h aliyev-1993-komanda

Heydər Əliyevin “qış əməliyyatı”: 20 il əvvəlin sirləri

h aliyev-1993-komanda“Aşkar görünürdü ki, bizi hansı cinayətlərə sürükləyirlər və bunun sonu nə ola bilər”

Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.

Əvvəli ötən saylarımızda

İsa Sadıqov

Nazir hökm etdi ki, onun işi əmr etmək, mənim işim isə bu əmri yerinə yetirməkdir. O, çılğınlaşmış və özünə nəzarəti itirəcək həddə gəlib çıxmışdı. Mən bir daha öz mövqeyimdə qaldığımı israr etdim və bildirdim ki, onun əmrini bir halda yerinə yetirməyə başlayaram: əməliyyatın zəruriliyini iddia etdiyi şəraitdə və şərtlər daxilində bütün əməliyyat boyu mənim yanımda olsun. Döyüş xəritələrini və əmrləri masanın üzərinə tulladım, bəyanat verdim ki, əgər nazir qış kampaniyası ilə bağlı öz düşüncələrinə əsaslandırdığı uyğun əmr verməsə, mən istefaya gedirəm və nazirin otağını tərk etdim. Aşkar görünürdü ki, bizi hansı cinayətlərə sürükləyirlər və bu cinayətin sonu nə ilə nəticələnə bilər.
Hərbi işlə bağlı heç bir təcrübəsi olmayan Ali Baş Komandanın bu avantürasına kor-koranə qatılmaq minlərlə insanın həyatını risk altında qoymaq demək idi. Əlbəttə, Əliyev müharibəni tez-tələsik, hər hansı nəticə ilə başa vurmaq, ölkənin özəlləşdirilməsi proqramına başlamaq, ailə hakimiyyətini möhkəmləndirmək niyyəti güdürdü. Bütün hallarda, o, hərbi əməliyyatları bərpa etməmişdən əvvəl Müdafiə nazirini, briqada komandirlərini dinləməli, avantürist əmrlər verib bunun məsuliyyətini hərbçilərin üstünə atmamalı idi.
Görünür, heç zaman müharibə görməmiş, hərbi əməliyyatların nə demək olduğunu bilməyən Məmmədrəfi Məmmədovu da ona görə Müdafiə naziri vəzifəsinə gətirmişdilər ki, özünün hər hansı təşəbbüsü olmasın, sadəcə, Əliyevin əmrlərinə “ləbbeyk” desin. Əliyevin planlarına düzəliş verməyə və ya bu planlardan tamamilə imtina etməyə onun heç zaman cəsarəti çatmazdı. Təbii, bu, bütün zamanlarda Əliyevin özünə uyğun saydığı ən davamlı kadr siyasəti olub – istər müharibə zamanı, istərsə də ondan sonra onun kadr siyasəti şəxsi təşəbbüskarlığı olmayan buyruq qullarına hesablanıb.
Kollegiya yığıncağından dərhal sonra istefam barədə raport yazaraq, nazirdən tələb etdim ki, bu raporta rəsmən münasibət bildirsin. Mən bəri başdan bütün faciəvi nəticələri bəlli olan bu avantürada iştirak etmək istəmirdim. Buna görə də nazirlə mənim aramda yaranan münaqişə barədə xəbərlər ən qısa zamanda Nazirliyin divarlarını aşıb yayıldı. Mən bir neçə uyğun dövlət strukturlarında oldum, öz mülahizələrimi əsaslandıraraq bu yanlış qərarın dəyişdirilməsinə cəhd etdim. Amma heç cür mümkün deyildi. “Yuxarı”dan verilən əmr ilahi vəhy kimi hamının gözünü və ağlını tutmuşdu və əməliyyat həmin əmrdə göstərilən gündə və saatda başlamalı idi.
Burada bir qədər geriyə ekskurs etmək istərdim. Əvvəlki qeydlərimdə göstərmişdim ki, 1994-cü ildə Rövşən Cavadov Gürcüstanın güc strukturlarından birinin rəhbəri ilə görüşmüş və bu görüşdə mən də iştirak etmişdim. Bu görüş barədə Əliyev məlumatlı idi. O, bu görüşlə bağlı məsələləri müzakirə etmək üçün bizim hər ikimizi dəvət etdi. Orada Heydər Əliyev mənə təklif etdi ki, Müdafiə Nazirliyinin sərəncamında qalmaq şərtilə başqa dövləti əhəmiyyətli işlərlə məşğul olum. Mənə elə gəlir ki, o, bu təklifi nazirlə mənim aramda olan konflikti nəzərə alaraq verdi. Buna görə də mən artıq, 1993-cü ilin yanvar ayından başqa işlərlə uğraşmağa başladım. Görəcəyim çox əhəmiyyətli işlər vardı…
