Təzadlı və maraqlı deyilmi? Əvvəlcə səni Azərbaycana 8 milyard ziyan vurmaqda ittiham edirlər, sonra da bu ziyanı dilə gətirən ölkə başçısı özü səni “məsuliyyətli və möhkəm tərəfdaş”, necə deyərlər, “yaxşı oğlan” adlandırır. Hər halda Ilham Əliyevin son çıxışından belə anlaşıldı.
Həmin çıxışdan sitat: “Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır”.
Bəli, birdən-birə 8 milyardlıq ziyan, BP-nin əleyhinə aparılan təbliğat, ona qarşı ittihamlar yoxa çıxır, o, qızıl oğlan kimi təqdim edilir, əvəzində isə “daxili müxalifət” satqın adlandırılır. Hətta ermənilərlə eyniləşdirilir. Müxalifəti düşmən adlandırmaq, onu ermənilərlə eyni tutmaq birinci dəfə deyil, amma BP-i ilə dostlaşmanın sevinci fonunda bunu demək tamam ayrı məna verirdi.
Aydınca göründü ki, Ilham Əliyev ictimai rəylə qayğılanmağa, narahat olmağa başlayıb. Həm də çox ciddi və çox emosional şəkildə…
Təkcə gizli videoların yayılması deyil, ölkə daxilində az qala hər kiçik hadisə hakimiyyətin ifşası ilə başa çatır. Bu uzun illərdə xalqda məhəl qoymayıb, xarici güclərlə dostluğuna arxalanan bu hakimiyyət indi onlarla da problemlər yaşamağa başlayıb. Cəmiyyət də görür ki, hətta avtoritarların qoruyucu mələyi olan Rusiya da Ilham Əliyevə xoş münasibətdə deyil. Qərblə də əvvəlki isti və rahat əməkdaşlıq dövrü arxada qalıb. Yeni vəziyyət “dünya bizimlə hesablaşır” fikri ilə ölkənin daxilinə əzələ nümayiş etdirən bu rejim üçün ciddi və hətta isterik narahatlıq yaradır. Belə bir halda BP ilə problemi olan rejim kimi görünmək heç sərfəli deyil.
Ona görə də, Ilham Əliyev BP ilə münasibətlərin düzəlməsini böyük şadyanalıqla müxalifətə acıq verməli oldu. Halbuki BP ilə münasibətlərin düzəlməsi hələ neft sənayesindəki problemlərin həlli demək deyil. Çünki etiraf edilir ki, BP hasilatı hələ gələcək illərdə stabilləşdirməyi planlaşdırır. Bunun isə mümkün olacağını kimsə bilmir. Asan olsaydı, neft hasilatının getdikcə azalmasına heç əvvəldən yol verməzdilər…
Lakin Ilham Əliyev son çıxışı göstərdi ki, satqın adlandırılan müxalifət (narazı qüvvələr), adətən deyildiyinin əksinə olaraq, çox ciddiyə alınır. Ilham Əliyev xalqın kəskin narazılığından xəbərdardır və düşünür ki, xarici faktorlarda onun zəif görünməsi bu narazılığı gücləndirə, alovlandıra bilər. Narahatlıq və emosiya da bundandır.
Ilham Əliyev gözəl bilir ki, müxalifəti satqın adlandıra bilər, amma xalq hakim komandaya işğalçı kimi baxır və nifrət edir. Sadəcə polis rejiminin yaratdığı qorxu bu nifrətin qabağını kəsib. Anidən isə hər şeyə dəyişə bilər. On görə də “BP də bizimlədir” mesajı ilə polis rejimin bəndi-bərəsi gücləndirilir…
Bir sözlə, “BP ilə anlaşdıq” mesajı neft sənayesinin problemlərinin həlli deyil, siyasi problemlərin həllinə cəhddir. Siyasi problemləri isə bu yolla həll etmək mümkün deyil, axı bu ötən illərdə hər cür qadağa və təzyiqləri artırmaqla onları həll etmək mümkün olmadı.
Sadə bir həqiqət var ortada. Nəinki BP, bütün dünya da Ilham Əliyevlə dil tapsa, vəziyyət dəyişmir, xalq artıq bu cür yaşamaq istəmir.

BP “yaxşı oğlan”mış…
•