İlham Əliyevin davası keçmişlə deyil, gələcəklədir

AXCP sədri Əli Kərimli

Axır ki, İlham Əliyev də danışdı. Artıq sosial şəbəkələrdə gənclər lağlağı edirdi ki, Rusiya-Ukrayna savaşı başlayandan İlham Əliyev siyasətlə məşğul olmur, 3 həftədir susqunluğunu saxlayıb. Budur 3 həftəlik susqunluqdan sonra İlham Əliyev yenə siyasi bəyanat verib. Ancaq ümid etdinizsə ki, Qazaxıstan və Özbəkistanın cəsarətli Ukrayna mövqeyindən sonra İlham Əliyev də Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə etmək qərarına gəlib, yanılırsınız.

İlham Əliyevin gündəmində Qarabağdakı işğalçı ordunun özfəaliyyəti də yox idi. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək, Rusiya ilə imzalanmış müttəfiqlik bəyanatıyla zədələnmiş Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi, ölkənin müdafiə qabiliyyətini gücləndirmək tədbirləri də təəssüf ki, İlham Əliyev üçün prioritet deyilmiş.

Əgər ümidləndinizsə ki, bəlkə İlham Əliyev regiondakı həssas şəraiti nəzərə alıb, Azərbaycanın müstəqilliyinə əlavə təminat olaraq Avropa Birliyi ilə inteqrasiyanı dərinləşdirməkdən danışıb, yenə də yanıldınız.

Nahaq ümidlənməyin, ölkədəki gərgin sosial-iqtisadi vəziyyət, bahalaşma, artan qiymətlər, büdcədəki 2 milyard manatlıq profisit vasitəsilə ehtiyacı olan soydaşlarımıza yardım proqramları həyata keçirmək də İlham Əliyevin gündəmində deyildi.

İlham Əliyev gənc idmançılarla görüşdə yeri olmasa da, öz əsas mövzusunu gündəmə gətirib. Yenidən qayıdıb 30 il öncəyə, 12 min igidimizin şəhid olduğu Birinci Qarabağ savaşına söhbəti gətirib, əsas demək istədiyini deyib. O zamankı hakimiyyətin “xəyanətkarlığından”, necə “anti-milli” olmasından, o zaman “ordunun olmamasından” danışıb. Siyasilər bir tərəfə, 12 min şəhidin, 10 minlərlə qazinin, 10 minlərlə könüllü döyüşçünün, qurulmaqda olan nizami ordumuzun 10 minlərlə igid hərbçisinin də növbəti dəfə haqqına girib.

İlin-günün bu vaxtında, ölkənin gündəmində bu qədər vacib məsələlər varkən, nəyə görə İlham Əliyev 28 il öncəki hakimiyyəti unutmur, gündəmindən, leksikonundan çıxartmır? Normal məntiqlə başa düşmək mümkün deyil. Elçibəy hakimiyyətinin Qarabağı azad etmək üçün necə cəsarətlə savaşdığını, Rusiya Ermənistana köməyə gələnə qədər Qarabağın yarıya qədərinin azad edildiyini, minlərlə cəbhəçinin həmin savaşda könüllü olaraq savaşıb ya şəhid, ya qazi olduğunu da hər kəs bilir. İlham Əliyevin həmin dövrlə bağlı şəxsi qisas hissi də ola bilməz. Elçibəy hökumətinin ona, atasına qarşı heç bir neqativ addımı olmayıb. Zatən İlham Əliyevin keçmişin davasını etmədiyini, vaxtilə özü və atası ilə bağlı hər şeyi deyənləri, yazanları indi ətrafına topladığını da hamımız bilirik. Yəni onun davası keçmişlə deyil, gələcəklədir. Dünyanın dəyişdiyini o da görür. Avtoritar rejimlərin sonunun gəldiyini görür və qorxusu da Rəsulzadə, Elçibəy, istiqlal, demokratiya yolu yolçularındandır. Ancaq qorxunun da əcələ faydası yoxdur. Dünya dəyişir, xalqımız da dəyişim istəyir, Azərbaycan da dəyişəcək.