Mehdiyevlə Paşayevlərin savaşı açıq müstəviyə keçib

m aliyeva-atasiPA rəhbərini istefaya məcbur edirlər, o isə karyerasını “mandat alverçisi” kimi başa vurmaq istəmir

«Boz kardinal» əlindəki öldürücü kompromatlardan istifadə edəcəkmi?

Sabiq deputat Gülər Əhmədovanın həbsi məsələsilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Gülər Əhmədovanın həbsi təsdiqlənməsə də, bu barədə yayılan xəbərlər heç də əsassız deyil. Sabiq deputat həqiqətən də saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilməsi qərara alınıb. Lakin son anda Gülər Əhmədovanı himayə edən qüvvələr həbs qərarının çıxarılmasının qarşısını ala biliblər.
Əvəzində sabiq deputat təqsirləndirilən şəxs qismində polis nəzarətinə verilib. Hakimiyyətyönlü KIV-lərdə onun həbsi barədə ailəsindən təsdiqlənmiş xəbərin yayılması da bununla bağlıdır. Yəni, sabiq deputatın özü və ailəsi də həbs qərarının çıxarılacağından məlumatlı olublar.

Proseslər Ramiz Mehdiyevin əleyhinə istiqamət götürür

Bu olay hakimiyyətdə iki nüfuzlu qruplaşmanın – Paşayevlərlə Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev arasındakı savaşın açıq müstəviyə keçməsinə səbəb olub.
Hələ xeyli əvvəl yazmışdıq ki, Elşad Abdullayevin videoları yayılana qədər Gülər Əhmədovanın Ramiz Mehdiyevlə normal münasibətləri olub. Lakin sabiq rektorun birinci videosundan sonra PA rəhbəri Gülər Əhmədovanın həbsilə məsələni elə buradaca bitirmək istəyib. Eyni zamanda bununla cəmiyyətdə hakimiyyətin bu məsələ ilə bağlı tədbir görməsi barədə rəy yaratmaq niyyəti güdüb. Elə bu səbəbdən Gülər Əhmədovaya hücum kampaniyasına start verilib. Lakin sabiq deputatın sonradan təkzib etdiyi “Məndə də videolar var” və ölkə başçısı Ilham Əliyevə müraciətində “Ağzımı açdırmayın” hədələrindən sonra bu kampaniya dayandırıldı. Bundan sonra proseslər birbaşa Ramiz Mehdiyevin əleyhinə istiqamət götürdü. PA rəhbərinin bu məsələ ilə bağlı məlum açıqlamalarından sonra isə ona qarşı hücum daha şiddətli xarakter aldı.
Hadisələrin ardıcıllığına diqqət yetirsək görərik ki, Ilham Əliyevin PA-dakı təyinatları da Ramiz Mehdiyevin məlum aıqlamalarından sonraya təsadüf edir. PA rəhbəri ona müavinlər təyin edilməsini mövqelərinin güclənməsi kimi ictimai rəyə sırımağa cəhd etsə də, proseslərdən açıq-aydın sezilirdi ki, Ilham Əliyevin bu təyinatları akademiki nəzarətə götürmək məqsədi daşıyır. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Mehdiyev PA-da iclas keçirib. Müavinləri həmin iclasda iştirak etməyib. Məlumatlara görə, PA rəhbəri özü onları iclasa dəvət etməyib. Bununla komandasına yeni təyinatların onun üçün əhəmiyyətsiz olduğunu, müavinlərinin əslində köməkçi funksiyası daşıdığı mesajını verməklə mərkəzdənqaçma meyllərinin qarşısını almağa çalışıb.

