Ukrayna Rusiyanın növbəti hücumunu dəf etməyi bacarmalıdır

AXCP sədri Əli Kərimli

Rusiya Ukraynaya ikinci böyük hücum əməliyyatına hazırlaşır. Xeyli müddətdir ki, Rusiya iri miqyaslı hücum əməliyyatları həyata keçirə bilmir. Rusiyanın indiyə qədər işğal etdiyi ərazilər əsasən savaşın ilk günlərindəki böyük hücumun nəticəsində işğal olunub. Son 10 gün ərzində cəbhə xəttinin əksər istiqamətlərində vəziyyət sabitləşib. Sanki savaş uzanan müharibəyə çevrilir.

Rusiya Ukrayna ilə savaşın çox uzanmasını qətiyyən istəmir. Savaşın uzun çəkməsi Rusiyanın hərbi itkilərini çox artırar, sosial-iqtisadi böhranı dərinləşdirər, müharibə əleyhinə hərəkatı gücləndirər, Rusiyada rejim əleyhdarlarını daha da artırar. Bütün bunları yəqin ki, Putin də hesablayır. Ancaq Putin indiyə qədər əldə etdiklərilə də kifayətlənib, dayanmaq istəmir.

Baxmagaraq ki, son günlərdə Zelenski hansısa kompromisslərdən danışır, ancaq Ukraynanın bu mərhələdə gedə biləcəyi güzəşt Putini razı salmır. Ona görə də Rusiya ordusu savaşın ilk günlərindəkinə bənzər böyük, qanlı hücum hazırlayır.
Rusiya budəfəki hücuma elə hazırlaşır ki, sanki Ukrayna ilə yox, NATO ilə savaşacaqlar. Ermənistanda Gümrü hərbi bazasındakı əsgərlərinin, Qarabağdakı “sülhməramlılarının” xeylisini Ukrayna cəbhəsinə cəlb edib. Uzaq Kamçatkadan Sakit Okean Donanmasının dəniz piyadaları, Rosqvardiyanın Sibir ərazisindəki birlikləri, Moskva və Peterburq ətrafındakı rezervlər də Ukraynaya 2-ci böyük hücum üçün səfərbər olunur. Rusiyanın xaricdən hərbi dəstək, hətta muzdlular cəlb etmək imkanı çox məhduddur. Ümidləri Suriya və Serbiyayadır. Hər iki ölkədən bacardıqları qədər muzdlu cəlb edirlər. Üstəlik, Rusiyanın özündə hər yerdə döyüş təcrübəsi olan muzdlular toplanılır.

Rusiya istəyir ki, nəinki Ukraynada verdiyi hərbi itkilərin yerini doldursun, hətta ikinci böyük hücum əməliyyatına 24 fevralda – savaşın ilk günündə olduğundan daha böyük qüvvə səfərbər etsin. Rusiya rəhbərliyinin məqsədi budəfəki böyük hücumla Kiyev, Xarkov kimi böyük şəhərləri işğal etməkdir. Rusiya budəfəki böyük hücumla Mariupol, Nikolayev və Odessanı işğal edib Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək, bununla da savaşda əsaslı dönüşə nail olaraq, Zelenskini maksimum güzəştlərə məcbur etmək istəyir. Plan bundan ibarətdir ki, qarşıdakı bir neçə həftədə maksimum mümkün olan hərbi uğur və Ukraynadan mümkün olan ən böyük güzəşt əldə edilsin və savaş sülh sazişi ilə başa çatsın.

Ancaq Rusiyanın bu strategiyasının zəif cəhəti də çoxdur. Əgər Ukrayna bu hücumu da dəf edə bilsə, Rusiyanın hərbi imkanları tükənəcək və növbəti belə böyük hücumlara resursu qalmayacaq. Rusiyanın ikinci böyük hücumu da uğursuzluğa düçar olacağı təqdirdə Rusiya ordusunda demoralizasiya artacaq, hərbi itkilərin yerini doldurmaq çətinləşəcək, ölkədə böhran dərinləşəcək. Hamı başa düşəcək ki, Rusiya bütün imkanlarını səfərbər etdi və bacarmadı. Ukrayna növbəti böyük hücumu da dəf edə bilsə, onun ordusunda və xalqında çox böyük ruh yüksəkliyi yaranacaq, savaşa qoşulan könüllülərin və xaricdən gələcək silah yardımlarının sayəsində Ukrayna ordusu itkilərinin yerini daha tez doldura biləcək. Ukrayna Rusiyanın ikinci böyük hücumunu da dəf edə bilsə, savaşda strateji təşəbbüs Ukraynanın əlinə keçəcək.

Ümid edək ki, Ukrayna rəhbərliyi də Kremlin planlarını bilir. Ukraynanın ağrılı kompromislərə məcbur olmaması və ya savaşın Mərkəzi və Qərbi Ukraynaya keçməməsi üçün Ukrayna ordusu gözlənilən böyük hücumu da dəf etməyi bacarmalıdır. Ümid edək ki, bacaracaq.