İlham Əliyevin bəlkə də ən uğursuz təyinatı


Son 3 ilyarımda Mingəçevirdə daş üstünə daş qoyulmayıb


İcra başçısı İlham İsmayılov iclasbazlığıyla əhalini bezdirib


İŞSİZLƏR, YOXSULLAR ŞƏHƏRİNDƏN REPORTAJ


Öncə ondan başlayaq ki, ölkə başçısının 17 dekabr 2018-ci il tarixli sərəncamı ilə İlham İsmayılovun Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması yerli əhali arasında çaşqınlıqla qarşılanmışdı. Düzdür, vaxtilə komsomolun 1-ci katibi olmuş, eləcə də İH-də İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2008-ci ildən başçı təyin olunanacan Mingəçevir şəhər İHB-nın 1-ci müavini vəzifələrində çalışmış İ.İsmayılovun idarəetmə təcrübəsinə şübhə etməyənlər də vardı.
Ətrafdakılarda Yeni Azərbaycan Partiyasının şəhərdə aparıcı ideolqu imici yaratmış (İ.İsmayılov uzun illərdir YAP Mingəçevir şəhər təşkilatının sədr müavinidir – A.) İ.İsmayılov təyinatının ilk günündən ta bugünədək yalnız iclasbazlığıyla yadda qalıb. Az qala həftənin 5 iş gününü də iclaslara həsr edən İ.İsmayılov sakinlərə quru vədlər verən, insanları iş-gücdən ayırıb mühazirələr oxuyan “iclasbaz başçı” kimi ad çıxarıb. Bu cür iclaslarda isə adətən camaatın bir yaralı barmağına belə bint bağlamayan başçı ona olunan müraciətləri ən yaxşı halda “bu, icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil” deməklə yola verib.


Qısa arayış: Ölkənin 4-cü şəhəri hesab olunan Mingəçevir paytaxt Bakıdan 308 km aralıda yerləşir. 2021-ci il noyabr ayının 1-nə olan məlumata əsasən şəhər əhalisinin sayı 106 430 nəfərdir. Şəhər ərazisində 5216 (20 044 nəfər) məcburi köçkün ailəsi məskunlaşıb. Aran zonasında yerləşən Mingəçevir iqlimi və coğrafi mövqeyi ilə ilin bütün fəsillərində turizm üçün əlverişli olsa da, bundan yetərincə istifadə olunmur. Keçmiş ittifaq dönəmində əhali əsasən şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrində çalışıb. SSRİ-nin süqutu və həmin müəssisələrin demək olar ki, hamısının (Azərbaycan İES və Mingəçevir SES istisna olmaqla – A.) bağlanması şəhər üçün bu günədək həll olunmayan bir “yadigar” qoyub getdi: İŞSİZLİK!

Kütləyə hesablanmış ucuz şou – İlham İsmayılov marketdə növbəyə durdu


Təyinatından qısa müddət sonra sosial şəbəkələrdə və xəbər portallalarında icra başçısı İlham İsmayılovun şəhərdəki iri supermarketlərdən birində bazarlıq etdikdən sonra kassada növbə gözlədiyini əks etdirən fotosu yayıldı. Təbii ki, kütləyə hesablanmış bu piarın ömrü uzun sürmədi. Hər nə qədər trollar icra başçısının bu addımıyla necə sadə bir insan və xalqın içindən çıxan biri olduğunu sübut etməyə çalışsalar da, sosial şəbəkələrdə paylaşılan fotonun altında yazılmış şərhlərdə bunun publikaya hesablanmış, ucuz şoudan savayı bir şey olmadığını görmək mümkün idi.


Zaman ikincilərin yanılmadıqlarını sübut elədi.