Akademikin özünümüdafiə tədbirləri

Bu arada Ramiz Mehdiyevin çevrəsindən sızdırılan bir neçə məqamı da diqqətə çatdırmaq da yerinə düşərdi. PA rəhbərinin komandasının üzvləri Elşad Abdullayev məsələsində əsasən aşağıdakı məqamları qabardır:
1. Fransa ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Lakin buna baxmayaraq Elşad Abdullayev bu ölkədən rahat şəkildə hakimiyyəti ifşa etməklə məşğuldur. Əslində bununla Ramiz Mehdiyevin komandası baş verənlərin qrup oyunu olduğunu və məsələnin arxasında Paşayevlərin dayandığını diqqətə çatdırmaq istəyir. Sirr deyil ki, hakim ailə ilə Fransa siyasi dairələrinin sıcaq münasibətləri var. Digər tərəfdən Ilham Əliyevin xanımı Mehriban Əliyeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.
2. Elşad Abdullayev hakimiyyəti ifşa etməsinə baxmayaraq qardaşı Elsevər Abdullayev Baş Prokurorluqda mühüm post tutur. Halbuki Azərbaycan reallığında belə bir şey mümkün olmamalıdır. Bu məqamın qabardılması da baş verənlərdə hakimiyyətdə müəyyən qrupların maraqlı olduğuna işarədir.
Bundan başqa Ramiz Mehdiyev özünü qorumaq üçün üçün Naxçıvan klanını səfərbər etməyə çalışır. Mətbuatda yazılanlara diqqət edəndə açıq-aydın sezilir ki, Naxçıvan klanının digər qanadlarına prosesin Ramiz Mehdiyevin devrilməsilə başa çatmayacağı, onların da əziləcəyi mesajı verilir.
PA rəhbərinin ilin-günün bu vaxtında özünə əziyyət verib Şah Ismayıl Xətai barədə geniş məqalə yazması da təsadüfi sayılmır. Hakimiyyətin siyasi-ideoloji xəttini yönətən Ramiz Mehdiyevin bu məsələyə toxunması əslində Qərbin Iranla bağlı layihəsini bölüşdüyü mesajını verməsi və əvəzində beynəlxalq dəstək qazanmağa cəhd kimi dəyərləndirilir.
Elşad Abdullayevin rüşvət videosundan sonra baş verənlərin görünən tərəfləri bunlardır. Lakin Ramin Mehdiyevin 1 yazısından sonra konfranslar keçirərək, palaz-palaz məqalələr yazaraq ona dəstək verənlərin indi susması hakimiyyət daxilində vəziyyətin daha da pis olduğunu göstərir.

İlham Əliyev niyə tərəddüd edir

Bəs Ramiz Mehdiyev bu döyüşdən qalib çıxa bilərmi? Proseslər göstərir ki, rəqib qruplaşma PA rəhbərini kifayət qədər zəiflədə bilib. Ramiz Mehdiyevin əlində informasiya resurslarının, inzibati-siyasi rıçaqların olduğu iddia edilə bilər. Bəli PA rəhbəri bu günə qədər hakimiyyətin nəzarətində olan KIV-ləri idarə edib. Lakin onun hər hansı televiziyadan və ya qəzetdən rəqiblərinə qarşı istifadə etməsi sadəcə mümkün deyil. Bu bütövlükdə hakimiyyətin özünün intiharı demək olar.
Təsəvvür edin, PA rəhbərinə qarşı bu gün bir neçə güclü qruplaşma çıxır. Ilk sırada təbii ki, Paşayevlər gəlir. Daha sonra Qərbi Azərbaycanlıların adını çəkmək olar. Ramiz Mehdiyevin səyləri nəticəsində “vurulan” sabiq nüfuzlu YAP-çıları da bura əlavə etsək, o zaman PA rəhbərinin müdhiş bir güclə üz-üzə qaldığını söyləmək olar. Bu gücə qarşı açıq hücum isə hakimiyyətin məhv olmasına gətirib çıxara bilər.
Bununla belə Ramiz Mehdiyevin tamamilə gücsüz duruma düşdüyünü də iddia etmək olmaz. PA rəhbərinin əlində güclü silah – “kompromat silahı” var. Ramiz Mehdiyev “daxili razborkalar”da bu silahla rəqiblərini müəyyən qədər sıxa bilər.
Ümumiyyətlə isə bu məsələdə birinci şəxsin iradəsi də mühüm rol oynayır. Hələlik Ilham Əliyevin qəti mövqe sərgiləməkdə tərəddüd etdiyi müşahidə olunur. Bu tərəddüd də böyük ehtimalla Ramiz Mehdiyevin daha çox Əliyevlərlə bağlı kompromotlara malik olması ilə bağlı ola bilər. Hər halda Ramiz Mehdiyev mərhum Heydər Əliyevin xəstəlik dövründən Ilham Əliyevin baş nazir və prezident seçilməsinə qədər baş verənləri təfərrüatları ilə bilən şəxsdir. Bu baxımdan Ilham Əliyevin tezliklə Ramiz Mehdiyevin əleyhinə qərar verməsi bir qədər inandırıcı görünmür. Ramiz Mehdiyevin rəqibləri də bütün bunları nəzərə alır və prosesin PA rəhbərinin könüllü istefası yekunlaşmasını istəyirlər. Təsadüfi deyil ki, son videolardan sonra rəqib qruplaşmaya yaxın mətbuatda Ramiz Mehdiyevin istefa verməsilə bağlı xəbərlər yer aldı. Bu PA rəhbərinə mesaj kimi dəyərləndirilməlidir. Ramiz Mehdiyev isə karyerasını mandat alverçisi kimi başa vurmaq niyyətində görünmür. Deməli, savaş hələ davam edəcək.

Namiq Cəfərli