2012-nin son sualları – 2

Keçən yazıda qaldığımız yerdən davam edək.
Bəli, xalq bu rejimə yaddır, amma rejimə qarşı dirənənlərə nə qədər doğmadır? Biz bu sual haqqında dərindən düşünməliyik.
Heç kim “döyülürük, söyülürük, həbslərə düşürük, ən ağır şərtlər altında mübarizəni davam etdiririk, daha nə etməliyik?” deməsin. Əgər bu günədək edilənlər toplumun ayaqlanması üçün kifayət etməyibsə, deməli, daha artığını etmək lazımdır. Daha artıq nə? Bax, bu da günün suallarından biridir və cavabını gözləyir.
Əlbəttə, bu günədək aparılan mübarizənin çoxlu müsbət nəticələri var, onlardan ən vacib olanlardan biri artıq rejimin yalanlarının işləməməsidir. Bu yalanlara artıq heç kim inanmır və bu, bizim uğurumuzdur. Ölkədə tənqidçi, müxalif, ifşaedici sözün bütün basqılara rəğmən ayaqda qala bilməsinin nəticəsidir.
Amma bu, yetərlidirmi? Yalanın ayaq açsa belə, yeriməməsi rejimin sonuna çıxmaq üçün kifayətdirmi? Ortadakı mənzərə göstərir ki, yox. Xalq rejimin yalanlarına inanmır, lap yaxşı, amma qorxunc olan odur ki, deyəsən, toplum doğrulara da inanmır. O sanki həqiqətlərə də inamını itirib.
Asan deyil: təkcə son on illik tarixdə yalanı həqiqətə dəyişənlərlə həqiqəti yalana dəyişənlərin nisbətinə baxın. Hansı daha çoxdur: dünənədək yalan danışıb bu gün həqiqəti danışanlarmı, yoxsa dünənədək həqiqəti danışıb bu gün yalan danışanlarmı? “Fıs” çıxan “qəhrəman”lara, dönüklərə, xainlərə, dünənədək qorxaq, saxtakar, yaltaq deyə hamını qabağına qoyub danlayan, amma bu gün özü onlardan birinə çevrilən satqınlara baxın. Asandırmı bundan sonra həqiqətə inamını qorumaq? Mən bu gün kimsə beyqəfil “hardan bilək, sən də filankəsin tayı olmayacaqsan?” deyəndə nə əsəbiləşir, nə də kədərlənirəm. Belə şübhələrə, belə tərəddüdlərə görə kimi ittiham eəsən? Belələrində hansı suç, günah axtarasan? Göz gördüyündən qorxar, adamlarda nə günah var?
Yenə deyirəm, düşünmək ki, xalqın nə haqqı var kimdənsə şübhələnsin, onu qınasın, onun özü guya, susmaqdan, tabe olmaqdan, razılaşmaqdan başqa nə ilə məşğuldur – bu, kökündən yanlışdır. Xalqı doğru seçim etmədiyinə görə yalnız dinc, demokratik dəyişikliklərin mümkün olduğu ölkələrdə qınamaq mümkündür. Ki, niyə gedib oğruya, korrupsionerə, qaranlıq keçmişi olana səs verirsən. Azərbaycanda isə xalqın düzgün seçim etmək prolemi heç vaxt olmayıb – yaptokratiyanın indiyədək heç bir seçkini udmaması, yalnız saxtakarlıq və zorakılıq gücünə öz hakimiyyətini qoruduğu gün kimi aydın həqiqətdir.
Bizdə isə dinc dəyişiklik ümidi çoxdan tükənib. Xalq bunu son iki seçkidə (prezident və parlament seçkilərində) səsverməyə gəlməməklə sübut etdi. O göstərdi ki, artıq seçki ilə hansısa nəticəyə ümid etmir.
Əvəzində isə bizdə hələ də müxalif qüvvələr ancaq dinc dəyişiklik mesajı verirlər. Sonra da deyirik ki, xalq niyə inqilab eləmir? Sən xalqı gecə-gündüz “dinc dəyişikliyə” kökləyib ondan necə inqilabçılıq tələ edə bilərsən? Sən xalqı “dinc dəyişikliyə” kökləyirsənsə, onda zəhmət çək, seçkini gözlə, inqilabı deyil! Xalq da gəlsin, həmişəki kimi səsini sənə verib dağılışsın.
Bax, ona görə deyirəm ki, xalq rejimin yalanlarına inanmır – bu, öz yerində, amma bəlkə o heç bizim doğrulara da inanmır? Məsələn, dinc dəyişikliklə bağlı. Bəli, ən doğru olanı dinc, qansız dəyişikliklər olardı, ancaq xalq bu həqiqətə inamını itiribsə, onda necə? O görürsə ki, onun səsi heç nəyi həll etmir, o görürsə ki, seçki bu ölkədə şou və komediyadan başqa bir şey deyil, o niyə “dinc dəyişikliyə” inanmaqda davam etməlidir?
Söhbət ondan getmir ki, guya “inqilabi dəyişiklik” yolu seçilsə, xalq dərhal meydanlara axışacaq, əsla. Heç yerdə inqilabı yüzminlər, milyonlar eləmir. Amma biz mənasızlığını görə-görə “dinc dəyişiklik” üçün qoyduğumuz gücün yarısını “inqilabi dəyişiklik” üçün xərcləsəydik, xalqın içindən az-çox inqilabçılar yetişdirmək mümkün olardı. Onun potensialı buna imkan verir.
Indi isə biz xalqın inqilab etməsini gözləyirik, amma heç kim soruşmur: bəs inqilabı etməli olan inqilabçılar hanı?!
Inqilabçısız inqilab gözləntisi – bu, özümüzü də, xalqı da, tarixi də barmağımıza dolamaqdan başqa bir şey deyil.
(II yazının sonu)