Məlumata görə, Rusiya mərkəzi bankının aktivləri dondurulacaq, Rusiyanın xaricdəki rezervlərinə çıxışı məhdudlaşdırılacaq
Avropa İttifaqı, ABŞ və müttəfiqləri Rusiyanın bir sıra banklarını beynəlxalq SWIFT ödəniş sistemindən çıxarmağa razılaşıblar. Bu haqda BBC və CNBC məlumat yayıb.
Rusiyanı daha çox təcrid etmək
Məlumata görə, Rusiya mərkəzi bankının aktivləri dondurulacaq, Rusiyanın xaricdəki rezervlərinə çıxışı məhdudlaşdırılacaq.
Birgə bəyanatda deyilir ki, məqsəd “Rusiyanı beynəlxalq maliyyə sistemindən daha çox təcrid etməkdir”.
Rusiya neft və qaz ixracında SWIFT sistemindən çox asılıdır.
Bu sanksiyalar Rusiyanın Ukraynaya hücumuna görə indilik ən sərt tədbir hesab olunur.
11 mindən çox bank
SWIFT, yəni “Ümumdünya Banklarası Maliyyə Telekommunikasiya Cəmiyyəti”, sərhədlərarası sürətli ödənişləri, beynəlxalq ticarəti mümkün edən təhlükəsiz sistemdir.
Belçikada yerləşən sistem dünya üzrə 11 mindən çox bank və maliyyə qurumunu birləşdirir.
Bütün banklar bu sistemdən istifadə etdiyindən, hansısa bankın SWIFT-dən çıxarılması sərt addım sayılır.
BBC ABŞ, Böyük Britaniya, Avropa və Kanadanın bu tədbirlərə razılaşdığını xəbər verir.
Rusiya banklarının SWIFT -dən çıxarılması onun iqtisadiyyatına ağır zərbə vuracaq.
İndiyədək yalnız İran bu sistemdən çıxarılıb və xarici ticarətinin 30 faizini itirib.
Rusiyaya maksimum, Avropaya daha az təsir
BBC yazır ki, Rusiyanın müəyyən banklarının sistemdən çıxarılması Rusiyaya maksimum, Avropaya daha az təsir göstərəcək. Avropa şirkətləri öz borclarını yığa, Rusiyadan enerji ala biləcəklər.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, bu qərar Rusiya mərkəzi bankının aktivlərini iflic etməklə Kremlin “müharibəyə vəsait xərcləməsini önləyəcək”.
Ukraynanın Baş naziri Denis Şmihal tvitində bu addımı alqışlayıb, “bu çətin vaxtda dəstək və real köməyi” dəyərləndirdiklərini bildirib.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukraynanın şərqində dəstəklədiyi separatçı qurumların müstəqilliyini tanıyıb, iki gün sonra isə Ukraynaya qarşı “xüsusi əməliyyat” əmri verib. Qərb Rusiyaya bir sıra sanksiyalar açıqlayıb.
Azadlıq radiosu