Polis bölməsində qətlə yetirilən qadının ailəsi məhkəmədən narazıdır

Bu barədə martın 1-də məhkəmədə ailəni təmsil edən vəkil məlumat verib. Vəkil hakimlərə yazılı etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində öldürülən Xanım Məmmədovanın ailə üzvləri bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalardan narazıdır. Ona görə də ailə işi araşdıran hakimlərə etiraz vermək niyyətindədir.

Bu barədə martın 1-də məhkəmədə ailəni təmsil edən vəkil məlumat verib. Vəkil hakimlərə yazılı etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Bu qətl hadisəsini Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Xanım Məmmədovanın qətlinə görə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanan İsmayıl Məmmədov da Nizami rayon Post-Patrul Xidmətinin əməkdaşı olub.

Həyat yoldaşı Daxili İşlər Nazirliyinin 102 xidmətinə ondan şikayət etdiyinə görə bölməyə izahat verməyə çağırılıb. İsmayıl Məmmədov həyat yoldaşının bölmədə olduğunu biləndə ora gedib və hadisə də həmin vaxt baş verib.

Bölmə rəisinin ifadəsi elan edilib

İstintaq zamanı şahid qismində dindirilənlərdən biri də 24-cü polis bölməsinin rəisi Seymur Qarayev olub. Amma o, məhkəməyə gəlməyib. Hərçənd, təqsirləndirilən şəxs və vəkili də, zərərçəkmiş tərəf də polis rəisinin məhkəməyə çağırılıb dindirilməsini istəyib.

“Qanunun tələbidir ki, məhkəmə şəxsin istintaqa verdiyi ifadə ilə kifayətlənməməli, onu çağırıb dindirməlidir. Şəxsin də hüququ var ki, onun əleyhinə ifadə verəni dindirsin, ona suallarını versin”, – təqsirləndirilən Məmmədovun vəkili belə deyib.

Etirazlara baxmayaraq, hakimlər 24-cü polis bölməsinin rəisini çağırmaqdan imtina ediblər və onun istintaqdakı ifadəsini elan etməklə kifayətləniblər. O da ifadəsində bölmədə müstəntiqin otağında İsmayıl Məmmədovun həyat yoldaşını xidməti silahdan atəş açıb qətlə yetirməsini necə eşitdiyini danışıb.

Bundan sonra hakim Səbuhi Hüseynov elan edib ki, artıq şahidlərin dindirilməsi yekunlaşır, sənədlərin tədqiqi mərhələsi başlayır. Bu da zərərçəkmiş tərəfin etirazına səbəb olub. Onlar prosesin bu cür gedişindən narazılıqlarını bildirərək, hakimə etiraz vermək istədiklərini deyiblər. Bunun üçün vaxt istəyiblər. Məhkəmə onlara martın 15-nə qədər vaxt verib.

Azadlıq radiosu