Gedin!!!

Iqtidar olduğunuz 20 ildə Azərbaycanın başına min bir oyun açdınız.
Hərraca çıxardınız Azərbaycanı.
20 il düşmən işğalında fəryad edən vətən torpaqlarından 20 qarış geri ala bilmədiniz.
Bağladığınız “Atəşkəs” adlı bir müqavilə bu millətin qürurunu sındırdı, onun şərəfini aşağıladı.
20 ildir qısır sülh danışıqları aparırsınız və cəsarət edib hərb yolu ilə problemi çözə bilmirsiniz.
Əvəzində rüşvəti, korrupsiyanı epidemiya kimi yaydınız bu məmləkətdə.
Apardığınız siyasətin nəticəsində bir qrup vəzifə sahibi milyonlara-milyardlara sahib oldu.
Milyonlarla Azərbaycan vətəndaşı bir qarın çörəyə möhtac ikən dövlətdə yüksək görəvdə olanlar oliqarxa çevrildi.
Müəllim, həkim, alim, təqaüdçü it günündə ikən, nazirə, icra başçısına, rəisə, hakimə fironlar kimi yaşamaq nəsib oldu. Sayənizdə.
Azərbaycanın içindən bir Azərbaycan da çıxardınız. Birində hər gün yaşamaq uğrunda mübarizə aparan xalq, digərində Yeni Azərbaycan Partiyasının biletini cibində gəzdirən rüşvətxor məmur ordusu yaşayır. Birinin vətəndaşları məzlumlar, digərininki zalımlardır.
Bilin, cəmiyyətdə baş verən cümlə eybəcərliklərə bais sizsiniz. Bais sizlərin yaratdığı anormal idarəetmə sistemidir. Və bu sistemlə cümlə Azərbaycanda QORXU IMPERATORLUĞU yaratmaq üçün nələrə əl atmadınız?
Kim sizinlə deyil, sizə biyət etmir, sizin baş əydiyinizə baş əymir onu düşmən saydınız.
Siyasi rəqiblərə qarşı sözün əsl mənasında düşmən münasibəti bəsləməklə cəmiyyətdə ikitirəlik bərqərar etdiniz.
Şüar etdiyiniz “bizdən olmayan düşmənimizdir” prinsipi dövlətə və vətənə olan sayğını, ehtiramı azaltdı.
Yaltaqlığa və məddahlığa atalıq qayğısı göstərməklə milli mentalitetə ağır zərbə vurdunuz, kişiləri sındırdınız, başları mədənin əsirinə çevirdiniz.
Gedin! Yetər artıq. Siz bu xalqın millət olmasına imkan vermədiniz. Toplum, sürü saydınız bu xalqı. Onun min məşəqqət içində yaşaması sizləri məmnun etdi. Əbədi hakimiyyət olmur. Fəqət sizlər min illərlə hakimiyyətdə olacağınızı düşünürsünüz. Nə qədər səhv etdiyinizinsə, fərqində deyilsiniz.
Nə doğru-düzgün xarici siyasətiniz oldu, nə də daxildə vətəndaş həmrəyliyi yarada bildiniz.
Tək işiniz, əsas amalınız Azərbaycan sərvətlərini çapıb-talamaq, rüşvətlə səltənət qurmaq oldu.
Beş il “qara gün” üçün topladınız, gözünüz doymadı, on il yığdınız, 15 il qamarladınız. Gözünüz doymaq bilmir. Iyirmi ildir ki, “qara gün” üçün sərvət toplayırsınız. Yenə gözünüz doymur.
Cinayətləriniz dünyanı mat qoyub. Azərbaycanın adı utanc gətirən siyahılarda yazılır.
Daha nələr etmək istəyirsiniz? Məramınız Azərbaycanı çökdürməkmi? Qardaş qanı tökməkmi?
Azərbaycan üç tərəfdən düşmən və dövlətin təməlini hədəfə götürmüş düşməndən də betər rüşvətxorların zərbələrinə tuş olub. Dövlət içindən dağılır. Gözlərimiz qarşısında. Iki-üç video YAP iqtidarının paxırını açdı. Bunula iş bitmir axı. Yəqin ki, cümlə iri rüşvətxorların əlində yüzlərlə, minlərlə video lentlər var, digər kompromatlar var. O cinayətkarların birinin quyruğu qapı arasında qalsa, o videolar, o kompromatlar bomba kimi partlayacaq. Və ip ucu Bakının Ağ evinə doğru uzanacaq.
Illərlə yığdıqlarınız cəhənnəmə, MƏNiniz bir an içində məhv olar.

Ən doğru yol, ağrısız yol əlinizi Azərbaycanın boğazından çəkməkdir. Çəkin əlinizi Azərbaycanın boğazından. Imkan verin ki, Azərbaycan yaşasın. Imkan verin ki, bu məmləkətin insanları da özlərini INSAN kimi hiss etsin. Imkan verin ki, rüşvətsiz, korrupsiyasız, məddahsız, yaltaqsız, zalımsız Azərbaycan formalaşsın. Imkan verin ki, bu xalq millətə çevrilsin və imzasını millətlərin sırasına qoya bilsin.
Iqtidar olduğunuz 20 il sübut etdi ki, sizlərin dəyişməsi mümkün deyil. Bu halda ən optimal yol getməkdir.
Getmək zamanıdır, cənab rüşvətxorlar, korrupsionerlər, monopolistlər. Gedin! Əmin olun ki, gedişinizlə özünüzü, xalqı və Azərbaycanı dəhşətli bəlalardan xilas edirsiniz.