Hər şey mənim proqnozlaşdırdığım kimi baş verirdi: heç bir hazırlıq və zəruri ehtiyatlar olmadan Əliyev qış kampaniyasına start verdi. Bütün istiqamətlər üzrə bütün əməliyyatlar ən qısa müddətdə puç oldu. Az qala, bütün hərbi potensialın istifadə edildiyi Füzuli-Ağdam istiqamətində də qüvvələrin məhv edilməsindən başqa heç nəyə nail ola bilmədilər. Baxmayaraq ki, buradakı relyef və başqa göstəricilərdən yararlanaraq, hansısa uğurlar qazanmaq olardı. Bu da olmadı və bütün bunlar elan edilmiş hərbi kampaniyaya vicdansızcasına hazırsızlığın təbii nəticələri idi.
Füzuli istiqamətində əməliyyatdan sonra Zəngilanı bircə həftəyə almağı söz verən nazir müavini vəzifəsindən atıldı. Bütün problemləri “həll edən”, yalnız dislokasiya məsələsində dirənib qalan başqa bir nazir müavini də əməliyyat üzrə tam məğlubiyyətə uğradığına görə vəzifəsindən çıxarıldı.
Bu çaşqın və məğlub durumda rəhbərlik daha bir hücum əməliyyatı haqqında düşünməyə başlayır və heyrətləndirici haldır ki, Kəlbəcər istiqamətində hücum qərarı verilir. Bu qərarın heç bir izahı yox idi! Əgər düzənlik yerdə döyüş əməliyyatları vəziyyəti bizim xeyrimizə deyişə bilməmişdisə, o zaman hansı ağılla, qarlı qışda bu keçilməz dağlarda savaş aparıla bilərdi?!
Çox təəssüf ki, bu labüd qırğını durdura biləcək kimsə tapılmadı. Kəlbəcər əməliyyatı başlamamışdan əvvəl də bəlli idi ki, “qış kampaniyası” iflasa uğrayıb və hərbi əməliyyatları təxirə salıb ciddi hazırlaşmaq lazımdır.
Elə buradaca, qış kampaniyasının uğursuzluqla nəticələnməsinə gətirib çıxaran və əməliyyat hazırlanarkən nəzərə alınmayan bəzi mühüm göstəriciləri qeyd etmək istərdim.
Birinci mühüm göstərici bundan ibarət idi ki, qışda, dağlıq şəraitdə döyüş əməliyyatlarının aparılması üçün təlim görən şəxsi heyət, onun müvafiq təchizatı yox idi.
Ikincisi, ehtiyat hərbi hissələrin olmaması. Bu cür şəraitlərdə döyüş əməliyyatlarını aparan ön xətt ən çoxu 5-10 sutkadan bir yeni qüvvələrlə əvəz edilməlidir.
Üçüncüsü, dünyanın aparıcı ordularında elmi cəhətdən əsaslandırılmış bir göstərici daha var: əgər bu və ya digər əməliyyat zamanı canlı qüvvənin itkisi 10 faizi keçirsə, o zaman həmin əməliyyat planından vaz keçirlər. Bəzi ordularda bu göstərici 30 faizə bərabərdir. Bizdə isə belə bir göstəricinin yuxarı həddini kimsə müəyyən etmir və deyəsən, belə bir həddin mövcudluğu barədə də kiminsə anlayışı yoxdur. Bu, Kəlbəcər əməliyyatı zamanı da özünü göstərdi. Yəni, döyüş əməliyyatına cəlb edilən hərbi hissələr tamamilə məhv olub qurtarana qədər əməliyyatı davam etdirirdilər.
Səfərbər edilmiş batalyonları briqadalar üzrə paylaşıb ehtiyat hissələr yaratmaq əvəzinə, bu qüvvələrin hamısının tamamilə qırılıb qurtardığı ana qədər döyüş əməliyyatı dayandırılmadı.
Üçüncüsü, dağlıq ərazidə döyüş əməliyyatı üçün zəruri miqdarda xüsusi qurğular təmin edilməli idi: xüsusi silahlanma, qayaları aşmaq üçün xüsusi texnika, əməliyyatın aparılması üçün özünəməxsus taktika, müvəqqəti yolların və keçidlərin qurulması və s. Kəlbəcər əməliyyatında bu göstəricilərin heç biri olmayıb.
Dördüncüsü, düşmənin gücünün və imkanlarının öyrənilərək dəyərləndirilməsi. Lazım olan kəşfiyyat məlumatları həmin vaxt əldə edilməmişdi. Bunu da belə əsaslandırdılar ki, orada qar, çovğun var və buna görə də kəşfiyyatçıları oralara göndərməyin heç bir mənası yoxdur. Amma kəşfiyyatçıların göndərilməsinin riskli olduğu bir istiqamətdə, gücü bəlli olmayan düşmənin üzərinə ordunu yollamaq nə qədər müdrik qərar sayıla bilərdi?!
Bunlar Ali Baş Komandan Heydər Əliyevin hərbi “düha”sının görüntülərindən parçalar idi…

Ardı var…