərliyi tələsir. Zamanın Ukraynanın xeyrinə işlədiyini başa düşürlər. Görürlər ki, hər ötən gün müttəfiqləri Ukraynaya 8-10 yük təyyarəsi silah göndərir. Axır vaxtlar verilməyə başlamış müasir silahlar, ağır texnika, hava hücumundan müdafiə sistemləri isə Rusiya – Ukrayna cəbhəsində qüvvələr nisbətini dəyişmək iqtidarındadır. Ona görə də həlledici Donbas döyüşünə hazırlığı başa çatdırmadan dünən gecədən hücum əməliyyatına başlayıblar.
Donbas döyüşü savaşda vəziyyəti öz xeyrinə və ciddi şəkildə dəyişmək üçün Rusiyanın bəlkə də son şansıdır. Hər halda ümumi səfərbərlik etmədən Rusiyanın Ukrayna cəbhəsinə indi cəmlədiyindən daha böyük qüvvə toplamaq imkanı real görünmür. Bu həqiqəti Rusiyanın həm siyasi, həm də hərbi rəhbərliyi bilir. Ona görə də Donbas döyüşünün qarşısına çox ciddi hədəflər qoyulub. Maksimalist hədəf Ukraynanın Donbasda ön cəbhədə yerləşmiş 40-50 minlik yüksək döyüş qabiliyyətli ordu qruplaşmasını mühasirəyə alıb, məhv etməkdir. Əgər bu mümkün olmasa (qətiyyən mümkün görünmür), Rusiya ordusu bu döyüş üçün qarşısına qoyulmuş 2-ci (orta) hədəfə nail olmağa çalışacaq. İkinci hədəf Ukrayna ordusunun Şərqi Ukraynadakı müdafiə xəttini yararaq, əhəmiyyətli dərəcədə irəliləmək və Donbasın tam işğalına nail olmaqdır.
Ukrayna ordusu da bu döyüşə çoxdan hazırlaşır. Ukrayna ordusunun Donbasdakı müdafiə xətti çox gücləndirilib və bunu artıq Rusiyalı ekspertlər də etiraf edirlər. Ukrayna ordusunun bu döyüşdə əsas hədəfi ilk növbədə Rusiyanın Donbasdakı ən böyük hücumunu dəf etmək, müdafiə xəttini qoruyub saxlamaq və Rusiya ordusuna maksimum çox itki verdirməkdir. Ukrayna ordusu hücumu dəf edib, Rusiya ordusunu zəiflətdikdən sonra əks – hücuma keçməyi planlaşdırır. Qərb müttəfiqləri tərəfindən hazırda da Ukraynaya verilməkdə olan 100-lərlə tanklar və digər zirehli texnikalar da Ukrayna ordusunun əks – hücum əməliyyatında istifadə olunacaq.
Ukraynanın planları daha realist görünür. Həm də hazırda Rusiya – Ukrayna cəbhəsində elə vəziyyət yaranıb ki, Donbas döyüşündə heç-heçə belə Ukrayna üçün qələbə sayılacaq. Rusiya hətta bu döyüşdə böyük itkilər bahasına işğal etdiyi əraziləri bir az böyütsə, ancaq Ukrayna ordusu azacıq geri çəkilməklə müdafiə xəttini qoruyub saxlasa belə, bu vəziyyət Rusiya üçün yox, Ukrayna üçün qələbə sayılacaq. Əvvəla, ona görə ki, Ukrayna ordusu üçün “sonuncu şans”, “son böyük döyüş” anlayışı yoxdur. Onlar prezident Zelenskinin dediyi kimi, hər qarış torpaqları uğrunda vuruşacaqlar. Lazım gəlsə, 10 il də vuruşacaqlar. İkincisi, yazının əvvəlində qeyd etdiyim kimi, zaman Ukraynanın xeyrinə işləyir. Qərbdən növbəti həftələrdə, aylarda gələcək silah yardımları Ukrayna ordusunu daha da gücləndirəcək. Edilən 10 milyardlarla dollar yardıma görə Ukrayna maliyyə baxımından da müflis olmayacaq. Ukrayna hakimiyyəti qaçqın yükündən də azad edilib, 5 milyona qədər ukraynalı qaçqına Avropa ölkələri qucaq açıb, sahib çıxıb. Ukrayna dağıdılan şəhərlərin və infrastrukturun da müttəfiqlərin dəstəyilə bərpa olunacağını bilir. Ukraynalıların hazırda tək işi vuruşub Vətənlərini, evlərini qorumaqdır. Rusiya isə dünyadan tam təcrid olunub. Xaricdən heç bir dövlət onlara yardım etmir. Sanksiyalar iqtisadiyyatı çökdürür, hətta silah zavodlarının belə bir çoxu artıq işi dayandırıb. Ölkədə sosial problemlər və gərginlik artır. Savaşın uzanması ordunun özündə və cəmiyyətdə ruh düşgünlüyünü daha da artırır. Rusiya böyük ümidlər bağladığı Donbas döyüşündə də vəziyyəti köklü şəkildə öz xeyrinə dəyişə bilmədikdə Rusiyada müharibə əleyhinə hərəkat güclənəcək, hərbçilər daha kütləvi şəkildə işğalçılıq müharibəsindən imtina edəcək, Rusiyada böhran dərinləşəcək.