Prokuror keçmiş başçıya işi açılmasını istədi

Quba məhkəməsində maraqlı gəlişmə

17 dekabrda Quba rayon Məhkəməsində Füzuli Pənahovun sədrliyi ilə 1 mart hadisələrində təqsirləndirilən 7 nəfərin işi ilə bağlı şahid ifadələri dinlənilib. Prosesin başlanğıcında vəkil Rauf Kazımov vəsatət verərək keçmiş icra başçısı Rauf Həbibovun müşavirədə etdiyi çıxışın montaj edilib-edilməməyi ilə bağlı ekspert rəyini onlara təqdim etməsini istəyir. Hakim Füzuli Pənahov şahid ifadələrindən sonra sənədlər təqdim edilərkən bu rəyin də göstəriləcəyini bildirir.

Rauf Kazımov: “Quba hadisələri ilə bağlı 3 proses gedir, onların hər üçündə bu vəsatəti qaldırmışam, amma təmin olunmayıb. Bu işdə həmin çıxışla bağlı ekspert rəyi yoxdursa, bu uşaqlar niyə tutulub? Əgər Rauf Həbibovun çıxışı montaj deyilsə, demək bu uşaqlara verilən maddələrin tərkibi yoxdur. Və buna görə Rauf Həbibova qarşı cinayət işi açılmalıdır”.

Dövlət ittihamçısı: “Sən Rauf Həbibovun həbsi ilə bağlı vəsatət ver, mən səni müdafiə edəcəm”.

Bu dialoqdan sonra təqsirləndirilən şəxs Habil Əliyevin həyat yoldaşı Aynurə Əliyeva ötən prosesdə yarımçıq qalan ifadəsini tamamlamaq üçün kürsüyə çağırılır. A.Əliyeva bildirir ki, həyat yoldaşı 1 mart mitinqində iştirak etməyib. “Biz həmin gün xəstəxanada idik. Uşaqlarımız göy öskürək olmuşdular deyə həkimlər onların yanında qalmaq üçün bizə otaq ayırmışdılar. 19 marta qədər uşaqlarımızın yanında qaldıq. Bunu orada çalışan Xəyal həkim, Səidə xanım da təsdiq edə bilərlər”.

Şahid deyir ki, H. Əliyev 1 mart günü icra başçısının evi yanarkən ona tamaşa edib. Bundan sonra xəstəxanaya qayıdıb. Qeyd edək ki, H. Əliyev həm də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Həmin ittihamla bağlı təqsirləndirilən şəxsin həyat yoldaşı A.Əliyeva ifadə verərək, mübahisənin yaranmasında Sahib Bağırovu günahlandırıb. “Sahib taksikomandır, ona görə də 25 yaşında iflic olub. O adam özü-özünə xəsarət yetirib. Mənim yoldaşım onun söyüşlərini eşidib küçəyə çıxanda əlində heç bir əşya olmayıb. Habil Qarabağ müharibəsinin iştirakçısıdır. O, döyüşdə xəsarət alıb, 14 B nevro psixi xəstə gedir”.

Prokuror şahidin təqsirləndirilən şəxsin yoldaşı olduğuna görə bu hadisə barədə daha ətraflı danışmasını istəmir. Bu zaman təqsirləndirilən Habil Əliyev cinayət işini araşdıran müstəntiq Rövşən Turabovun Sahib Bağırovla qohum olduğunu vurğulayır.
Daha sonra ticarətlə məşğul olan Rahim Afşarlı şahid qismində ifadə verərək 1 martda İcra Hakimiyyətinin qarşısında olduğunu və oradan işə getdiyini bildirir. “Mən mitinqə getmişdim, icra başçısının istefasını istəmişdim. Bir də icra başçısının evinin yanında olmuşam. Evin yanmağına tamaşa edirdim”.

Prokuror Soltanməhəmməd İsmayılov: Toy idi tamaşaya getmişdin?
Şahid: Neyləməliydim ki?
Prokuror: Sən mənə sual verirsən?
Şahid: Neyləməliydim ki?
Prokuror: Nə azarın var idi orada?
Şahid: Baxırdım.
Prokuror: İcra Hakimiyyətinin qarşısına niyə getmişdin?
Şahid: İcra başçısının istefasını istəyirdim.
Prokuror: Raufu sən vəzifəyə təyin etmişdin?
Şahid: Yox, onu prezident təyin edib.
Prokuror: Bəs sən “İstefa” deməklə onu işdən çıxaracaqdın?
Şahid: Bəs o niyə camaatı niyə təhqir edirdi?
Prokuror: Ev yananda baxmağa gedirlər, yoxsa onu söndürməyə?
Şahid: Mən pajarnıyam?! (zaldakılar gülürlər)
Prokuror: O evi kim yandırmışdı?
Şahid: Bilmirəm.
Prokuror: Sənin haqqında məsələ qaldıracam.
Şahid: Qaldır
Prokuror: Problem olar sənin üçün.
Şahid: Olsun.
Şahid vəkilin sualını cavablandıraraq əsgərlərin gözyaşardıcı qaz vurduqdan sonra mitinq iştirakçılarının aqressivləşdiyini deyir. Növbəti şahid Samir Aslanov fəhlə işlədiyini bildirir. O, nə yazmaq, nə də oxumaq bilmədiyini çatdırır. Vəkil Nadir Lalayev ittiham aktında şəxsin ifadəsinin olmadığını və digər ifadə ilə birləşdirildiyini irad tutur. Şahid S.Aslanov ifadə verərək 1 mart günü heç nəyə şahidlik etmədiyini deyir. Vəkil bildirir ki, o, şahid qismində heç bir faktı təsdiq etmədiyinə görə, məhkəməyə çağırılmamalı idi. Prokuror şahidə ibtidai istintaqda verdiyi ifadəni göstərir, S. Aslanov oradakı xəttin və imzanın ona aid olmadığını deyir.

