Tələbələrdən havayı iş qüvvəsi kimi istifadə olunur

Qərb Universitetinin tələbəsi Əhməd Məmmədli

Çalışıram ki, bütün daxili çıxış yolları tükənəndən sonra hansısa şəxsimə bağlı problemi ictimailəşdirim. Hərçənd təkcə mən yox, bir çox tələbələr bu hallarla qarşılaşır.

Belə ki, təhsil aldığım Qərbi Kaspi Universiteti/ Western Caspian University 4-cü kursun əvvəllərindən bizə praktika yerlərində seçim imkanı tanıyacağını vəd etmişdi. 4-cü kursun nəzəri mərhələsi bitəndən sonra heç üzünü görüb, tanımadığımız təcrübə mərkəzinin rəhbəri bizi icbari şəkildə “Fairmont Hotel”lə görüşə çağırdı. Sırf nələrin cərəyan etdiyini öyrənmək üçün görüşdə iştirak etdim. Hətta müsahibə mərhələsində də iştirak etdim. Halbuki mən və bəzi dostlarım səyahət agentliyində təcrübə keçmək istəyimizi bildirmişdik. Universitetin bizi yönləndirdiyi hoteli “istismarçı” adlandırdığım halda məni belə təcrübəyə dəvət etmişdi. Çünki istəkləri aydın idi – Havayı işçi qüvvəsi.

Özü də dövlət sifarişi olduğumuz halda praktika ilə bağlı heç xərcimiz qarşılanmır. Əlavə olaraq bizim ixtisasın təcrübə məsələləri ilə məşğul olmalı olan kafedra rəhbərliyi praktika məsələsindən uzaqlaşdırılıb. Yuxarıda oturan 1-2 nəfər öz arası yaxşı olan adamların hotellərinə aşağı şöbələrə bizi göndərmək istəyir və heç bir əmək haqqı ödəmədən 6-7 saat istismar etmək niyyətindədir.

Bəli, bunun istismardan başqa adı yoxdur. Hazırda alternativ olaraq təklif etdikləri Badamdar ərazisində yerləşən hotel ərazicə uzaq olduğu kimi nəqliyyat xərcləri də çoxdur. Bir qayda olaraq isə universitet onların təyin etdiyi praktika yerlərini seçmədiyimiz halda bizə diplom verməməklə təhdid edir və bu vəziyyətdə yaranmış narazılıqları həll etmək üçün məsul şəxs ortada yoxdur və ortaya çıxanda da ancaq tələbələri günahlandırmaqla məşğuldur. Halbuki praktika ilə bağlı əvvəlcədən bizə heç bir resurs təqdim edilməmiş və bizim rəylərimiz əsasında təyinat olacağı deyilmişdi. Amma yenə də aldadıldıq.

Çox uzatmadan məsələnin rahat şəkildə həlli üçün təkliflərimizi bildirirəm :

  1. Tələbələrə praktika yerlərində seçim imkanı tanınmalıdır. Kim səyahət agentliyi istəyirsə müvafiq olaraq ora, kim hotel istəyirsə, hoteldə istədiyi şöbədə praktika keçməlidir. Onsuz da buna görə tələbəyə minimum əməkhaqqı səviyyəsində belə ödəniş edilmir.
  2. Praktika yerləri seçilərkən tələbələrin yaşadığı ərazi nəzərə alınmalıdır.
  3. Praktika saatları 4-5 saat intervalında və tələbəyə müvafiq şəkildə tənzimlənməlidir.

Məni tanıyan hər kəs bilir ki, nəinki öz haqlarım, heç bir tələbənin hüquqları uğrunda mübarizədən çəkinən deyiləm və nəzərə alınmasa, bütün sivil etiraz metodlarından istifadə etməli olacağıq.