Görünən dağa bələdçi “davası”

İP «özünə qapanmaq» və «topluma açılmaq» dartışmalarında

Bu sətirləri yazmağa başlayarkən hələ də ötən gün ünsiyyətdə olduğum, əli və üzü həyəcandan cadarlanmış, göz yaşları  çöhrəsində yüz illik çığırlar kimi yol salmış naxçıvanlı  ananın imdad çağırışlarının təsirindəyəm. Bu başdan deyirəm ki, Azərbaycanda siyasətin bitdiyinə, sadəcə vicdan müharibəsinin davam etdiyinə inanıram. Çünki hamının “vətənpərvər” olduğu bir vətənin belə xaraba olması bütün dəyərlərin tapdanmasının görsənişidir. Kim hesab edirsə ki, o, “vətənpərvər”lərdən deyil, yaxın otursun və dərdimizi  bölüşək, çarə tapaq.
Bizim ölkəmizdə dərd təkcə iqtidar deyil, nə yazıq ki, həm də müxalifətdir. Bu qədər namussuzluğun olduğu bir ölkədə deyil birləşməmək, birləşmək üçün şərt irəli sürməyin belə başqa adı var, sadəcə yazmaq   çətindir. Anasına, bacısına, həyat yoldaşına tələlər qurulan bir millət onun bu günündə belə birlik nümayiş etdirməyən birilərini niyə dəstəkləsin? Bütün bunları xatırlatmaqla xalqı bu rejimin əsarətindən qurtarmaq istədiyini bəyan etmiş Ictimai Palatanın daxilindəki son diskussiyalara nəzər salmaq istəyirəm. Hərçənd ki, bu təşkilat üçün başından bəri elan olunan hədəf böyük xalq hərəkatıdır. Görəsən nə oldu ki, indi genişlənməni, təşkilatlanmanı dayandırıb, seçkiyə getməliyik və hansı seçkiyə? IP Koordinasiya Şurasının üzvü Zəfər Quliyevin “Ictimai, yoxsa Partiyalı Palata” başlıqlı yazısındaki bəzi tezislərlə polemikaya girmək fikrindəyəm. Və birmənalı şəkildə istəyirəm ki, bu polemika yuxarıda təsvir etdiyim ovqatın müşayiətində olsun.

“Seçkidə iştirak” nə deməkdir?

Ilk növbədə bunun fəaliyyət olaraq nə anlama gəldiyinə baxaq. Seçkidə iştirak etmək, prosesə qoşulmuş on təşkilatdan, beş blokdan biri olmaqdır. Burada qələbə qazanmaq məqsədlər içərisindədir. Əsas məsələ iştirakçı olmaqdır. Prosesə plürallıq qatmaqdır. Təbii ki, bu, normal siyasi mədəniyyətin ənənəvi bir elementi kimi çox mühümdür.

Bəs Azərbaycanda?

Bir ölkədə ki, mandatın pulla alınıb-satıldığı  videogörüntülərlə sübut olunub. Dövlət aparatının bütün qanadlarının kriminal və cinayətkar dəstənin işğal etdiyi aşkardır, MSK-nın fəaliyyəti bir zənglə idarə olunur, burada seçkidə iştirak elə bütün bu cinayətkar prosesdə iştirak deyilmi? Belə bir mexanizmin tərkib hissəsi olmaq bizə nə verəcək? Ümumiyyətlə, biz xalqa necə izah edəcəyik və ya inandıracağıq ki, Məzahir Pənahov və ardıcılları bizim qələbəmizi tanıyacaq, rəsmiləşdirəcək. Məgər bundan qabaqkı nümunələr dərs almaq üçün kifayət eləmir? Necə deyərlər: “Hamı Hitlerdən sitat gətirir, amma onun son aqibətini xatırlamaq istəmir”. Yəni keçmiş uğurlara istinad etmək olar, amma uğursuzluqları da gözdən keçirmək faydalıdır. Uğurlar bacardığımız işlərdir, amma necə oldu ki, bacarmadıq. Və qarşıda bizi tamamən eyni xarakterli, amma daha aqressiv bir proses gözləmirmi? Nə dəyişib? Təbii ki, heç nə.

IP indi qərar versə, faydası nə olar?

Əlbəttə, IP indidən seçkidə iştirakla bağlı qərar versə, cəmiyyət bu qurumun namizədini tanıyar və populyarlaşmaq üçün uzun bir imkan yaranar.  

Ziyanı nə olar?

a) Hakimiyyət favorit şəxsin müəyyənləşməsindən istifadə edib onun reputasiyasını çirkləndirmək üçün kampaniya aparmaq fürsəti əldə edər.
b) IP-in indidən belə bir qərar verməsi birmənalı şəkildə  müxalifətin daha geniş spektrdə birləşməsinin qarşısını ala bilər. Ən azı ona görə ki, başqa kəsim onların rəylərini  nəzərə alınmadan qəbul edilmiş qərarı həzm etməzlər.
s) Bütün bunların nəticəsi olaraq müxalifət seçkiyə qütbləşmələrlə gedər ki, bu da hakimiyyətə bilə-bilə dəstək vermək kimi bir şeydir.

