Qızlarını oxutmayan “Seyidlər”: “Oğlanlar məktəbə getməyən qızlarla evlənmək istəyir”

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində qızların məktəbdən yayınma halları var.  Kənd sakinləri qızlarını məktəbə göndərməyə ehtiyat edirlər. Onlar bunu həm də adət-ənənələrlə əlaqələndirirlər, deyirlər ki, məktəbə gedən qızların ata-anaya qarşı fikri dəyişir.

 “Adını yaza bilsin, bəsdir”

“Toplum TV”-nin Maştağada keçirdiyi sorğu nəticəsində bəlli olur ki, qəsəbənin mərkəzi hissəsində qızlarını məktəbə göndərənlər daha çoxdur. Kənd sakinləri “Seyidlər” məhəlləsində qızların məktəbə getmədiyini deyirlər.

“Bəzi adamlar var, hə, hələ də qızlarını məktəbə qoymur. Amma əksəriyyət göndərir. Məktəb özü də tələb edir. Siz “Seyidlər” məhəlləsinə gedin. Qızlarını məktəbə göndərməyənlər daha çox ordadır”, – qəsəbə sakinlərindən biri bizi belə istiqamətləndirir.

“Seyidlər” məhəlləsinin sakinləri deyilənləri inkar etmirlər, qızları məktəbə buraxmadıqlarını təsdiq edirlər. Onlar deyirlər ki, qızlar 3-4-cü sinfədək məktəbə gedirlər.

“XXI əsrdir, hər şey inkişaf edir. İstər-istəməz ailələr öz qızlarını məktəbə göndərməyə ehtiyat edir. Dünyagörüşü artır, gözü açılır, evə gələndə ata-anaya qarşı fikri dəyişir. Belə götürəndə, hə, təhsil yaxşıdır. Qız  xeylağıdır, çox şeyi bilmir. Gedir, öyrənir, müəyyən yaşdan sonra dəyişikliklər olur.  Adını yaza bilsin, qol çəksin. Əsas məqsəd budur”, – adını söyləməyən məhəllə sakini  deyir.

Bu haqda danışmağa çox da həvəsli görünməyən məhəllə sakinləri əvvəldən qızların məktəbə göndərilmədiyini söyləyirlər. Onlar “Seyidlər”də qızlarının oxumasına icazə verənlərin daha çox “gəlmələr”, yəni bura yaşamağa sonradan gələnlərin olduğunu vurğulayırlar.

“Yerlibazlıq kimi çıxmasın ha. Qızlarını məktəbə göndərənlər də onlardır. Amma kənd camaatının çoxu 1,3, ən çox 5-ci sinifə qədər oxudur. Belə də qalar yəqin”.

Söhbətə qoşulan market satıcısı da bunu təsdiq edir: “Çətini imzasını çəkənə qədərdir, ondan sonra məktəbə buraxmırıq. Oğlanların məktəbə getməsində problem yoxdur. Qızların oxumağının nə xeyri var? İş yerində də qızların qabağına qeyri-adi şərtlər qoyurlar. Mən qadına əlimi toxundurmaram, biz belə görmüşük. Amma hamı bizim kimi deyil. Cəmiyyət arasında pisniyyətli oğlanlar var”.

“Oğluna qız bəyənən valideynlər biləndə ki, qız məktəbə az gəlir, razı qalırlar”

“Seyidlər” məhəlləsinə yaxın ərazidə yerləşən 209 saylı tam orta məktəbdə də qızların məktəbə buraxılmaması hallarının olduğunu təsdiq edirlər. Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Cabbarova hələ də təhsildən yayınan qızların olduğunu deyir.

209 saylı tam orta məktəb – Toplum TV

“Əvvəllər daha çox idi. İndi əvvəlki kimi olmasa da müəyyən qədər problemlər qalır.  Ərazi elədir ki, ata, əmi icazə vermir, nənə qoymur. Xasiyyətləri belədir”.

Onun sözlərinə görə, məktəbə gedən qız bəzi ailələrdə gəlin namizədi kimi qəbul edilmir.

“Bəzən oğluna qız bəyənən analar gəlib məndən də fikir öyrənirlər. Deyəndə ki, yuxarı siniflərdə məktəbə az gəlirdi, görürəm razı qalırlar. Oğlanlar özləri də məktəbə getməyən qızlarla evlənmək istəyirlər. Bunlarda fikir budur ki, qız evdə oturmalıdır. Evdən bayıra çıxmaq olmaz”,- direktor müavini əlavə edir.

X.Cabbarova evlərə gedib söhbətlər aparıdıqlarını deyir: “Biz ailələri tanıyırıq. Evdə daha çox kimin sözü keçir onunla söhbət edirik. Burdakılar dindardır, söhbət zamanı fikirlərindən daşındırmaq üçün onların inanclarından da istifadə edirik”.

