“Münaqişənin kökündə korporativ maraqlar dayanır”

«Dövlət başçısının mövqeyi tədricən Ramiz Mehdiyevin mövqeyinə uduzur»

Təhsil Nazirliyi ilə TQDK arasında münasibətlərdə “nisbi sakitlik” olsa da, münaqişənin yenidən alovlanacağı şübhəsizdir. Ekspertlər də bu xəmirin hələ çox su aparacağını deyirlər. Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu ilə söhbətdə də bu məsələrə aydınlıq gətirməyə çalışdıq.

– Artıq Təhsil Nazirliyi ilə TQDK arasındakı münaqişə davam edir. Belə qarşıdurmaları siz həmişə onların korporativ maraqlarının antoqonizmi kimi dəyərləndirmisiniz. Amma, deyəsən, bu dəfə məsələ ciddi idi.
– Hesab etmirəm ki, səngiyib. Bu yalnız zahiri görüntüdür. Əlbəttə, münaqişənin kökündə korporativ maraqlar dayanır. TQDK təhlillər aparır və bu təhlillər həmişə ədalətli olmur.

– Məsələn…
– Elə kifayətdir ki, son qarşıdurmanın predmeti olan “Ilin ən yaxşı müəllimi” və oxşar nominasiya barədə dartışmalara nəzər yetirək. TQDK iddia edir ki, ən yaxşı müəllim və ən yaxşı məktəblərin müəyyən olunması qəbulun nəticələri ilə uyğun gəlmir. Aydın məsələdir ki, heç vaxt yüz faizlik uyğunluqdan söhbət gedə bilməz, çünki qəbul prosesinin nüvəsini özəl məktəblər təşkil edir, onlar da qanuna görə  müsabiqədə iştirak edə bilməz. Yeri gəlmişkən, onu da qeyd edim ki, hakimiyyət öz imzaladığı qanunlara belə hörmət etmir. Təhsil Qanunu bütün sektorların bərabərhüquqlu olduğunu tələb edir, amma Nazirlər Kabinetinin qərarına əsasən özəl məktəblər müsabiqədən kənardır. Məsələyə Təhsil Nazirliyi aydınlıq gətirdi və bunu öz saytında yerləşdirdi. Eyni zamanda nazirlik məhz TQDK-nın statistik təhlillərinə əsaslanıb cavab yazmışdı. Ölkə üzrə ən yüksək bal toplayan 36 məktəbin adı verilib. Bunların 13-ü özəl məktəblərdir. Bir neçə məktəb də texniki səbəblərdən müsabiqədə iştirak etməyib. Qalan 15 məktəb “Ilin ən yaxşı məktəbi” müsabiqəsinin qalibləridir. Oxşar statistika ilin ən yaxşı müəllimləri ilə də bağlıdır.

– Sizin dediyinizdən belə çıxır ki, TQDK əsaslandırılmamış bəyanat verib.
– Nazirliyin gətirdiyi faktların qarşısına TQDK əks- arqument qoya bilmədi. Məhz bu səbəbdən son olaraq qurumun sözçüsü E.Nağızadə təkzibə oxşar bir cavab verdi. Dedi ki, heç bir təlaşa ehtiyac yoxdur, Məleykə xanım arzularını ifadə edib. Bu, vəziyyətdən çıxış yolu idi. Baxın, TN-in cavabından sonra TQDK press-reliz yaymışdı. Burada oxuyuruq: “Əvvəla, balı məktəb yox, məktəbin şagirdi toplaya bilər”. Çox maraqlıdır, Qəbul Komissiyası Təhsil Nazirliyinin cavabında dil “qüsuru” tapıb. Əvvəla, etik aspektdən yanaşsaq, bu, qəbuledilməzdir. Ikinci, press-reliz rəsmi üslubdur. Belə cümlə üslubun xarakterinə tam ziddir. Məhz rəsmi üslub qaydasını pozan həmin qurumdur ki,  abituriyentlər üçün üslublara aid saysız-hesabsız çətinləşdirilmiş testlər salır. Nəhayət, keçək işin elmi tərəfinə. Görünür, bəyanatı hazırlayan dilçilər metonimiyanın(əvəzləmə) nə olduğunu bilmirlər. Onda gərək “Danışır London”, yaxud “Samovar qaynadı” söyləyənlərə irad tutub deyək ki, London danışmaz, samovar yox, su qaynayar və s. TQDK əməkdaşları öz opponentlərini qaralamaq üçün belə qeyri-sağlam üsullardan istifadə edirlər.
O ki qaldı bəyanatın motivlərinə, bunlar çoxvektorludur.

