Sahibkarların qohumları təzyiq altında mətbuat konfransı keçirməkdən imtina etdiblər
Naxçıvanda həbs edilmiş sahibkar Nadir Məmmədovun həyat yoldaşının dünənə təyin etdiyi mətbuat konfransı təxirə salınıb. Buna mətbuat konfransı elan olunduqdan sonra ailəyə edilən hədələr səbəb olub. Elnurə Məmmədova telefonla bildirib ki, dünəndən onları naməlum adamlar hədələyir, hər beş dəqiqədən bir zəng edərək mətbuat konfransını keçirməməyi, artıq-əskik danışmamağı tələb edirlər. Əks halda Naxçıvana qayıdarkən onları “cəza” gözləyir.
“Mən çox istəyirdim ki, mətbuat konfransı keçirəm və hər şeyi danışam, amma qorxuram”, – E.Məmmədova bildirib.
Xatırladaq ki, naxçıvanlı sahibkarlar Nadir Məmmədov və Məmməd Qurbanov dekabrın 11-də Sədərək məhkəməsi tərəfindən istintaq dövründə 2 ay müddətinə həbs olunublar. Həbsə və sahibkarlara qarşı 315.1 və 315.2-ci (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) maddələrlə cinayət işinin qaldırılmasına dekabrın 8-də Sədərək gömrük məntəqəsində onlarla gömrükçülər arasında yaranmış münaqişə səbəb olub. Münaqişə isə M.Qurbanovun Türkiyədən gətirdiyi mallara görə rüşvət verməkdən imtina etməsi səbəbindən yaranıb. Bundan sonra mal müsadirə olunub, sahibkarlar döyülərək saxlanılıblar.


