Klassik Xalq Cəbhəsi Partiyasının Imişli rayonunda yaşayan üzvləri birgə bəyanatla çıxış edib. 91 nəfərin imzaladığı bəyanatda bildirilir ki, Azərbaycanda azad və demokratik cəmiyyət, hüquqi dövlət quruculuğunun yolu mövcud hakimiyyətin süqutundan keçir. Bunun da reallaşdırılması Rəsulzadə-Elçibəy ideoloji-siyasi kursuna sadiq siyasi qüvvələrin, ictimai birliklərin, ayrı-ayrı nüfuzlu şəxslərin və rejimə qarşı real müxalif mövqedə dayanan demokratik qüvvələrin birliyi hesabına mümkündür.
“KXCP-ni siyasi proseslərin mərkəzində görmək arzumuzu və ümidimizi ifadə etməklə yanaşı, partiya rəhbərliyinin indiki anlaşılmaz mövqeyinə təəssüfləndiyimizi bildiririk. Regionda və Azərbaycanda baş verən siyasi proseslərin əhəmiyyətini dərk edən, tarixi və siyasi məsuliyyətini başa düşən Imişli cəbhəçiləri olaraq, ”Demokratik Birlik” fraksiyasının yuxarıda qeyd edilən məsələlərlə bağlı mövqeyini alqışlayır, KXCP-nin Imişli rayon şöbəsinin bərpa edildiyini bildirir və bundan sonrakı fəaliyyətimizi fraksiyanın tərkibində davam etdirəcəyimizi bəyan edirik”, – deyə bəyanatda qeyd olunur.