İşsizlik səviyyəsinə görə Mingəçevir ölkədə ilk yerdədir


İlham İsmayılovun vaxtaşırı sakinlərlə səyyari görüşləri təşkil olunur. Amma necə? Görüşlərdə başçı bir qayda olaraq Prezidentin sərəncamları ilə pensiya və müavinətlərin, minimum əmək haqqının artırılması, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni ağacların əkilməsi və onların suvarılması, ölkə başçısının göstərişinə uyğun olaraq respublikanın paytaxtında, eləcə də regionlarda abadlıq-quruculuq işlərinin durmadan davam etdirilməsindən danışır. Başçının ən çox öyündüyü şey məhəllədaxili yolların asfaltlanması, oturacaqların qoyulması və söhbətgahların yaradılmasıdır.
Görüşlərdə iştirak edən öncədən xüsusi olaraq seçilib hazırlanmış “sakinlər” onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə rəhbərinə və icra başçısına minnətdarlıqlarını bildirirlər. “Sakinlərin” qaldırdıqları “problemlər” də “seçilir”: binaların giriş hissələrinin təmir olunması, məhəllədəki xeyir-şər mağarının yenidən təmir olunması, ağacların budanması və sulanması və s.
Halbuki Dövlət Statistika Komitəsinin Azərbaycanda 2021-ci il üzrə işsizlərin sayı ilə bağlı açıqladığı rəqəmlərdən də bəlli olur ki, işsizlik səviyyəsinin ən yüksək olduğu region ölkənin dördüncü ən böyük şəhəri Mingəçevirdədir. Burada işsizlik göstəricisi ölkə ortalamasından, az qala, iki dəfə çox – 13.6 faizdir.

İnsanlar iş, çörək ümidində, başçının ilk və yeganə işi Dövlət Rəmzi muzeyi inşa etdirmək oldu


2019-cu ilin iyulunda Mingəçevirdə Dövlət Rəmzləri muzeyinin təməlqoyma mərasimi oldu. Muzey vaxtilə şəhərin ən böyük parkı olan, sonralar yerli məmurlar tərəfindən hissə-hissə satılan və bu gün yalnız quru adı qalan “Dostluq” parkının ərazisində inşa olundu. Açılışda 2020-ci ilin iyununda Mingəçevirə səfər edən Prezident İlham Əliyev də iştirak etdi.


Burada qısa haşiyə çıxaraq qeyd edək ki, ölkə başçısının məlum səfəri son 10 ildə Mingəçevirdə açılışlar baxımından ən zəifi kimi düşüb. Səfər zamanı Prezident muzeydən savayı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin yeni binasının və “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimlərinə qatılıb.


Təbii, insanlar iş, çörək axtarışındaykən, sakinlərin mənzil təminatlarının yaxşılaşdırılmasına ehtiyac duyulduğu bir dövrdə “muzeyə nə gərək vardı” deyənlər az olmadı, ancaq “ştatlı ziyalılar” “şəhər rəhbərini hər şeydən öncə işin mənəvi, ideoloji tərəfi düşündürür, siz belə şeyləri başa düşməzsiniz” deməklə sinələrini qabağa verdilər. Belələrinin məntiqiylə dövlətin vəsaiti ilə muzey inşa etdirən icra başçısı dövlətçiliyi daha çox qoruyumuş, Vətəni daha artıq sevirmiş, müstəqilliyi lap çox istəyirmiş, onun kimi düşünməyənlər isə yox.

İqtisadi inkişaf, yoxsa bir-iki küçənin abadlaşdırılması?


Vaxtilə camaat arasında “Bozdağın ətəyində, Kürün sahilində bir inci”, “turizm cənnəti” adlanan Mingəçevirin bu gün nə inciliyi qalıb, nə də cənnəti. Ona görə yox ki, şəhər öz əzəmətini, insanları qonaqpərvərliyini itirib. Ona görə ki, Mingəçevirdə yalnız geyim mağazaları (o da ikinci əl) artır. Şəhər faktiki olaraq inkişafdan qalıb.
Regionların inkişafı proqramı, icra hakimiyyətinin qarşısına qoyulan məsələlərin heç biri lazımınca həll olunmayıb. Şəhərin inkişaf meyarı dükanların çoxluğu, məhəllədaxili yollara skamya və işıq dirəklərinin qoyulması ilə ölçülür. Azad sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılmasından söhbət belə gedə bilməz.
Mingəçevirdə hansı sahədə irəliləyiş var sualını versəniz, çoxlu geyim mağazaları, kafe və çayxanalar açıldığını deyə bilərik. Gənclər üçün yeganə iş yeri ya satıcı (o da qızlar üçün), ya da ofisiant vakansiyalarıdır. İcra başçısı hər çıxışında şəhərin abadlaşması, inkişaf və quruculuğundan danışmağına baxmayaraq, reallıq budur ki, şəhərin əsas yolları və küçələri sonuncu dəfə 2012-2018-ci illərdə, hazırda ölkənin 2-ci böyük şəhəri Gəncəyə başçılıq edən Niyazi Bayramovun Mingəçevirə rəhbərlik elədiyi dövrdə asfaltlanıb. 2019-cu ildən bu yana bir neçə məhəllədaxili küçəyə asfalt döşənməsini nəzərə almasaq, şəhərdə demək olar ki, heç bir iş görülməyib.
Sakinlər deyir ki, əvvəllər yenə “quş qoymaq” xatirinə də olsa icra hakimiyyəti rübdə bir dəfə hesabat verirdi. Pandemiya yerli rəhbərlik üçün əla bəhanə olub; son 2 ildən artıq bir müddətdə büdcədən nə qədər vəsait ayrıldığına, hansı işlərin görüldüyünə, hara nə qədər maliyyə sərf olunduğuna dair əhaliyə hesabat verilmir.

