İmitasiyalara aldanmaq haqqımız yoxdur
Əslində zaman bizə çox şeyi öyrətməliydi. Ötən illər ərzində nə qədər oyunların, çirkin ssenarilərin, siyasi nağılların, dönüklüklərin, namərdliklərin, islahat şoularının şahidi olduq. Bu qədər olanlardan sonra aldanmağa, təsir altına düşməyə, boş ümidlərə qapılmağa haqqımız yoxdur. Avtoritarizmin missiyası, mahiyyəti dəyişmir. Hansısa icra başçısının, siyasi dələduzun, nazirin işdən çıxarılması, həbs olunması müsbət dəyişikliyə xidmət məqsədiylə həyata keçirilsəydi, bu gün Azərbaycan qanunun şah olduğu ölkəyə çevrilərdi. Əgər hansısa icra başçısının korrupsiyaya görə həbs olunması, hansısa deputatın oğurluğuna son qoymursa, deməli, aparılan “təmizləmə əməliyyatları” imitasiyadı. Ramizin başını gilyotinə qoysalar, Feyziyevi oda atsalar heç nə dəyişməyəcək. Seçki saxtakarlığına, repressiyalara, qiymət artımlarına, süründürməçiliyə son qoyulmayacaq. Əgər bir korrupsionerin həbsindən sonra siyasi məhbuslar azad edilsəydi, bir dələduz işdən çıxarıldıqdan sonra seçki islahatlarına start verilsəydi, bir natəmiz məmur cəzalandırıldıqdan sonra, monopoliyalar ləğv olunsaydı, islahatlara inam artardı, hökumətin niyyətinin saf olduğu aydın görünərdi. Amma biz gördük ki, “dialoq” adı altında “avtobus müxalifəti”, “azad mətbuat” adı altında asılı jurnalistika yaratdılar. Bütün fəaliyyətlər görüntü yaratmağa xidmət etdi. Ümumiyyətlə, avtoritarizm fərdlərin özfəaliyyəti, hansısa məmurun pis yola düşməsi deyil. Avtoritarizmdə neqativlər idarəçilik formasıdır və vəzifəli şəxslər bu “qayda”larla yaşayırlar. Həm də avtoritarizmin öz balalarını yemək ənənəsi var. Çünki komandanı mənəvi dəyərlər yox, maddi maraqlar birləşdirir.
Bir sözlə, xilas üçün hansısa məmurun sıradan çıxarılması yox, xalqın sıraya qayıtması əsasdır. Rövnəqlər gedər, qaz limitləri qalar. Səlimlər gedər, sosial fəlakətlər davam edər. Azadlar gedər, idman legionerlərdən asılı qalar və.s Yəni, gedənlər “xəstəlik”ləri özləriylə aparmır, apara da bilməzlər.
Bəlaların getməsi üçün, xalqın gəlməsi şərtdir. Bu xəstəliyin “vaksin”i xalqın iradəsidir.