“Günah” videoifşalardadır. Əsəbləri dözmür…”
Ölkə başçısı İlham Əliyev dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekunlarına həsr olunmuş mərasimdəki çıxışında müxalifəti ermənilərlə eyni mövqe sərgiləməkdə ittiham edib. O, bp ilə hökumət arasında yaranmış gərginlikdən danışaraq, şirkətin prezidenti Robert Dadli ilə görüşdüyünü və problemin yoluna qoyulduğunu deyib. Sonra isə Azərbaycan müxalifətini “xarici qüvvələrlə” birlikdə bu münaqişəni qabartmaqda suçlayıb. “Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı…”, – deyə İlahm Əliyev bildirib.
İlham Əliyevin bu ittihamına AXCP sədri Əli Kərimli qısa cavab verərək, bunu son vaxtlar yayılan hakimiyyətin ifşa olunduğu videolarla əlaqələndirib. AXCP sədri “twitter” səhifəsində yazıb: “İlham Əliyevin növbəti dəfə müxalifəti ermənilərlə bir düşərgədə olmaqda ittiham etməsinin “günahı” videoifşalardadır. Əsəbləri dözmür…”.