AXCP Sumqayıtda həbs edilən gənc fəalın müdafiəsinə qalxdı
Sumqayıtda gənc fəal Cabbar Savalanlının həbsi ilə bağlı AXCP bəyanat verib. Bəyanatda deyilir:
“Fevralın 5-i gecə saat 20.15-də partiyanın gənc fəalı, AXCP Gənclər Komitəsinin Sumqayıt Dövlət Universiteti üzrə koordinatoru Cabbar Savalanlını Sumqayıt polisi saxlayıb. Polisin açıqlamasına görə, saxlanılarkən C.Savalanlının üzərindən tiryək çıxıb. Buna görə o, şübhəli şəxs kimi Sumqayıt baş polis idarəsinə aparılıb. Haqqında cinayət məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb.
AXCP baş verənləri birmənalı şəkildə siyasi şou, müxalifətə, etirazçı gəncliyə qarşı hakimiyyətin repressiyası kimi dəyərləndirir və hiddətlə pisləyir.
AXCP bildirir ki şərlənərək həbs edilən C.Savalanlının narkomaniyaya heç bir aiddiyatı yoxdur. Onun bu cür çirkin kampaniyaya tuş olması birbaşa siyasi əqidəsi, fəal təşkilatçılığı ilə bağlıdır.
C.Savalanlı partiya sıralarına qoşulduğu gündən nümunəvi davranışı, intizamı, yüksək təşkilatçılığı ilə seçilib, AXCP-nin keçirdiyi kütləvi aksiyalarda, tədbirlərdə fəallardan olub. O, müxtəlif sosial şəbəkələrdəki fəaliyyətində də rejimə qarşı sərt münasibətini ifadə edib, hazırkı hakimiyyətin istefasını tələb edən şüarlarla çıxış edib.
AXCP C.Savalanlıya qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edərək bildirir ki, bu həbs hakimiyyətin opponentlərinə qarşı qanundan və siyasi etikadan kənar növbəti davranışıdır. Məqsəd rejimə qarşı cəmiyyətdə getdikcə güclənən səfərbərlik ovqatına, təşkilatlanmaq cəhdlərinə mane olmaq, xalqda total xof yaratmaqdır.
Heç bir həbsin, şantajın onun tərəfdarlarını, üzvlərini insan hüquq və azadlıqları, ədalət uğurunda apardığı mübarzidən yayındıra bilməyəcəyini bəyan edən AXCP.hakimiyyəti ləngimədən günahsız həbs edilən gəncin azad olunmasına çağırır. Partiya C.Savalanlının azadlığa çıxması üçün bütün qanuni vasitələrdən yararlanacağını bəyan edir”.