Göz görə-görə qocalan işsiz Mingəçevir gəncləri; onlar çarəni paytaxtda, Avropada axtarırlar
Yay-qış Mingəçevirdə insanların sıx toplaşdıqları yer keçmiş poçtamtın qarşısı, daha doğrusu buradakı fəvvarənin ətrafındakı bağdır. Maraqlıdır ki, əgər sovet dövründə, ümumiyyətlə, son bir neçə ilədək bura yığışanların əksəriyyəti yaşlılar, təqaüdçülər olurdusa, hazırda onların sırasına xeyli sayda işsiz gənclər də qoşulublar.
“Nə iş var, nə də işləmək istəyənləri nəzərə alan. Bekarçılıqdan bütün günüm çayçıda keçir”, – bunu müsahibimiz Akif Hüseynov deyir. 5 il öncə ali təhsilini başa vuran A.Hüseynov şəhərdəki minlərlə işsiz gəncdən biridir: “Mingəçevirdə gənclərin əksəriyyəti günlərini çay evlərində keçirirlər. O da çaya pul tapsalar. Gənclərin normal məşğuliyyəti üçün heç bir şərait yaradılmayıb. İşsizlik ilk növbədə pul problemi yaradır. Pul yoxdursa, deməli, əyləncə də yoxdur. Ona görə də mingəçevirli gənclərin həyata olan həvəsi və marağı ölüb”.
Bəhruz Ağazadə adlı digər bir gənc çayçıda domino, nərd oynamaqdan bezdiyini deyir. Pandemiyadan qabaq, 3 il öncə valideynlərinin təkidiylə Rusiyadan Azərbaycana döndüyünü deyən Bəhruz peşman olduğunu, ömrünün 3 ilinin bu şəhərdə hədər getdiyini, imkan tapan kimi Avropaya üz tutacağını gizlətmir: “Məşğulluğa müraciət edirsən, ən yaxşı halda əlinə bel verib deyirlər, get ağacların dibini bellə. Adı da olur iş. Sanki bu ölkədə hamı bağban olmalıdır”.
Söhbətə qoşulan Nicat Süleymanlı bildirir ki, şəhərdə Texnopark yaradıblar: “Bir tanışım işləyir orada. Deyir, ilk vaxtlar pis deyildi. Ancaq indi adamları açıq-aşkar istismar edirlər. Nəyəsə etiraz etmək istəyənə qapını göstərirlər. Əzbərlədikləri bir söz var: “Sizin kimiləri hasarın o üzündə doludur. İşləmək istəmirsiniz – qapı açıqdır”. İşçilərin öz hesablarına məzuniyyətə buraxılması adi hal alıb”.
Nicatın sözlərinə görə, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhər İcra Hakimiyyəti birgə “quş qoymaq” xətrinə olsa da əmək yarmarkaları təşkil edirdi: “İndi o da yoxdur. İş üçün icra hakimiyyətinə müraciət edirsən, heç qapıdan içəri buraxmırlar. Gah pandemiyanı bəhanə edirlər, gah da nə bilim nəyi.. Axırda da deyirlər ki, icra hakimiyyəti işədüzəltmə bürosu deyil, məşğulluğa müraciət edin. Necə olur, icra başçısının oğluna ASAN Xidmətdə, eləcə də aparatda işləyənlərin, vəzifədə oturanların övladlarına, qohum-əqrəbalarına iş tapılır, bizə çatanda “görmürsünüz, bütün dünyada işsizlik baş alıb gedir” deyirlər”.
Yeri gəlmişkən, İ.İsmayılovun hər dəfə iş üçün ona üz tutan vətəndaşları qeydiyyata durmaq üçün göndərdiyi Mingəçevir şəhər Məşğulluq Mərkəzinin (Mərkəzi Aran regional Ərazi Məşğulluq filialı – A.) direktoru son vaxtlaradək Elçin Abdullayev olub. Bu həmin E.Abdullayevdir ki, ötən ilin sonunda barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılmışdır. Baş Prokurorluğun yaydığı məlumata görə, ibtidai istintaqla Elçin Abdullayevin qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmiş və ona Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir.