Maşın ustası işlədiyini deyən Mətləb Heydərov təqsirləndirilən Habil Əliyevin işi üzrə ifadə verərək, onun Sahib Bağırovla dalaşdığını bildirir. “Habil dükandan siqaret alanda Sahib əlində iki pivə butulkası sındırıb Habilə hücum elədi. Mən və dükan sahibi onları ayırdıq. Habil evinə getdi. Gecə yarı yenə qışqırıq, söyüş etdim, bayıra çıxdım ki, Sahib Habilin evinə gəlib. Mən evdən çıxanda gördüm ki, Sahibin atası oğlunu aparır. Bir neçə dəqiqə sonra yenə qışqırıq səsi gəldi, bayıra çıxdım ki, ikisi də yerdədirlər. Davanın səbəbkarı Sahib idi. O, Habilin ailəsini söyürdü”.
Şahid deyir ki, dava zamanı Habilin əlində heç bir alət görməyib.

Daha sonra bu işdə adı keçən Sahib Bağırovun atası V. Bağırov dindirilir. O deyir ki, gecə saat 1-2 radələrində evlərinin qarşısında qışqırıq səsləri eşidib küçəyə düşüb. “Gördüm ki, oğlumla Habil əlbəyaxadırlar. Onları ayırmağa çalışdım, amma bu vaxt Habil bıçaqla oğlumun ayağından vurdu. O, oğlumu vurandan sonra evə getdi, mən də uşaq üçün təcili yardım çağırdım. Sahibi xəstəxanaya apardılar”.

Prokuror: Sənin oğlunla Habilin arasında nə iş var idi?
Şahid: Bilmirəm.
Prokuror: Hadisə sənin oğlunun təqsiri ucbatından baş verib.
H. Əliyevin vəkili Rauf Kazımov şahiddən hadisə baş verən gecə görmə məsafəsinin nə qədər olduğunu soruşur.
Şahid: 10-15 metr.
Təqsirləndirilən Habil Əliyev şahidin görmə qabiliyyətinin dəqiqləşdirilməsini istəyir.
Digər təqsirləndirilən şəxs Akif Əliyev iki ailənin barışmasını təklif edir. S. Bağırovun atası H.Əliyevdən şikayətçi olmadığı haqqında ibtidai istintaqa ifadə verdiyini deyir.

Vəkil Nadir Lalayev vəsatət verərək, şahid Elçin Əliyevin məhkəməyə gətirilməsini istəyir. O deyir ki, şahidin istintaqa verdiyi ifadədə ziddiyyətlər və qərəz var. “Onun ifadəsi saxtadır, ona görə də məhkəməyə gəlməkdən qorxur. Keçən dəfə də o şahid kimi dindirilmədi”. Hakim vəsatəti təmin edərək E. Əliyevin gələn məhkəmə prosesinə gətiriləcəyini bildirir.

Daha sonra məhkəməyə qatılan polis işçiləri Vüsal Əmrullayev, Ariz Dəmirov, Arif Əlmuradov ibtidai istintaqa verdikləri ifadələri təsdiq etdiklərini bildirirlər. A. Əlmuradov təqsirləndirilən Akif Əliyevi 5 ildir tanıdığını və onun çalışdığı İdman Kompleksində həftədə iki gün məşq etdiyini bildirir. “1 martda Akifi sahə müvəkkili Muxtarla mübahisə edərkən görmüşəm. Mən də onları mübahisə etməməyə çağırmışam və Akif sözümə baxaraq oradan uzaqlaşıb. Onu nə daş atan , nə də ev yandıran görməmişəm”.
Vəkil Abusalat Şahmirzəyev Xaçmaz rayon Məhkəməsində 1 mart hadisəsi ilə bağlı baxılan məhkəmə işdə Xəyal TV-dən götürülən iki flaş diskin olduğunu deyir. O, həmin disklərdə Rauf Həbibovun müşavirədəki çıxışı və onun montaj olunmuş hissəsinin yer aldığını bildirir. Vəkil vəsatət verir ki, həmin görüntülər bu məhkəmə prosesində də göstərilsin. Hakim vəsatəti təmin edir.

Digər şahidlər məhkəmə prosesinə gəlmədiklərinə görə növbəti çəkişmə 20 dekabr saat 10:30-a təxirə salınır.  

Qeyd edək ki, məhkəmə prosesində Səfər Qəribov, Zimistan Əmiraslanov, Akif Əliyev, Habil Əliyev (həbsdə), Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərovun işinə baxılır. Onlar Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 233 və 315.2 (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxs Habil Əliyev isə Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2, 233, 315.2, 127.2.3, 221.3-cü maddələri ilə ittiham olunur.

“Bizim Yol”