Putin rejimi ilə yanaşı Əliyev rejimi də iflas edir

AXCP sədri Əli Kərimli

Gözlənildiyi kimi, Putin rejimi tək iflas etmir. Dostlarını da özü ilə birlikdə aparır. İlham Əliyevin hakimiyyəti də “müttəfiqinin” hakimiyyəti kimi iflas edir. Buna əmin olmaq üçün son günlər baş vermiş bir neçə hadisəyə birlikdə baxmaq lazımdır.

Meta şirkəti (feysbuk, instaqram, votsapın sahibi) rəsmən bəyan etdi ki, Azərbaycanda müxalif və ictimai fəallara qarşı kiber-hücumlar törədən cinayətkar dəstə birbaşa DİN-ə bağlı imiş. Həmin dəstə uzun illərdir ki, kibercinayətkarlıqla məşğuldur. Yüzlərlə ictimai-siyasi fəalın sosial şəbəkə hesablarını ələ keçiriblər, çoxlu sayda fəalları şantaj ediblər. Ancaq maraqlıdır ki, yalnız indi ifşa olunurlar. Həm də bu ifşa uca səslə həyata keçirilir.

Məhz bugünlərdə xəbər yayıldı ki, Fransa polisi Azərbaycan hakimiyyətinin sifarişilə azərbaycanlı mühacirlərə qarşı hücumlar təşkil edən cinayətkar dəstəni nəhayət, həbs edib. Əslində Fransada belə bir cinayətkar dəstənin olduğu çoxdan bilinirdi. Ancaq son günlərə qədər həmin cinayətkar şəbəkə həbsdən yayına bilirdi. İndi isə istisna olunmur ki, hansısa mərhələdə cinayətkar dəstənin üzvləri istintaqla əməkdaşlıq edib, siyasi mühacirlərə qarşı cinayətləri onlara sifariş vermiş vəzifəli şəxslərin adlarını da çəkə bilərlər. Əgər bu baş verərsə, Azərbaycandakı rejimin kriminal mahiyyətinin sübutu üçün beynəlxalq aləmə təkcə bu epizod belə yetərli ola bilər.

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə son hesabatını da gəlin bunların üstünə. Bu hesabatda Azərbaycan hakimiyyəti nəinki çoxsaylı sifarişli həbslərə, qəddar rəftara, işgəncələrə görə, hətta qanunsuz qətllərə görə ittiham edilib. Təsadüfi deyil ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bu hesabatın Azərbaycan hakimiyyətinə qarşı gələcək sanksiyalar üçün əsası ola biləcəyini vurğulayıb.
Əvvəlcədən də bilinirdi ki, dünyadakı, ən azı MDB məkanındakı avtoritar rejimləri ayaqda saxlayan Rusiyadakı avtoritar rejimdir. Rusiyada Putin hakimiyyəti iflas etdikcə, Əliyevin ailə hakimiyyəti də daxil olmaqla regiondakı bütün avtoritar hakimiyyətlər çökəcək.