İcra başçısı iş istəyənləri “ağzının üstündən vurur”


Sakinlər deyir ki, İlham İsmayılov icra başçısı təyin olunandan bəri şəhərdə daş üstünə daş qoyulmayıb. Başçı yalnız vəd verməklə, onlayn iclas keçirməklə məşğuldur.
Şəhər sakini 32 yaşlı Rövşən Məmmədov deyir ki, bu günlərdə yaşadıqları məhəllədəki bir neçə binanın ağardılmasının, küçənin işıqlandırılma sisteminin yenilənməsinin, ağacların dibinin bellənməsinin şahidi olub: “Hiss elədim ki, yaxın vaxtlarda burada başçının növbəti səyyar görüşü planlaşdırılıb. Elə də oldu. Fikirləşdim ki, fürsətdir, xeyli müddətdir başçının qəbuluna düşə bilmirəm, yaxınlaşıb İlham İsmayılova işlə bağlı müraciətimi edərəm. Ancaq hər şey gözlədiyimin əksinə oldu. Görüşə məhəllə sakinlərindən çox başçının əshabələri təşrif buyurmuşdular. Çıxışına başlayan icra başçısı qabaqdangəlmişlik edərək şəhərdə sənaye parkının yaradıldığını, eləcə də sovet dövründə mövcud olan, hazırda qapılarından iri qıfıl asılan bir-iki zavodun adını çəkib yaxın zamanlarda həmin müəssisələrin fəaliyyətə başlayacağını, prezidentin tapşırığına əsasən yeni-yeni iş yerlərinin yaradılacağını söylədi. Əslində bu, icra başçısından iş istəmək fikrinə düşənlərə bəri başdan verilən cavab idi”.
R.Məmmədovun sözlərinə görə, bundan sonrakı tam bir məzhəkəydi: “Əlinə mikrofon alan öncədən hazırlanmış adamlar yalnız icra başçısına bəy tərifi yağdırmaqla məşğul oldular”.
“Yaşamaq, həm də Mingəçevirdə yaşamaq olduqca çətindir”. Bunu İqtisad Universitetinin məzunu, iş axtarışında olan Sənan Aslanov deyir: “Kim nə deyir desin. Mingəçevirdə iş deyilən şey yoxdur. Şəhər rəhbərliyi bu istiqamətdə heç bir iş görmür. Ali təhsillyəm. Hardasa yük daşımağa, marketdə satıcılığa belə tanışlıq, qohumluq vasitəsiylə işə qəbul edirlər. İnternet və digər elan vasitələrində verilən iş elanları ilin sonunda statistika idarəsinə sübut üçün verilən formal bir şeydir. Hara gedirsən təcrübə, yerli-yersiz “ingilis dilində danışıq bacarığı” barədə suallarla adamı hər şeydən iyrəndirirlər. 120 min əhalisi olan şəhərin yeganə iş yeri bazardır. Sanki hamı bazarda oturub alver eləməlidir”.
Ağsaqqal Murad kişi deyir ki, SSRİ dağılandan Mingəçevir camaatı zülmdədir: “Oğul, bu şəhər yaranandan fəhlə şəhəri olub. Baxıram bu cavanlara, ürəyim ağrıyır. Biz yenə yaşadığımızı yaşamışıq. Axı bu saat bu gənclərin enerjili vaxtlarıdır. Günlərini boşa keçirirlər. Qınamaq da olmur. Vəziyyət çox acınacaqlıdır. İşsizlik insanların “belini qırıb”. Cavanlar ailə qura bilmirlər, qurulan ailələr də qısa müddətdən sonra dağılır. Hamısının da kökündə iqtisadi problemlər dayanıb. Maddi problemləri olan ailə gec-tez dağılmağa məhkumdur”.
Şəhər icra hakimiyyətinin rəsmi saytının yazdığına görə, Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir (http://mingechevir-ih.gov.az/page/14.html). Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahəsindən biridir. Amma nə yazıq ki, saytın “İqtisadiyyat” bölümündəki məlumatlar 2019-cu ilin əsas göstəricilərini əhatə edir. Əvəzində saytın “Xəbərlər” və “Foto-qalereya” bölümü başdan-ayağa icra başçısı İlham İsmayılovun təbliğat ruporuna çevrilib.

“Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır”


Bu sözləri ölkə başçısı İlham Əliyev 2018-ci iliin 27 fevralında Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışı zamanı söyləmişdi. O gündən 4 ildən artıq zaman ötür. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” MMC-nin iki iplik istehsalı fabriki bu gün nəinki tam, heç yarı gücüylə belə fəaliyyət göstərmir.
Yeri gəlmişkən, prezidentin iştirakı ilə gerçəkləşən Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində layihənin rəhbəri Mehriban Axundova bildirmişdi ki, parkın ərazisində ümumilikdə 9 fabrik – pambıq iplik (460 iş yeri), akril və yun iplikləri (800 iş yeri), corab məhsulları(650 iş yeri), ayaqqabı istehsalı (300 iş yeri), toxuma (450 iş yeri), parça boyama (260 iş yeri), tikiş (2 mindən artıq) və tibbi kosmetika (270 iş yeri) fabrikləri inşa edilib istifadəyə veriləcək. Bundan başqa, ilkin mərhələdə 2 min yeni iş yerinin yaradılması, park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayının ümumilikdə, 5,5 minə çatdırılacağı söylənilsə də, bu baş vermədi. Park üzrə orta əmək haqqı 450 manat (fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları) nəzərdə tutulmuşdu.
5,5 min işçi bir yana, dövlət başçısının gedişindən sonra açılışı baş tutan iki müəssisə işçilərini bəzi hallarda öz hesablarına məzuniyyətə göndərə-göndərə fəaliyyət göstərməkdən o yana gedə bilmədi.

Mingəçevirliləri Kür çayına həsrət qoyublar


Bu gün Kür çayı faktiki olaraq 3 tərəfdən zəbt olunub. Sol sahildəki ərazinin bir hissəsi – “ASAN Xidmət”dən yuxarı, Mingəçevir şəhər Elektrik Şəbəkəsinin sol hissəsi uzun illərdir hasarlanıb və bu hasarlanmanın hansı məqsədlə edildiyi haqda əhaliyə heç bir məlumat verilmir. Körpünün sağ hissəsi – “Ağsaray”, “River Side”, “Kainat” və digər otel və restoranlar, xırda iaşə müəssisələri tərəfindən zəbt olunub və əhali faktiki olaraq Kür çayına həsrət qalıb.
Çayın sol sahilində – Mingəçevir SES-ə uzanan yolda ölkə başçısı üçün inşa olunduğu deyilən iqamətgaha gedən yol da illərdir bağlıdır.
Nəhayət, sol sahildə əhalinin istirahət edə biləcəyi yeganə ərazi, Kür çayının ensiz, strateji hissəsi 4-cü ildir ki, Mingəçevir şəhər İH tərəfindən “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəylinin “DEKA” şirkətinə satılıb. Y.Qədimbəyli bu addımıyla nəinki şəhər sakinlərinə, həm də birbaşa ölkə başçısının iradəsinə qarşı “savaş” elan edib. Faktla əlaqədar sakinlər tərəfindən Prezidentə müraciət olunub, 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə, o cümlədən Mingəçevir şəhər İH-nə rəsmi sorğu göndərilib. 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi qanun pozuntusuna bir neçə dəfə müdaxilə edib. Sonuncu dəfə qurum rəsmiləri Kür çayının yatağında inşa edilmiş “İnci” kafesində olub və məhz bu kafenin sahibinə məxsus olduğu bildirilən “DEKA” şirkəti tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün verilən “Məcburi göstəriş”in yerinə yetirilmədiyi əyani şəkildə müəyyən edilib. Lakin “DEKA” şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq rəsmi xəbərdarlıqlara əməl etməyib. Yol verilmiş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərtib olunan 53497 nömrəli Akt əsasında “DEKA” şirkəti cərimələnib. O da qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara Mingəçevir şəhər İH tərəfindən əməl olunmayıb – verilən sərəncamlarda ziddiyətli məqamlar və ciddi qüsurlar var.
Maraqlıdır ki, bütün bu proseslərdən Kür çayının içərisində tikinti işlərinin aparılmasına sərəncam verən Mingəçevir şəhər İH-nin rəhbərliyi və aparatın “oddabaymaz-sudayanmaz” baş memarı Etibar Abdullayev kənarda qalıblar.
Qısa haşiyə: Haqqında söhbət gedən Sahil parkının ərazisi 1970-ci illərin sonlarından baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüşdü və şəhərin ümumi görünüşünə xələl gətirirdi. Məhz uzun fasilədən sonra 2012-ci ildə parkın yenidən qurulmasına başlandı və işlər 2013-cü ilin aprelində başa çatdırıldı. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılmışdı. Bakı bulvarının kiçik modeli hesab olunan sahilyanı park yenidən sakinlərin sevimli istirahət məkanına çevrildi. Qeyd edək ki, 2013-cü ildə Mingəçevirə səfər edən ölkə başçısı parkda aparılan yenidənqurma işləriylə tanış olmuş, görülən işləri, yaradılan şəraiti yüksək qiymətləndirmişdi.
Təəssüf ki, cərimələrə baxmayaraq ərazidə bugünəcən dəyişilən heç nə yoxdur. Heç bir memarlıq tələbi gözlənilmədən birbaşa çayın içərisində quraşdırılan estakadalar tikintinin gec-tez baş tutacağından xəbər verir. Başqa sözlə, insanların Kür çayına həsrət qoyulacağı şübhəsizdir.

