Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Ermənistan qırıcılarının istədikləri vaxt kütləvi şəkildə Azərbaycanın hava məkanına daxil olub başımıza bomba yağdıra biləcəyindən və Azərbaycanın hava hücumundan müdafiə sisteminin, ümumiyyətlə, olmamasından xəbəriniz var idimi?!
Bunu mən iddia etmirəm, Milli Şura iddia etmir, SOCAR-a məxsus olan “Haber Global” televiziya kanalı təkidlə bildirir.
Kanalın məlumatına görə Ermənistan Rusiyanın onlara verdiyi dörd ədəd SU-30 qırıcısını Ukraynada istifadə məqsədilə Rusiyaya qaytarıb.
Ermənistan rəhbərliyi bu xəbəri dərhal təkzib etdi. Ardından “Haber Global” süjet yayaraq Paşinyanın yalanını “ifşa etdi”. Sən demə düşmən ölkəyə məxsus dörd qırıcının heç bir maneəyə rast gəlmədən Azərbaycanın hava məkanına daxil olması və bütün ölkə ərazisindən keçərək Rusiya sərhəddinə çatması haqqında “təkzibedilməz” radar məlumatları var.
Yəni, Ermənistan Silahlı Qüvvələrinə məxsus qırıcılar istədikləri vaxt hava məkanımıza daxil olub başımıza bomba yağdıra bilərlər! Yəni, Azərbaycanın hava hücumundan müdafiə sistemi, ümumiyyətlə, mövcud deyil!
Qarabağ savaşı dönəmində Rusiyanın hərbi yük daşıyan uçaqları belə Gürcüstan ərazisindən uça bilmirdi. Gürcüstan icazə vermirdi və buna görə ABŞ Dövlət Departamenti qonşu ölkəyə təşəkkür etmişdi.
O zaman Rusiya uçaqları Xəzərin üstündən uçmaqla İranın üzərindən Ermənistana yük daşıyırdı. İndi isə bəlli olub ki, Azərbaycan dost Ukraynaya qarşı savaşmaq məqsədilə havaya qalxan düşmən Ermənistanın dörd qırıcısına öz hava məkanından keçmək üçün koridor verib! Təsəvvür edirsiniz, bu, öz ölkəni bütün dünyada rüsvay etməkdən başqa bir şey deyil!
Ukraynanın sosial şəbəkələri bu xəbəri bizə istinadən geniş yaydılar, ukraynalılar, təbii ki, ermənilərə yox, bizə inandılar, bizə güvəndilər. Və biz o güvənə də zərbə vurduq, o inamı da sarsıtdıq.
Ermənilər bu gün ABŞ, Böyük Britaniya və digər NATO ölkələrinin İrəvandakı səfirliklərinin hərbi attaşelərini hərbi obyektə dəvət edərək SU-30 qırıcılarının nümayiş etdiriblər.
Azərbaycan isə növbəti bir “fake news” skandalının mərkəzinə düşdü. Özü də bu dəfə təkcə özünün deyil, həm də bizim azadlığımız üçün savaşan Ukrayna xalqının vətənpərvərlik duyğularını manipulyasiya etməklə.
Azərbaycan xalqından oğurlanan neft pulları hesabına fəaliyyət göstərən “Haber Global” kimə və nəyə xidmət edir?!
Məqsədi ölkəmizi rüsvay etmək idisə, təbriklər, bunu bacardı.