Qazilərin vəziyyəti artıq barıt çəlləyinə çevrilib

İctimai fəal Bəxtiyar Hacıyev

44 günlük müharibə bitəndən sonra qazilərlə sıx işləyən dostlar, tanışlar var. Onların müalicəsi, reabilitasiyası, iş tapması, gündəlik xərclərini ödəməsi üçün çalışırlar. Zaman-zaman çox dəhşətli, acınacaqlı hekayələr eşidirik, şahidi oluruq. Bəzən canını bu ölkə üçün sipər etmiş qazilərin 50-100 manata möhtac olduğunu görürük, övladları qarşısında boynu bükük dayanıb “imkan yoxdur, edə bilmərəm” dediklərini eşidirik, şahidi oluruq.

Çox sıx-sıx qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında qazilərimiz müxtəlif üsullarla etiraz edirlər. Bəzən yalvararaq, bəzən qışqıraraq, bəzən intihara cəhd edərək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə həm dövlət büdcəsindən, həm də Dünya Bankı kreditlərindən on milyonlarla manat və dollarları heç yerdə tanınmayan öz şirkətlərinə ötürür.

Bu faktlarla bağlı mən və 1000 nəfərin imzası ilə hüquq-mühafizə orqanlarına müraciət etmişik, üstündən təxminən 3 ay keçib, ciddi bir nəticə yoxdur ortada. Bu gün də həmin qurumlardan məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət edəcəyik.

Bir tərəfdə on milyonlarla dolları bir tenderdə əridən nazirlik şirkəti, digər tərəfdə övladı üçün xərcləməyə 50-100 manat tapa bilməyən, canını bu ölkəyə qurban verməyə hazır olan, fiziki və psixoliji sağlamlığını qurban vermiş qazilər…

Qazilərin vəziyyəti artıq barıt çəlləyinə çevrilib. Bir kiçik qığılcımla sosial partlayış baş verə bilər. Bəlkə də rahat, geniş, işıqlı kabinetlərdə dəstə-dəstə, kilo-kilo pul sayan məmurların başı qarışıb, amma cəmiyyətdə yaşayan, insanlarla ünsiyyətdə olanların bu gərginliyi görməməsi mümkün deyil. Vaxtında qazilərin problemləri həll edilməsə, bir gün çox acı nəticələri ola bilər. Sonra “demədi” deməsinlər.