Gözü eynəkli ərəblər

Bəzi politoloqlar dünyanın gözünü kəlləsinə çıxaran inqilabları məzmunca XVII-XVIII əsrlər Avropa inqilablarına bənzədirlər. Bu inqilablarda dini şüarlar deyil, sırf demokratik, insan haqları kimi tələblər səslənir. Artıq ərəb və islam dünyası heç də avropalıların zənn elədiyi şəkildə tayfa-klan davası, bir şahın yerinə başqa şahın gəlməsi kimi bəsit savaş aparmır. Əlbəttə, bu, böyük irəliləyiş və böyük uğurdu. Fəqət fakt faktlığında qalır – islam dünyası Avropadan az qala 300 ilə yaxın bir intervalda geridə qalır.
Azərbaycanda isə sanki XVI əsrdi. Padşahlıq bəsirəti bağlanmış şəkildə, arın-arxayın öz işindədi. Üzlərinə vuran inqilab mehini hələ də bahalı kondisionerlərinin yeli zənn eləyirlər, hətta xoşhallanıb fil qulağında yatdıqlarını da söyləmək olar. Iki daşın arasında kommunal xərcləri qaldırır, vətəndaşlara illərlə verdikləri əza-cəzaları çoxaldırlar. Azərbaycan insanını son nöqtəyə qədər sınağa çəkirlər. Toplumdan səs çıxmadığı üçün daha da azğınlaşırlar.
Onlar insanların beynini yuduqlarına o qədər arxayındırlar ki! Beyinyuma Avropa istilahıdı. Bizlərdə buna bineyi-qədimdən manqurtlaşdırma deyiblər. Sadəcə, YAP iqtidarı hər nədə omasa da zərərli şeylərdə Avropayla daban-dabana gedir, tərəqqidə onlardan bir santim belə geri qalmır. Daha manqurtlaşdırma geridəqalmış üsul sayılır. Bunun yerinə beyinyuma var. Insanların ruhu da incimir. Əksinə, qanadlanır, özünü quş kimi azad hiss eləyir. Bütün seçimləri özünün etdiyini düşünür. Onu yenidən özünə qaytarmaq da manqurtu özünə qaytarmaq kimi deyil. Ana laylası-filan burda işə yaramır. Tam tərsi – ana laylasına mental geridəqalmışlıq kimi baxılır. Beyni yuyulmuşun xilası bir də beyninin yuyulmasından keçir. Tez-tez yuyulan varlığın da tez sıradan çıxdığını, yıprandığını hər kəs bilir.
HƏIZM beyinyuma əməliyyatlarından o qədər arxayındı ki, hətta xalqın gözünə öz həqiqətlərini – korrupsiyanı, avtoritarizmi, diktaturaya açıq həvəsi, monarxiya cəhdlərini, azadlıqların yerli-dibli boğulmasını, məhkəmə sisteminin əslində incəsənət sahəsi olmaqdan başqa bir şey olmadığını, kəsəsi, vətəndaşın dərisini necə soyduqlarını açıq-aşkar sərgiləsələr də, beyni yuyulmuşlar bunu həqiqət kimi deyil, yuxu zənn eləyirlər. Yuyulmuş beyinlərin öz həqiqəti var. Sən ona “filan şey filandı”,- deyirsən, o isə beyninə yerləşdirilmiş hazır cavabı qaytarır sənə: “Guya başqası gəlsə bundan yaxşı olacaq?”.
Diktaturaların əksəriyyəti seriala – sabun operalarına bənzəyir. Uzunçuluq diktaturaların şüşədə olan canıdı. Sabun operalarına bəzən köpük operaları da deyirlər. Diktaturalar da seriallar kimi nə qədər acı bağırsaq kimi uzansa da, qəfildən köpük kimi partlayır, hər şeyin üstü açılır və demək olar ki, hamısında bənzər sonluq olur. Hər şeyin köpük olması qəfildən sadəlövh tamaşaçıya bəlli olur. Əslində, serial başlayandan bəri bildiyi bir sonluqla qarşılaşdığını görür, özünü söyür, sonluğu bilə-bilə illərini bir seriala verdiyinə görə ağlını yamanlayır, boşu-boşuna axıtdığı göz yaşları üçün təpəsinə döyür, xəcalət çəkir və bir də seriala baxmayacağına söz verir…sə də, ama yenə həyası olmur. Bəzən elə olur ki, bir serial müddətində ağlamaqdan seyrçilərin gözü korşalır, zəifləyir, nurunu itirir. Serialın başlanğıcında sağlam gözlə seyrə başlayan tamaşaçı, sonda tamaşanı eynəklə tərk eləyir. Onda ayılır ki, artıq ömür gedib. Serial qəhrəmanları öz kefində-damağındadı. O isə… hələ də kölə olaraq qalır.
Indi eynəkli ərəblər uzaqdan Azərbaycana baxıb din qardaşlarının halına acıyırlar. Buralarda isə heç nə olmamış kimi məmur oliqarxlar hələ də mal-mülk üstündə bir-birinin ətini yeyirlər. Söhbət ayıların ətindən yox, insan ətindən gedir.