Bir daha vurğulayaq ki, qeyd edilən ərazilər birbaşa Mingəçevir şəhər İH-nin sərəncamındadır. Hər şeydən öncə bu addımı atanlar məsuliyyətə cəlb edilməlidir. Yeri gəlmişkən, torpağın qanunsuz zəbt edilməsi ilə Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə cinayət məsuliyyəti yaradır.
Kürün hasarlanması həm də turizmin inkişafına mane olur. Çünki bu ərazilər dövlət mülkiyyətidir. Dövlət bu məsələdə maraqlı olmalı və kimliyindən asılı olmayaraq qanunsuz zəbtetməyə görə həmin şəxslər barədə hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Bu ərazilər dövlətə məxsusdur və özəlləşdirilə bilməz. Bunlar ümumi istifadə üçün nəzərdə tutulan ərazilərdir. Əgər yerli icra hakimiyyəti bu məsələyə ciddi yanaşsa və yerli müvafiq qurumlara göstəriş versə, həmin tikintilər dərhal ləğv edilə bilər. Yerli icra hakimiyyətinin belə bir səlahiyyəti var.
Əlavə edək ki, “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərdən sonra Xəzər dənizinin, iri çayların görüntüsü məhdudlaşdırıla bilməz. Hətta dövlət təyinatı ilə sahilboyu ərazilərdə hasarlanma olarsa belə, müəyyən məsafədən sonra – hər 100 metrdən bir eni 6 metr olmaqla dənizə (çaya) giriş-çıxış üçün yerlər saxlanılmalıdır. Bu gün Mingəçevirdə çox böyük bir ərazidə Kür çayını min metlərlə məsafə boyu görmək mümkün deyil. Halbuki Kür ümumi sərvətimizdir.
Məsələ uzun illərdir ki, müzakirə predmetidir. Amma 2022-ci ildə yaşamağımıza baxmayaraq, Kürün sahilini hasarlardan, müxtəlif əyləncə obyektlərindən, otellərdən, restoranlardan, villalardan təmizləmək mümkün olmayıb. Halbuki dövlətin sərvətini xalqdan oğurlayıb satanlar haqqında müvafiq tədbirlərin görülməsinin tam zamanıdır. Bunun üçün kifayət qədər əsaslar da var, ciddi qanunlar da var.

Hələ ki dəyirman öz işindədir…


“İcra başçıları ona görə yerlərə təyin olunub ki, xalqa xidmət etsin, onların problemlərini həll etsinlər, problemlərin həllini sürətləndirsinlər. Nəinki bahalı maşınlarla, mühafizələrlə gəzmək, insanlarla ünsiyyətdə olmamaq və sairə davranış sərgiləsinlər”.
Bu sözlər də ölkə başçısına məxsusdur. Bu gün yerli icra hakimiyyətlərinin əssas vəzifəsi rəhbərlik etdikləri regionda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqları yerinə yetirməkdir. Təəssüf ki, Mingəçevirdə bütün bunların əksi müşahidə olunur. Sakinlərin narazı qaldığı bu proses şəhər rəhbərliyi tərəfindən qulaqardına vurulur. Necə deyərlər, hələ ki “dəyirman öz işindədir…”
Uzun müddətəmi? Bunu zaman göstərəcək.
Mövzunu davam etdirəcəyik.


Azər