Bakı-Gəncə qatarında biletlər ikiqat bahalaşdı

Bakı-Gəncə-Bakı marşrutu üzrə elektrik qatarlarına biletlərin qiyməti artıb.

Bu barədə məlumat “Azərbaycan Dəmir Yolları” QSC-nin saytında yerləşdirilib. Saytda yer alan cədvəldə sabah, martın 19-da fəaliyyətini bərpa edən Bakı-Gəncə marşrutu üzrə qatara “standart” biletinin qiyməti 20, “biznes” biletinin qiyməti 33, “birinci klass” biletinin qiyməti isə 100 manat göstərilib. Əvvəl həmin qiymətlər, müvafiq olaraq, 10, 25 və 100 manat idi.

Bakı-Gəncə-Bakı qatarına biletlərin satışına bu gün, martın 18-dən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən (koronavirusla bağlı) peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan da istifadə etməlidirlər.

Qatarda 9-u “birinci klass”, 62-si “biznes”, 296-sı isə “standart” olmaqla, 367 oturacaq yer mövcuddur.

Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin martında dayandırılmışdı.

Bakı-Gəncə-Bakı sürət qatarı 2018-ci il dekabrın 30-da işə düşüb.

Azadlıq radiosu