Korrupsiya Əliyev rejiminin mövcudluq formasıdır

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Nazirlər kabinetinin mini iclasında İlham Əliyevin çıxışı bəzi suallar doğurur. Birinci sual ondan ibarətdir ki, azad olunmuş ərazilərin əhalisi nə vaxt öz yurduna qayıdacaq? Bir il yarımdan çox vaxt keçməsinə və 2,5 milyard manatdan artıq vəsait xərclənməsinə baxmayaraq 30 il vətən həsrəti çəkən qaçqınlardan hələ bircə nəfər, bircə ailə belə öz yurduna dönə bilməyib. Bu dönüşün təmin edilməsi üçün daha neçə il lazımdır? Açıq bir sual var: Zəngilan aeroportu vacibdir, ya zəngilanların öz yurduna qayıtması?

İkincisi İlham Əliyev müşavirədə qeyd etdi ki, “azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik.” Sual yaranır dəfələrlə çağırışlar edilməsinə baxmayaraq niyə böyük bərpa proektinə beynəlxalq invistisiyalar cəlb etmək mümkün olmadı? Bunun səbəbi nədir? Ölkədə biznes mühitinə inamsızlıq, yatrımların perspektivinə ehtiyatlı yanaşma, total korrupsiya, müstəqil məhkəmə sisteminin olmaması, ya bu sahənin korrupsiya layihələri kimi monopoliyada saxlanması? Bu məsələyə də nə İlham Əliyev, nə də müvafiq sahəyə cavabdeh olan hökumət üzvləri aydınlıq gətirmədi.
Ötən il işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2, 2 milyard dövlət vəsaiti xərclənib. Amma bu qədər dövlət vəsatinin hara və necə xərclənməsi barədə nə hesabat var, nə şəffaflıq, nə açıq tender keçirilməsi barədə məlumatlar. Şəffaflıq olmayan yerdə korrupsiya var. Məsələn Zəngilanda “ağıllı kənd”in tikintisi prezidentin köməkçisinin qardaşının adına olan şirkətə verilib. Digər proektlər də aşağı-yuxarı öz aralarında belə bölüşdürülüb. Bərpa dövrünün ən böyük layihəsi kimi Füzuli Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı Dövlət Satınalmalarının saytında bu meqa layihənin icrasında iştirak edən şirkətlər və onların icra etdikləri layihələrin büdcəsi ilə bağlı heç bir tender məlumatı mövcud deyildir. Əslində Qarabağda bərpa layihələrində iştirak edən şirkətlərin adları açıqlansa bütün mənzərə aydın olar. Sadəcə olaraq dövlət hesabına maliyələşdirilən bərpa proektlərini öz şirkətləri arasında bölüşdürüb vətənpərvərlik dalğasında bərpa üçün ayrılmış vəsaitləri korrupsiyaya bulaşdırırlar. Çünki şəbəkələşmiş korrupsiya Əliyev rejiminin mövcudluq formasıdır. Dövlət sifarişləri hakim ailə və hakim elitanın büdcəni talama mexanizminə çevrilib.

Müşavirədə İlham Əliyevin səsləndirdiyi digər maraqlı məsələ ölkənin idxal çörəyinə möhtac edilməsidir. Nəhayət, bu müşavirədə o, etiraf etdi ki, Azərbaycan ərzaqlıq buğda ilə öz ehtiyaclarının cəmi 25 faizini təmin edə bilir. Qalan 75 faiz idxal hesabına ödənilir. Bizim iqtisadçılar, bizlər illərdir bunu deyirik. Hökumət etiraf etmək istəmirdi. İndi beynəlxalq bazarda taxılın qiyməti bahalaşdığı üçün bunu dilə gətirirlər. İlham Əliyev 18 ildir ölkəyə rəhbərlik edir. O, hakimiyyətə gələndə ölkə idxal taxılından daha az asılı idi, nəinki indi. Axı o, 2008-2015-ci illəri əhatə edən dövlət proqramı və ərzaq təhlükəsizliyi haqqında qanunda vəd vermişdi ərzaq idxalından, o cümlədən taxılın idxalından asılılığı aradan qaldırılacaq. Bu gün 2015-ci illə müqayisdə bu asılılıq 2 dəfə artıb. Bəs o dövlət proqramları, onlara sərf edilən dövlət vəsaitləri, regionların sosial-iqtisadi inkişafı adı ilə “xərclənən” 10 milyardlarla vəsait hara gedib? Kresloya əbədi yapışa bilirlər, amma 20 ildir yerli taxılın yapışqanlıq dərəcəsini lazımı qaydada həll edə bilmirlər. Nəticədə məmləkətin çörəyinin 75 faizi kənardan gəlir. Bax buna aydınlıq gətirmək lazım idi.