– Konkretləşdirmək olar?
– Əlbəttə. TQDK-nın təhsilin ümumi səviyyəsi ilə bağlı verdiyi pessimist bəyanatları bölüşürəm. Sirr deyil ki, hakimiyyət təhsili özünə təhlükə sayır. Ona görə də təhsilin “qətli” aktı baş verib. Indi Prezident Aparatı izi azdırıb  “qatil”i Təhsil Nazirliyində axtarır. Sizə Elşad Abdullayevin son videosundakı bir replikanı xatırlatmaq istəyirəm. Sevinc Babayeva ona təklif edir ki, ikincinin qardaşı üçün Binəqədi rayonunu alsınlar və deyir: “… Sonra hər şey edəcəyik. Bələdiyyə onun əlində, məktəblər onun əlində”. Açıq təsdiq olunur ki, məktəblərə rəhbərliyi nazirlik deyil, icra hakimiyyətləri həyata keçirir. Buna baxmayaraq, təhsilin bütün günahlarını nazirliyin üstünə atırlar. Bəzən nazir də dözmür və təhsil müəssisələrini icra hakimiyyətlərinin idarə etdiyini dilə gətirir. Əslində, bu heç sirr də deyil. Elə bu yaxınlarda Gəncədən Sumqayıta gələn icra başçısı ardınca Gəncə RTŞ-nin müdiri M.Əliyevi gətirdi. Bax, belə etiraflar olanda R.Mehdiyevin ya birbaşa, ya da bilvasitə hücumlarının şahidi oluruq. Bilvasitə hücumlar məhz TQDK vasitəsilə həyata keçirilir, çünki maraqlar üst-üstə düşür. Təəssüf ki, TQDK belə hücumlara görə mükafatlandırılır, yəni nazirliyin səlahiyyətlərini bir-bir alıb ona verirlər. Diqqət yetirsəniz, “Ilin ən yaxşı müəllimi” nominasiyası Qəbul Komissiyası üçün elə bir əhəmiyyət kəsb etmir. Yumşaq desək, sədr səlahiyyət həddini aşıb. Məsələ burasındadır ki, “Azadlıq” qəzetindəki testlərlə bağlı apardığım son araşdırma yazıma “Ilin ən yaxşı müəllimi” sayılan iki şəxs imza atıb. Düşünürəm ki, Məleykə xanımın sərt reaksiyasının kökündə bu dayanır.

– Siz aparat rəhbərinin adını çəkdiniz. Sizcə, dövlət başçısının mövqeyi necədir?
– Məncə, dövlət başçısının mövqeyi fərqlidir. Təəssüf ki, burada da stabil bir tendensiyanın şahidiyik: dövlət başçısının mövqeyi tədricən R.Mehdiyevin mövqeyinə uduzur.

– Siz TQDK-nı suçlasanız da, bir çox ekspertlər əks mövqe sərgiləyirlər.
– Mən heç vaxt bu qurumun fəaliyyətinə mənfi qiymət verməmişəm. Sadəcə, nöqsanlarını etiraf etmək gücləri yoxdur. Ən böyük günahı ondadır ki, bu qurum da digərləri kimi, siyasi təzyiq altında ola-ola tam müstəqil işlədiklərini gözə soxmaq istəyirlər. O ki qaldı ekspertlərin rəyinə, elə Etibar Əliyev son yazısında (“Azadlıq” qəzeti) bu qurumu sərt tənqid edib və etiraf edib ki, TQDK qapalı olduğundan birinci məlumatsız olub, indi isə məlumatlar əldə edib və zaman-zaman bunu mətbuata çıxaracaq.

– Təhsilin iki qanadı arasındakı çəkişməni necə həll etmək olar?
– Hazırda dərsliklərin monitorinqi gedir. TQDK bütün narazı müəllifləri bu monitorinqə cəlb edib. Başqa dərsliklərin mübahisəsini eləyə bilmərəm. Mən Azərbaycan dili fənni üzrə dərslik və dərs vəsaitlərini(V-XI siniflər) araşdırmışam. Məsuliyyətlə deyə bilərəm ki, dərsliklər etibarlıdır, çünki savadlı alimlərin nəzarəti altında yazılıb. Əlbəttə, nöqsanlardan da xali deyil. Amma TQDK-nın vəsaiti test suallarına cavab vermək üçündür. Kifayət qədər ziddiyyətli məqamlar və elmi səhvlər var.
Münaqişənin həllinə gəldikdə isə bir oxşarlıq aparmaq istərdim. “Təhsil” ərəbcə “hasil” sözü ilə eyni kökdəndir. Hasil haqqında məşhur riyazi qayda var: vuruqların yerini dəyişdikdə hasil dəyişməz. Təhsil naziri ilə Məleykə xanımın yerini dəyişmək lazımdır. Onda “Kimdir günahkar” sualına cavab tapılacaq.

Ramin DEKO