Qərar gecikdirilsə, faydası nədir?

a) Bir toplumla daha əhatəli işləmək üçün vaxt olar. Daha böyük birliyin yaranması üçün əlverişli mühit yaranar.
b) Hakimiyyətin mərkəzi kimi hədəfə alacağını dəqiqləşdirə bilməz və müxalifət konkret zərbələrdən yayınmış olar, bununla da hakimiyyət daxilində çaşqınlıq və ziddiyyətlər böyüyər.
c) Vahid namizəd seçmək mümkün olarsa, bu daha böyük koalisiyanın namizədi olar və onu qorumaq, təqdim etmək daha asan və məntiqli olar.
d) Vahid namizəd mümkün olmasa belə, mühitin demokratikləşməsi uğrunda mühüm bir əməkdaşlıq prosesi  birinci mərhələsini başa vurmuş, uğur əldə etmiş olar.

Ziyanı nədir?

a) Hakimiyyət müxalifəti qərar qəbul edə bilməməkdə ittiham edə və antikampaniya apara bilər (bunun aradan qalxması üçün isə müxalifət gündəmi nəzarətində saxlayan tədbirlər planını qəbul və icra etməlidir).

“Partiyalı Palata” nə deməkdir?

Zəfər Quliyevin “Partiyalı Palata” deyimi ilə həm razılaşmaq, həm də razılaşmamaq olar.
Birincisi, IP yaranarkən “AXCP-Müsavat bloku”nun 2010-cu il parlament seçkilərində iştirak edən, iştirak etmək hüquqları əlindən alınan namizədlərinin bazasında yaradılıb. Bura sonra bitərəf namizədlər əlavə olunub. Daha sonra struktur etibarilə xalq hərəkatını hədəfləyən açıq sessiya və Koordinasiya Şurası formalaşıb. Seçki yolu ilə formalaşıb və bu hər kəsi qane edib. Siyasi partiyalar ağırlıq mərkəzi ola bilər. Amma toplumun başqa kəsimləri ilə tarazlığı təmin edən ictimai birliklərin təmsilçiləri və ziyalılar da bu qurumda həm sessiyada, həm də Koordinasiya Şurasında təmsil olunurlar. Bu, məntiqli bir formatdır. Mexanizmi də çox sadədir.
Ikincisi, bu genişlənmədə tam və ya fraksiya formasında başqa siyasi partiyalar da iştirak ediblər. Ayrı-ayrı QHT nümayəndələri var. Bu, idarəetmə və ya faəliyyət forması kimi ən ideal formadır. Seçki, bizim problemlərimizi yoluna qoyan ilk meyardır. Ikincisi, seçkinin nəticəsinə hörmətlə yanaşa bilmək üçün lazım olan siyasi mənəvi güc, yəni iradədir. Bu cür idarəetmədən narazı olanlar seçkili sistemi daha şəffaf etməyi təklif edə bilərlər. Yəni burdaki iki partiya başqa bütün partiyaların və bitərəflərin ümumi gücünün tarazlığını pozacaq gücdə deyil. Çünki hər iki partiyanın özünün təmsilçiləri də səsvermədə müstəqil davrana bilirlər. Məsələn, KŞ-yə ötən seçkilərdə bu gün Müsavatın mövqeyini aktiv dəstəkləyən bir neçə üzv  müsavatçılardan ciddi dəstək almadılar. Yəni Partiyalı Palata bu interpretasiyada özünü doğrultmayan deyimdir.

Yeni struktur nə deməkdir?

Zəfər Quliyev yazır ki, islahat təklifləri var; ikipalatalı  idarəetmə sistemi və 80 nəfərlik məclisin formalaşması öngörülür. Buna enerji sərf etməyin nə mənası var? IP-i qəliz bir struktura çevirmək nə üçündür? Bir halda ki, məqsəd daha çox insanın asanlıqla bu quruma qoşulması və töhfə verməsidir, o zaman nə ehtiyac var yeni yoxuşlar düzəldib sonra pilləkənlər qurmağa? IP açıq seçkili orqan kimi davam etdikcə, hər kəsin daha aydın izləyə bildiyi, qiymətləndirib tənqid edə bildiyi qurum olduqca, xalqa açıq ola bilər. Amma inzibati aparata çevrilən bir təşkilatın xalq hərəkatına nail olacağı nəinki inandırıcı deyil, hətta bir qədər də bu ideya provokativ görünür. Bu islahatlar təklifi daha detallı açıqlansaydı, təbii ki, daha aydın dərk edilər və müzakirə olunardı.

Böhran varmı?

Müzakirə üçün təqdim edilən yazıda qurumun böhran yaşadığı deyilir. Fikir ayrılığının olduğu mühit böhranlı mühit deyil. Daha optimalı tapmaq fürsətləri olan mühitdir. Bir şərtlə ki, optimal dərk edildikdən sonra ona qarşı gəlinməsin. Böhran əslində odur ki, məğlubiyyətin və qələbənin reseptləri bəlli olduğu halda insanlar məğlubiyyətə doğru inamla və tərsliklə addımlasınlar. Və bu məğlubiyyətdən toplumu da qurtarmaq mümkün olmasın. Bu situasiyanı böhran kimi qiymətləndirmək olar. Öncə aydınlaşdırmaq lazımdır; belə bir situasiya varmı və kimdir məğlubiyyətə doğru inamla addımlayan? Heç kim şübhə etmir ki, müxalifəti pərakəndə və ya yarımpərakəndə halda, xalqla tam bütünləşməmiş mərhələdə seçkiyə, daha doğrusu ssenarisi əprimiş tamaşaya çəkmək Ilham Əliyevə bilərkdən, ya da bilməyərəkdən çıxış yolu axtarmaqdır. Bizdən isə indiki halda, bu dünyada ikən cəhənnəm əzabı yaşayan insanlara yardımçı olmaq tələb edilir.