AXCP sədri Əli Kərimli
Özündən asılı olanları əzmək, güclülərə yaltaqlanmaq avtoritar rejim başçılarının ortaq cəhətidir.
Tabeliyində olan, asılı, çarəsiz insanların qarşısında şiri-nər, özündən böyük gücün qarşısında qorxaq və əmrə müntəzir. Zalımların, avtoritar rejim başçılarının, “nəyi, nə vaxt və necə etməyi tək bilənlər” tayfasının hamısı belədir.
Lukaşenkonun işləri yaxşı gedən vaxtları xatırlayın. Necə də hikkəli, özündən razı, cəsarətli görünürdü. Qərbdən ona salam verənlər var idi deyə Putinə də heç kimin demədiyi sözləri deyirdi. Sonuncu seçki saxtakarlığından sonra 100 minlərlə belarus küçələrə axışdı. Lukaşenko həmin dinc insanların qarşısına avtomatla çıxdı. Çox sərt repressiya həyata keçirdi. Beynəlxalq aləm ona qarşı çox sərt sanksiyalar tətbiq etdi. Dünyadan təcrid olununca qürurunu və yekəxanalığını da itirdi. Kreslosunda qala bilmək üçün dünən üzünə ağır sözlər söylədiyi Putinə ən şit formada yaltaqlanmağa başladı. “Putin böyük qardaşımdır, hər şey onun dediyi kimi olacaq” ritorikasına keçdi.
Rusiya-Ukrayna savaşından əvvəl də böyük-böyük bəyanatlar verdi ki, Rusiya savaşa girsə, biz də onunla birlikdə savaşda olacağıq. Ancaq müharibə başlayanda əvvəlcə hiyləgərcəsinə bir neçə gün ayağını sürüyüb savaşa girməyi ləngitdi. Sonra da Rusiya ordusunun zəifliyini, Ukrayna ordusunun savaş əzmini, beynəlxalq birliyin Ukraynanı sonadək müdafiə etmək qətiyyətini görüncə savaşa girməkdən yayındı. “Böyük qardaşını” tək qoydu.
İndi də kənardan Rusiyanın zəif, çarəsiz durumunu görür və başa düşür ki, Rusiya daha o Rusiya deyil və olmayacaq. Anlayır ki, Putin daha onun rejimini saxlamaq üçün ildə 5 milyard yardım edə bilməyəcək. Putin hökuməti indi onun hayındadır ki, rusiyalılar şəkər tozu, bitki yağı tapa bilsin.
Ona görə də bu hiyləgər utanmadan Avropa Birliyi ilə münasibətləri düzəldib xilas olmaq istəyir. Hələlik XİN vasitəsilə Avropa Birliyinə dialoq təklif edib.
Baxın, hakimiyyətdən əl çəkə bilməyən tiranların, avtoritarların hamısı belədir. Bunları qətiyyətli, hikkəli, qəddar yekəxana edən əllərindəki hədsiz səlahiyyət və xalqların itaətkarlığıdır. Əslində isə hamısı qorxaq, qürursuz, hakimiyyət hərisləridir. Girə bilməyəcəkləri cild, edə bilməyəcəkləri yaltaqlıq yoxdur. Elə ki xalqların üzü dönür, bunlara qarşı dirəniş başlayır, ya da qarşılarına daha böyük güc çıxır onda siz bunların necə yaltaqlandıqlarına, necə cilddən-cildə düşdüklərinə baxın. Regionumuzun belə mənəviyyatsız, hakimiyyət xəstələrindən xilas olmasına çox qalmadı.