Azərbaycan qazı demokratiyanın önünü kəsirimi?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı


AB ilə energetika əməkdaşlığı təkcə kommersiya deyil, həm də geosiyasətdir.

Dostlar soruşurlar ki, Ukrayna hadisələri fonunda Avropa Birliyinin Azərbaycanla energetika sahəsində əməkdaşlığı və Avropaya qazı ixracının önəminin artması mövcud rejimi daha da möhkəmləndirməyəcək ki?
Avropanın Azərbaycan qazına ehtiyacının artmasına heç də avtoritar rejimi möhkəmlənəcək proses kimi baxmaq olmaz. Niyə?
1) Əvvəla ona görə ki, 4 fevralda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla AB genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Var Heyli arasında keçirilən görüşdə AB ilə Azərbaycan arasında iki tərəfli sazişin yekunlaşdığı bildirilib. Bu günə qədər bu sazişin imzalanmamasının əsas səbəblərindən biri də, AB- nin israr etdiyi demokratik azadlıqlar və azad iqtisadi rəqabətlə bağlı müddəalar ətrafında yaranan fikir ayrılıqları idi. AB bu prinsiplərindən geri çəkilməyibsə demək ki, Azərbaycan güzəştə məcbur olaraq bu öhdəliklərlə razılaşmalı olub. Bu halda Azərbaycanın Avropaya qaz ixracı AB – nin demokratiya tələblərini nəinki aradan qaldırmayacaq, imzalanması gözlənilən ikitərəfli saziş çərçivəsinə bu tələblər ölkəmiz üçün hüquqi öhdəliyə çevriləcək. Bir də ki, söhbət hansısa güzəştlərin müqabilində AB yə qaz ixracından getmir. Onsuz da Azərbaycanla AB arasında indiyə qədər energetika sahəsində əməkdaşlıq vardı. Məhz bu əlaqələr çərçivəsində ötən il Cənubi Qaz Dəhlizi vasitəsi ilə AB- yə 7 mlrd kub metr qaz ixrac olunub və bu il ixracın 10 mlrd kub metrə qaldırılması nəzərdə tutulub. AB – nin narahatlığı sadəcə Ukrayna hərbi müdaxilə olarsa, Rusiyanın AB – yə qaz ixracını dayandıracağı ilə bağlıdır. Bu zaman Azərbaycanın da Moskvanın göstərişi ilə belə bir addım atacağı ehtimalı Avropanı enerji təhlükəsizliyi baxımından narahat edir. Görünür ki, iki tərəfli müzakirələrdə Azərbaycan iqtidarı bütün hallarda Avropaya qaz ixracını dayandırmayacağı ilə bağlı təminat verdiyi üçün AB ölkəmizə iqtisadi sərmayə planı çərçivəsində 2 mlrd avroluq maliyyə paketi ayırmağa qərar verib. Aydın görünür ki, Azərbaycan rəhbərliyinin bu təminatı müqabilində AB demokratiya tələblərindən geri çəkilməyi deyil, 2 mlrd avroluq maliyyə paketini təklif etməyi seçib.

  1. Əgər Azərbaycan Rusiyanın Avropaya qaz ixracını dayandıracağı təhdidi qarşısında AB yə qaz nəqlinin davamlı olacağına təminat verirsə, bu, təkcə kommersiya məsələsi olmayıb, həm də geosiyasi seçim deməkdir. Aydındır ki, Azərbaycan bu mövqeyi Moskvada heç də xoş qarşılanmayacaq. İndiki halda Azərbaycanın AB ilə energetika sahəsində əməkdaşlığına bütövlükdə əlaqələrin inkişafı kontekstindən yanaşmaq gərəkdir. Bu baxımdan Azərbaycanla AB arasında bütün sahələri əhatə edən əməkdaşlığın dərinləşməsi Qərbin ölkəmizdə demokratik proseslərə daha çox təsir göstərmək imkanının artıra bilər .
    Ona görə də bu gün AB ilə Azərbaycan arasında energetika sahəsində gedən müzakirələri demokratiya və insan haqları prinsiplərində geri çəkilmək kimi təqdim etmək doğru deyil.