Bəşər Əsədə acıdığım tək nöqtə

Bəli, o – bir insanlıq cəlladıdır.
Bəşəriyyətin üzqarasıdır.
Tökdüyü qanların, aldığı canların heç bir bəraəti yoxdur.
Alacağı ən ağır cəza belə, etdiklərinin yanında çox yüngül olacaqdır.
Bu cür çağdışı təfəkkürlə, ailə-tayfa zehniyyəti ilə, hakimiyyət ehtirası ilə yaşayanların 21-ci əsrədək gəlib çıxmalarının və bu əsrdə də mövcudluqların özü zatən ayıbların ən böyüyü, rəzalətlərin ən yekəsidir.
Bütün bunlar öz yerində.
Amma öz ölkələrində Islam adına qadınların avtomobil sürmək haqqını belə yasaqlayaraq, özləri Londonun mərkəzində dəbdəbəli imarətlərdə eyş-işrət məclisləri qurarkən, hüquq və azadlıqlara qarşı özləri ən azı Suriya rejimi qədər amansız münasibət sərgilərkən Ərəb Ölkələri Liqasının ikidə bir çıxıb onu milli iradəyə, demokratiyaya hörmətlə yanaşmağa çağırdığını görüncə Bəşər Əsədə ürəkdən acıyıram. Nə hisslər keçirdiyini bilir və o hisslərində sonadək haqlı olduğuna inanıram.
Doğrudan da:
Bir kora başqa bir korun “kor” deməsindən ağır, çəkilməz, dözülməz nə ola bilər ki?
Özü xirtdəyəcən pisliyin, zibilin, üfunətin, p..-püsürün içində olan birinin başqasının qapısı ağzını təmizləməyə çalışmasından böyük həyasızlıq, utanmazlıq varmı?
21 dekabrdan qorxmağa dəyərmi?
Bir: Ilham Əliyev “korrupsiya üstümüzdə qara ləkədir” deyəndə…
Iki: Zakir Qaralov “korrupsiya ilə mübarizəyə özümüzdən başlamalıyıq” söyləyəndə…
Üç: Əli Həsənov “Xədicə Ismayılovanın videosu təmiz pencəyimizə yapışmış saqqızdır” hayqıranda…
Dörd: Misir Mərdanov “Biz müəllimlərə nə veririk? Cəmi 200 manat pul veririk. Əgər o müəllimlərə 2000 manat maaş verilsə, hansı uşaq repetitor yanına gedər? 2000 nəfər şagirdi olan məktəb direktoru 160 manat maaş alır. Normal ağlı başında olan adam 200 manata gedib əsəblərini korlayarmı?” deyə ən tənqidçi təhsil ekspertindən belə kəskin danışanda…
Beş: Eldar Ibrahimov “YAP-a məddah adamlar lazımdır ki, bizi tərifləsinlər, mədh etsinlər” etirafını edəndə dağılmadısa, narahat olmayın, dünya bir də heç vaxt dağılmaz.
Zahid Oruc o yazını yazacaqmı?
Zahid Oruc “Qara siyahılar” başlıqlı bir yazı yazıb. Çox əyləncəli yazıdır, oxuyun kefiniz açılsın.
Zahid müəllim orada təzəlikcə ABŞ-da qüvvəyə minən “Maqnitski qanunu”nu topa tutur.
Bilirsiniz ki, bu qanun Rusiyanın cinayətkar və korrupsioner məmurlarının Qərbə çıxışının yasaqlanmasını nəzərdə tutur, üstəlik, söhbət yalnız ABŞ-ın yasağından da getmir, artıq Avropa Parlamenti də “Maqnitski qanunu”na dəstəyini ifadə edib.
Əlbəttə, Fəzail Ağamalının müavininin həmin qanuna bərk qəzəblənməsini başa düşmək çətin deyil. “Milyarderlər Ittifaqı” məsələsindən sonra bütün yaptokratlar kimi, Rusiyaya qarşı cini təpəsində olan, hər ağzını açdığında Rusiyanın qabırğasına döşəyən Zahid Orucun indi oturub Rusiya məmurlarına gün ağladığını, onlara can yandırdığını düşünməkdən gülməli nə ola bilər?
Bəs nədir Fəzailin müavinin əsl dərdi?
Məsələ burasındadır ki, məlum qanunun arealının genişlənmək ehtimalı var, o gələcəkdə Qərbin qapılarını yalnız Rusiyanın oğru məmurlarının üzünə qapatmaqla kifayətlənməyə də bilər, mümkündür ki, oxşar təhlükə avtoritar və totalitar üsullarla yönəldilən başqa ölkələrin də quldur məmurlarını gözləyir. Elə isə bizim büdcəni oğurlamaqda, yetim malı yeməkdə, millətin sərvətlərini sümürməkdə mahir məmurlarımızın da günün birində “qara siyahı”ya düşməsi indidən niyə Zahid Orucu əndişələndirməsin?
Bu belə.
Yazısında Fəzail Ağamalının müavini Avropanı diktatorların yığdıqları milyardları məzlum xalqlara qaytarmadığına görə ittiham edir. Əvvəla, Mübarəkin, Qəzzafinin və bin Əlinin sərvətlərinin böyük hissəsinin xalqa qaytarıldığına dair xəbərlər var, hətta hesab edək ki, Zahid Oruc iradında haqlıdır.
Amma onun ürəyi, cəsarəti çatırsa, qoy əvvəlcə diktatorların niyə oğurluq yollarla, xalqın cibinə girərək, onun sərvətlərini öz ailələrinin əlində cəmləyərək milyardlar yığdıqlarından yazsın, ona görə onlara dişinin dibindən çıxanı desin, həmin milyardların sonrakı taleyi isə artıq sonrakı söhbətdir.