«Onlar mənəviyyatdan, əxlaqdan söz düşəndə susmalıdırlar»
Milli Məclisin deputatı Elton Məmmədov vəkil Aslan Ismayılovun “Azadlıq” qəzetinə son müsahibəsi ilə bağlı açıqlama verib. E.Məmmədov məqalədə Prezident Adminøistrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid edən A.Ismayılovun ünvanına sərt ittihamlar səsləndirib: “Aslan Ismayılov kimdir ki, Ramiz Mehdiyevi tənqid eləsin”.
Onun Ramiz Mehdiyevi tənqid etməyə mənəvi haqqı yoxdur. O, əvvəl bir özünə baxsın, görsün kimdir, sonra başqaları haqqında danışar. Mən belə adamları milli hisslərdən uzaq, öz maraqları naminə hər şeyi qurban verməyə hazır məxluqlar kimi qəbul edirəm”.
A.Ismayılov qəzetimizə açıqlamasında E.Məmmədovun ittihamlarına cavab verib: “Mənə maraqlıdır ki, niyə Elton Məmmədov yuyulmamış qaşıq kimi ortaya düşüb? Amma bu, mənə bir qanunauyğunluğu göstərdi. Ramiz Mehdiyev başda olmaqla bunlar hamısı Azərbaycanı talan edən dəstədir. Lazım olanda biri digərini kiminsə üstünə göndərir. Mənimlə bağlı dediklərinə gəlincə, Elton Məmmədovda, ümumən Məmmədovlarda bir az abır olsa, susarlar. Belə məsəl var ki, zibilin içində olan sərçə cikkildəməməlidir. Sakit durmalıdır ki, onun başını üzməsinlər. Indi bunlar da mənəviyyatdan, əxlaqdan söz düşəndə susmalıdırlar. Çünki onlar üçün əxlaq, mənəviyyat tamam yad şeylərdir.
Mən bilirəm ki, Elton Məmmədov Rusiyada çirkin yollarla varidat əldə edib, sonra da gəlib Azərbaycanı talan edib. Həyəsızlıq o dərəcədədir ki, səslərini çıxarmamaq əvəzinə, at oynatmaq istəyirlər. Özü də, qardaşı da, qardaşı oğlu da Azərbaycanın üzərinə daraşıblar və bunlara “dur” deyən yoxdur. Bunlar bu millətin cibinə girənlərdir. Əsas biznesləri də Rusiyadadır. Mən əminəm ki, Rusiya Azərbaycanda bir az fəallığını artırsa, elton məmmədovkimlilər ön cərgədə gedəcəklər. Çünki bunlar Rusiyanın buradakı vassallarıdır”.
A.Ismayılov heç kimdən qorxmadığını və çəkinmədiyini də deyir: “Heç kimdən qorxacağım, çəkinəcəyim yoxdur. Əksinə, onlar qorxmalıdırlar. Bu Elton Məmmədov ümumiyyətlə azərbaycanca yaza bilmir. Milli Məclisdə etdiyi çıxışları ona əvvəlcədən yazıb verirlər. Bu çıxışları da kiril hərfləri ilə yazırlar. Bu adam ad-soyadını da latın əlifbası ilə yaza bilməz, ona görə ki bu əlifbanı bilmir”.