“9-cu sinifdən məzun olanların 30%-i 10-cu sinfə keçmir”

Ötən ilin sonlarında Təhsil Nazirliyi “Toplum TV”nin qız uşaqlarının təhsildən yayınması ilə bağlı sorğusuna cavab verib. Nazirliyin məlumatında qeyd olunur ki, 9-cu sinifdən məzun olanların ümumilikdə 30%-i 10-cu sinfə keçmir. Onlardan bəziləri peşə, orta ixtisas məktəblərinə getməklə təhsillərini davam etdirir, bəziləri isə müstəqil həyata atılırlar.

Maştağa – Açıq mənbələrdən götürülüb

Rəsmi statistikaya görə, 2020-2021-ci illərdə ümumilikdə 59 457 nəfər 9-cu sinifdən məzun olub. Onlardan 46 171 nəfəri təhsilini orta məktəbdə, 4 090 orta ixtisas müəssilərində davam etdirib, 4 875 nəfər isə ümumilikdə təhsilini davam etdirməyib. Nazirliyin açıqladığı statistikada 3 617 nəfərin təhsil alıb-almaması haqqında məlumat yoxdur.

Nazirlik orta məktəbdə qızların təhsildən yayınmaması üçün konkret olaraq hansı tədbirlər gördüyünü açıqlamayıb.

İcra Hakimiyyəti: “Xəbərimiz yoxdur”

Məsələ ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına müraciət etdik. Komissiyanın məsul katibi Səbahət Hümbətova qurumun yalnız müraciət əsasında problemləri araşdırdığını bildirdi. Onun sözlərinə görə, 209 saylı məktəbdən qızların təhsildən yayınmasıyla bağlı komissiyaya müraciət daxil olmayıb deyə, məsələdən xəbərsizdirlər: “Məlumat daxil olmalıdır ki, problemə reaksiya verək. Məktəb direktorunun borcudur ki, dərsdən yayınan şagirdləri araşdırsın, araşdıra bilməyəndə də bizə müraciət etsin. Biz qapını döyüb soruşmamalıyıq, kim məktəbə gedir, kim getmir. Bizim məktəblərdə monitorinq aparmaq səlahiyyətimiz yoxdur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu isə müraciətimizdən sonra məsələni araşdıraraq qurumun Sabunçu rayon İcra Hakimiyyətinə və kənd bələdiyyəsinə müvafiq tapşırıqlar verdiyini deyib.

Teymur Mərdanoğlu – Açıq mənbələrdən götürülüb

“Təhsil haqqında” qanuna görə, fiziki sağlam, məktəbə yaşı düşən hər kəs təhsil almalıdır. İnzibati Xətalar Məcəlləsinə görə, əgər valideyn bu öhdəliyi yerinə yetirməzsə, cərimələnir.

“Təhsil Nazirliyi qızların təhsildən yayınması ilə bağlı konkret addımlar atmayıb”

Təhsil üzrə ekspert Kamran Əsədov da kənd məktəblərindən qızların təhsildən yayınmasının daha çox mental dəyərlərlə əlaqəli olduğunu vurğulayır.

“Bəzi hallarda valideynlər uşaqlarını məktəbə göndərməkdən çəkinirlər. Eləsi də var, övladının adı məktəbdə gedir, özünü evdə iş gördürmək üçün saxlayır”.

Ekspert  valideynlərin bir narahatlığını da bölüşür: “Onlar valideynlər cəmiyyətdə baş verən pis hadisələrin övladlarının psixologiyasına da mənfi təsir göstərəcəyini düşünürlər. Biz isbatlamalıyıq ki, məktəbdə normal tədris mühiti var”.

O hesab edir ki, valideynlərin rahat olması üçün məktəblərə kameralar quraşdırılmalı və alternativ təhsilalma formatı yaradılmalıdır.

Kamran Əsədov – Sosial Media

“Kimsə ailə vəziyyətinə görə tədris prosesində ənənəvi qaydada iştirak edə bilmirsə, onlayn rejimdə distant təhsilə qoşulmalıdır. Onun təhsilalma hüquqları təmin olunmalıdır”.

Kamran Əsədov xatırladır ki, uşaqların təhsilə cəlb edilməsi Təhsil Nazirliyinin üzərinə düşən bir vəzifədir və qurum bu problemlə bağlı konkret addımlar atmayıb. Onun dediyinə görə, uşaqların təhsildən yayınmasıyla bağlı informasiya varsa, nazirlik müvafiq qurumlar qarşısında vəsatət qaldırmalı və məsələnin həllinə nail olmalıdır.

“Təhsil Nazirliyi qızların təhsildən yayınması ilə bağlı konkret addımlar atmayıb. Əgər atsaydı, ortada belə nəticə olmazdı”, – təhsil eksperti vurğulayır.

Toplum.tv