Soros fondunun dəstəyi ilə layihələr hazırlanıb
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi komunal sektorda təchizatçılarla əhali arasında yeni müqavilələrin bağlanmasını təklif edir. Bu barədə qurumun həyata keçirdiyi layihələrlə bağlı fevralın 7-də Azərbaycan Media Mərkəzində təşkil olunan təqdimat mərasimində məlumat verilib.
Təkliflər “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb və qaz, su, elktrik enerjisi sahələrini əhatə edir.
Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev məlumat verib ki, layihə ACYF-nin dəstəyi ilə həyata keçirilir. Təşəbbüsün məqsədi kommunal sektorda istehlakçı hüquqularının daha etibarlı müdafiəsi, istehlakçı və təchizatçı müəssisənin hüququları və məsuliyyəti arasında tarazlıq yaradılması, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Nuriyev qeyd edib ki, hazırda kommunal xidmət sektorunda ciddi nöqsanlar müşahidə edilir. Problemlərin bir hissəsi isə bu sektorda fəaliyyəti tənzimləyən qanunvercilikdəki boşluqlardan qaynaqlanır. Şəbəkə ekspertlərinin hazırladığı yeni müqavilə layihələri də qanunverciliyin təkmilləşdirilməsi niyyətini güdür. Müqavilə layihələri artıq əlaqədar dövlət qurumlarına da göndərilib.
Tədbirdə ACYF İdarə Heyətinin sədri Mehman Əliyev də çıxış edərək kommunal xidmət sahəsindəki problemlərlə bağlı fikirlərini bildirib.
İnformasiya şöbəsi