Türkiyədə İntiqam Əliyevin məhkəməsi başladı

Dekabrın 17-də Türkiyənin Bəkirköy İlkin İnstansiya Məhkəməsində azərbaycanlı hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəməsi keçirilib.

Məhkəmənin gedişatı barədə Türkiyədən “Media forum” saytına məlumat verən İntiqam Əliyev deyib ki, prosesdə onun hüquqlarını İstanbul Vəkillər Bürosunun 5 tanınmış vəkili təmsil edib. Şikayətçi tərəfdən məhkəmədə gömrük polisinin əməkdaşı Hüseyn Kunt iştirak edib. Onun ifadəsi dinlənib.

İntiqam Əliyevin sözlərinə görə, Hüseyn Kunt vəkillərin bəzi suallarını cavablandırıb, amma sonra hakim Hənifə Onərə şikayət edib ki, onlar vəkildirlər, mən onların qabağında dayana bilmərəm.

Bundan sonra vəkillər İntiqam Əliyevə qarşı zorakılıq edən əsas polis əməkdaşlarının – Ələddin Sarıkayanın və Sərvət Ərkaracanın məhkəmə prosesinə gəlməsi üçün vəsatət qaldırdılar. Vəsatət təmin edilib.

İntiqam Əliyev prosesdə çıxış edib. O deyib: “Polisin zorakılıq etməsi yaxşı hal deyil. Buna baxmayaraq, bütün dünyada polis zorakılığı olur. Amma qorxulu olan zorakılıq edən polislərin dövlət, onun məhkəməsi, prokurorluğu səviyyəsində himayə edilməsidir. Bu, çox təhlükəlidir”.

Proses 2013-cü il aprelin 3-dək təxirə salınıb.