Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov haqqında 13 illik həbs hökmü qüvvədə saxlanıb. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Martın 2-də bu barədə qərar elan edilib.
AXCP fəalının atası Arif Əhmədov AzadlıqRadiosuna bildirib ki, qərarı əsassız və qanunsuz hesab edir. Onun sözlərinə görə, növbəti dəfə məhkəmə qanunlara və ədalətə yox, sifarişə söykənərək qərar çıxardı: “Mən bu yaşımda anlaya bilmirəm ki, bu ölkənin məmurları niyə belə zalımdır? Mərd, ölkəsini sevən adamları sındırmağa çalışırlar. Əsl terrorçuları buraxırlar, ölkənin qeyrətini çəkənləri cəzalandırırlar. Rüşvətxorlar adalarda, kefdə-damaqdadır, kasıb, kirayədə yaşayan, günəmuzd işləyən adama deyirlər ki, “sən terrorçusan”. İnsanda ləyaqət, vicdan yaxşı şeydir…”.
“Hakimiyyət, vəzifə nədir ki…”
Əhmədov əlavə edib ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. Hərçənd, ata Ali Məhkəmədən də ədalətli nəticə gözləmir. Onun sözlərinə görə, bu işdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək. Bundan ötrü isə ölkədaxili bütün hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Ali Məhkəməni də mütləq keçmək lazımdır.
Oğlunun həbs olunarkən və həbsdə olduğu müddətdə işgəncələrə məruz qaldığını deyən Əhmədovun sözlərinə görə, nəticədə onun səhhətində ciddi problemlər yaranıb. Atasının dediyinə görə, işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, şikayətləri obyektiv araşdırılmayıb, faktlara düzgün hüquqi qiymət verilməyib.
“Bu hökumətin öz xalqına, öz vətəndaşına qoyduğu qiymət budur. Bundan utanmaq lazımdır. Hakimiyyət, vəzifə nədir ki, ondan ötrü insana zülm edəsən…”, – Arif Əhmədov əlavə edib.
Azadlıq radiosu