Məhkəmədən sonra vəkil bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Şahin Hacıyev 6 il azadlıqdan məhrum edilib.
Martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Hacıyev CM-in 234.4.3 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinib.
“Belə texniki səhv olmaz”
Lakin hökmdən əvvəl AXCP fəalı bildirib ki, üzərindən tapıdlığı iddia olunan narkotikin əslində, ona heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, həmin narkotiki üzərinə polislər qoyub:
“Mənim evimdən narkotik yox, noutbukumu götürüblər polislər”, – cəbhəçi belə deyib.
Vəkil Zabil Qəhrəmanov bildirib ki, müvəkkili ilə bağlı əməliyyat keçirilməsinə dair qərarda Şahin Hacıyev əvəzinə Müşfiq İsayev adlı şəxsin ad-soyadı əksini tapıb:
“Deyirlər ki, texniki səhvdir. Belə texniki səhv olmaz…”
Vəkil Hacıyevin saxlanılarkən və ondan sonra polis idarəsində işgəncəyə məruz qalması haqda dediklərini yada salaraq vurğulayıb ki, istintaq təcridxanasının arayışından da bu, təsdiq olunur. Orada göstərilib ki, AXCP fəalı istintaq təcridxanasına gətiriləndə ayağının altında, bud nahiyəsində xəsarət izləri olub.
Məhkəmədən sonra vəkil bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Azadlıq radiosu