Pakistanda 6 tibb işçisini güllələdilər

Taliban radikal qruplaşması son aylar vaksinasiya aparan işçilərə qarşı çıxıb.

Pakistanda naməlum silahlılar BMT qurumu nəzdində fəaliyyət göstərən səhiyyə qrupuna hücum edib.

Ölkənin ən böyük şəhəri sayılan Kəraçidə silahlı dəstə uşaqlara “poliomielitə” qarşı peyvənd vuran 5 qadını qətlə yetirib. İnsidentdən bir gün əvvəl, oxşar şəkildə Ümumdünya Səhiyyə Təşkilatının anti-poliomelit kampaniyasında iştirak edən kişi könüllünün qətlə yetirilməsi, hücumların Taliban tərəfindən həyata keçirildiyini düşünməyə əsas verir.

Silahlı hücum zamanı 2 kişi tibb işçisinin yaralandığı bildirilir. Eyni zamanda Peşəvər şəhərində, motosikletdə olan silahlı anti-poliomelit kampaniyanın qadın üzvünə atəş açaraq qətlə yetirib. Yerli polis sözçüsünün verdiyi məlumata görə, vaksinasiya aparan işçilərə edilmiş hücum qabaqcadan planlaşdırılıb və amansız cinayət eyni vaxtda 3 ayrı şəhərdə törədilib.

İnsidentdən sonra Karaçidə vaksinasiya prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla belə hökümət silahlı hücumların əyalətlər və tayfa bölgələrində vaksinasiya işlərini dayandırmayacağına israr edib. Qeyd edək ki, Taliban radikal qruplaşması son aylar, vaksinasiya aparan işçilərə qarşı çıxıb. Qrup, peyvəndlə məşğul olan həkimlərin həqiqətdə ABŞ casusu olduğunu və dərmanın əslində insanlara zərərli olduğunu iddia edir.