AXCP sədri Əli Kərimli
İlham Əliyevin müttəfiqi Putin heç gözləmədiyi daha bir ünvandan ağır zərbə aldı. Ukrayna ilə savaş başlayandan Rusiyanı 50-70 min nəfər arası informasiya texnologiyası (İT) mütəxəsisi tərk edib. Aprel ayında da 70-100 min nəfər arası İT mütəxəsisinin ölkəni tərk edəcəyi gözlənilir. Sonrakı aylarda da bu axın davam edəcək və Rusiya 100 minlərlə İT mütəxəsisindən məhrum olacaq.
Ukraynaya qarşı başlatdığı savaşa görə Rusiyanın məruz qaldığı itkilər hesablanərkən ilk növbədə onun hərbi və iqtisadi itkiləri hesablanır. Ancaq bu savaş nəticəsində Rusiya yeri doldurulması çox çətin olacaq başqa böyük itkilərə də məruz qalır. Putinin avantürist siyasəti Rusiyadan çox böyük beyin axınına səbəb olub. 100 minlərlə İT mütəxəsisinin Rusiyanı tərk etməsi onu yüksək texnoloji inkişafdan məhrum edəcək. Ölkəni inkişafda 10 illərlə geriyə atacaq. Ancaq bu da hamısı deyil. Rusiyanı təkcə İT mütəxəsisləri deyil, əksər istedadlı və qabiliyyətli adamlar tərk edir. Rusiyanın intellektualları, yaradıcı ziyalıları, alimləri, ictimai-siyasi fəalları, jurnalistləri, bloqçuları da ölkəni tərk edir. Böyük, orta, kiçik biznes sahiblərindən kim bacarırsa, ölkəni tərk edir. Bankirlər, hüquqşünaslar, texnokratlar, özəl sektorda uğur qazanmaq imkanı olan təhsilli və azadlıqsevər insanlar 100 minlərlə ölkəni tərk edir. İmkanı olanlar Türkiyəyə, Dubaya, İsrailə üz tutur, digərləri Gürcüstan, Qazaxıstan, Qırğızıstan və başqa qonşular vasitəsilə olsa da, ölkədən çıxıb xilas olmağa çalışır. Rusiyanı milyonlarla bacarıqlı, kreativ, yüksək ixtisaslı işçi qüvvəsi, xarici və yerli sərmayə tərk etməkdədir. Rusiya hətta hərbi itkilərinin belə yerini nəzəri cəhətdən bir neçə ilə doldura bilər, ancaq bu nəhəng beyin və kapital axını Rusiyanı 10 illərlə geriyə atacaq.
Tək bircə nəfərin iddiası, hikkəsi, ağlı ilə idarə olunan ölkənin qarşılaşdığı nəticələr bu qədər faciəlidir. Nəyi, nə vaxt, necə etməyi yalnız bir nəfərin bildiyi heç bir ölkə belə dağıdıcı nəticələrdən sığortalanmayıb. Ancaq ümid onadır ki, Rusiyadakı tək adam hakimiyyətinin iflası özü ilə birlikdə bütün tək adam hakimiyyətlərini də iflas etdirəcək.