AXCP sədri Əli Kərimli
Hakimiyyətin daha bir məkrli planını ifşa edək.
Ölkədə sosial gərginlik nəinki hər ay, hər həftə, hər gün artır. Ən müxtəlif əhali qrupları kiçik dəstələrlə haqsızlıqlara etiraz edir. Paralel olaraq cəmiyyətdə təbəqələşmə dərinləşir. Oliqarxlar, rüşvətxor vəzifəli şəxslər daha da varlanır, imkansız təbəqə daha da yoxsullaşır. Faktiki yarıdan çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayan xalq demək olar ki, hər gün hakimiyyətdə təmsil olunan oliqarxların, vəzifəli şəxslərin yeni-yeni korrupsiya əməllərindən, çirkli pullarından, uzun-uzadı əmlak siyahılarından xəbər tutur.
Hakimiyyəti o da narahat edir ki, uzun illər tətbiq edilən məhdudiyyət və repressiyalara baxmayaraq ölkədə gerçək müxalifəti məhv etmək mümkün olmayıb. Milli Şura və AXCP birliyi digər müxalifətçilərlə, vətəndaş cəmiyyəti təmsilçilərilə, müstəqil jurnalist və bloqçularla birlikdə ictimai rəyin çaşdırılmasının qarşısını ala bilir. İmkanların qeyri-bərabərliyinə baxmayaraq bu gün gerçək müxalifət və vətəndaş cəmiyyəti fəalları xalq tərəfindən hakimiyyətdən dəfələrlə çox dəstəklənir. Hakimiyyət reytinqini sürətlə itirir. Xalqımızın mütləq əksəriyyəti ölkədə tək adam – tək ailə iqtidarının bitməsini, azad, ədalətli seçkilərin keçirilməsini, hüquq və azadlıqların, hüququn aliliyinin, hakimiyyət bölgüsünün təmin edilməsini istəyir. Xalqımızın mütləq əksəriyyəti demokratik islahatlar tələb edir. Ölkəmizin gələcəyini qardaş Türkiyə ilə ittifaqı dərinləşdirməklə demokratik ölkələrin birliyi olan Avropa Birliyinə, Avroatlantik məkana inteqrasiyada görür.
Xalqın mütləq əksəriyyətinin hakimiyyətdən narazı, demokratik dəyişikliklərdən yana olması hakimiyyəti narahat edir. Ancaq rejim xalqın problemlərini həll etmək, demokratik açılıma getmək əvəzinə yenə də xalqa və müxalifətə qarşı məkrli planlar qurur. Bir çox müstəqil və nüfuzlu mənbər hakimiyyətin növbəti dəfə saxta “dövlət çevrilişi” şouları hazırlığından xəbər verir. Əlbəttə ki, məqsəd günü-gündən haqqını tələb edən xalqı və onun əsas təmsilçisi olan müxalifəti repressiyaya məruz qoymaqdır. Şərti olaraq “Azərbaycan üçün Qazaxıstan ssenarisi” adlanan plana görə, sosial narazılıq zəminində hansısa etirazların hakimiyyətin öz xəfiyyələri vasitəsilə zorakı iğtişaşa çevrilməsi və həmin zorakı iğtişaşa görə sadə insanların və müxalifətin kütləvi repressiyaya məruz qoyulması nəzərdə tutulur.
Hakimiyyət ideoloqları gələcək planı hazırlamaq üçün artıq piar kampaniyasına da başlayıb. Hakimiyyətə yaxın mətbuat və “müxalifətçi” adı altında gizlənmiş hökumət yandaşları Milli Şura və AXCP-nin “növbəti dəfə” rəngli inqilaba hazırlaşdığını artıq yazmağa başlayıblar. Ancaq yalançının yaddaşı olmaz prinspi burada da özünü göstərir. Bugünlərdə hakimiyyətin əsas sözçülərindən olan jurnalist bizi ABŞ və Qərb fondları ilə birlikdə rəngli inqilab etməyə hazırlaşmaqda ittiham edib. Hökumətə yaxın mətbuat da bu cəfəngiyyatı tirajlayıb. Elə həmin gün də hakimiyyətin “müxalif” partiya sədri adı altında gizlənmiş başqa bir yandaşı Milli Şuranı, nə qədər absurd olsa da, Rusiyaya bağlayaraq Putinin sifarişilə mitinqə hazırlaşmaqda ittiham edib. Belə təəssürat yaranır ki, hakimiyyət dəhlizlərində Milli Şura və AXCP -yə qarşı növbəti dəfə “dövlət çevrilişi” tələsi qurulsa da, budəfəki “rəngli inqilabı” hansı xarici ölkəyə bağlamaqla bağlı hakimiyyət daxilində hələ də son qərar verilməyib.
Hakimiyyətə yaxın mənbələrdən sızan məlumata görə, bəzi internet tv-lərin Milli Şura rəhbərliyinin müsahibələrinə qoyduqları şok başlıqlardan da Milli Şuraya qarşı təxribatlarda istifadə olunması nəzərdə tutulur.
Beləliklə, Milli Şuraya, AXCP-yə, əslində bütövlükdə xalqımıza qarşı bir cinayət hazırlanır. Qanunları pozmayan, dinc mübarizədən kənara çıxmayan insanları yenə şərləməyə hazırlaşırlar. Rəsmən bəyan edirəm, hökumət mətbuatının və yandaşlarının Milli Şura və AXCP -yə qarşı irəli sürdüyü iddialar ağ yalan və iyrənc iftiradır, müxalifəti şərləmək cəhdidir. Hakimiyyətdən tələb edirik ki, bu cinayətkar niyyətdən imtina etsin. Azərbaycan xalqı bilir ki, Milli Şura və AXCP hakimiyyət uğrunda zorakı mübarizəni rədd edir. Bəli, biz bu hakimiyyəti dəyişmək istəyirik. Bu hakimiyyətə qarşı müxtəlif tələblərlə mitinqlər etmişik və pandemiyadan sonra yenə də təşkil edəcəyik. Ancaq biz hakimiyyəti istisnasız olaraq dinc, konstitusion yolla, seçki ilə dəyişmək istəyirik və bir az tez, bir az gec xalqımız öz məqsədinə nail olacaq. Azərbaycanda da avtoritarizmə, ailə hakimiyyətinə, saxta seçkilərə son qoyulacaq. Xalq öz hakimiyyətini özü seçəcək və dəyişə biləcək. Hakimiyyətin heç bir təxribatı, məkrli planı onun labüd məğlubiyyətinin qarşısını ala bilməyəcək.